page


Ön söz əvəzi

Əziz dostlar!

Hamınızı ürəkdən salamlayır və saytı ziyarət etdiyinizə görə hər birinizə təşəkkürümü bildirirəm.

 

Saytın yaradılması zərurəti

 

İnsanların sağlamlığının qorunması və möhkəmləndirilməsi, həyat səviyyəsinin yüksəldilməsi, əhaliyə göstərilən tibbi xidmətin yaxşılaşdırılması və təkmilləşdirilməsi həmişə diqqət çəkən ən vacib, ümdə məsələlərdən biri olub.

Hamıya məlumdur ki, istənilən problemin həlli onun yaxşı öyrənilməsindən başlayır. Elmi nailiyyətlərin inqilabi dəyişikliklərə gətirib çıxardığı, texnologiyanın sürətlə inkişaf etdiyi XXI əsrdə «informasiyalı cəmiyyət quruculuğu» dövlətlərin əsas siyasətinə çevrilib. Bu siyasətin əsas fəlsəfəsi bütün insanların zəruri bilgilərə olan tələbatını ödəməkdən, ideya və düşüncələri sərbəst paylaşmaq üçün sosial kommunikasiya mühiti yaratmaqdan ibarətdir.

Yaxşı haldır ki, Azərbaycanda informasiya texnologiyalarının kütləviləşməsi, bu sahənin inkişafı üçün son dövrlər nəzərəçarpacaq addımlar atılıb, zəruri qərarlar qəbul edilib.  Hazırkı vaxtda ana dilimizdə elmi materialla zəngin veb-saytların yaradılmasını arzulayan insanların sayı hədsiz dərəcədə artıb. Belə bir zərurətdən çıxış edərək Azərbaycan dilində psixiatrik-seksoloji biliklər bazası yaratmaq qərarına gəldim.

 

Saytın məqsəd və vəzifələri

 

Təqdim edilən sayt ruhi-əsəb və cinsi sahələrə aid problemlərlə əlaqədar düzgün və mötəbər məlumat axtaran insanlar üçün nəzərdə tutulub. Onun yaradılmasında güdülən başlıca məqsədlər aşağıdakılardan ibarətdir:

– psixiatriya və seksologiya üzrə zəruri elmi informasiya açıqlığı səviyyəsinin yüksəldilməsi;

– psixi və seksual sağlamlıq məsələlərinə dair əhalinin maarifləndirilməsi, insanlara lazımi biliklərin çatdırılması, müxtəlif məsələlərin hərtərəfli işıqlandırılması və dolğun elmi məlumatların çatdırılması;

– ailədə, iş yerlərində, cəmiyyətin hər hansı sahəsində xoşagəlməz və qeyri-əlverişli psixoloji faktorların eliminasiyası üçün zəruri şərtlərin açıqlanması;

– psixosomatik və psixoseksual inkişafın mümkün pozuntu və kənarlanmalarının vaxtında uğurla qarşısının alınması üçün görülməsi vacib sayılan tədbirlərin işıqlandırılması.

Söz yox ki, saytın yaradılması şəxsi təşəbbüslə atılan addımdır. Ancaq ona neçə illər ərzində müxtəlif ədəbiyyatlardan, mötəbər mənbələrdən əxz edilən bilik və məlumatlar daxil edilib. Belə bir resursun faydalı informasiya tapmağa imkan verə biləcək bir baza rolunu oynamasından ötrü aşağıdakıların həyata keçirilməsi planlaşdırılır:

– dünya psixiatriya və seksologiyası nailiyyətlərinin təqdim olunması;

– Azərbaycandilli oxuculardan bir qisminin ingilis, rus və başqa dilləri bilməyi və beynəlxalq mənbələrə çıxışı nəzərə alınaraq düzgün baxışların formalaşması naminə bəzi məsələlərlə bağlı maraqlı məlumatların yer aldığı əcnəbi dillərində olan lazımi mənbələrin göstərilməsi;

– psixiatr və seksoloqların fəaliyyətinin əsas istiqamətlərinin işıqlandırılması;

– psixiatrik və seksoloji xidmətin göstərilməsinin qanunverici, normativ və instruktiv sənədlərinin yerləşdirilməsi;

– peşə etikası və praktik klinik psixologiya, psixodiaqnostika, psixoloji korreksiya və psixoterapiya məsələlərinin hərtərəfli təhlil edilməsi;

–  oxucu suallarının cavablandırılması;

– saytla könüllü əməkdaşlıq etməyi arzu edən müəlliflərin, xüsusən həmklarlarımın dil və üslubu saxlanılmaq şərtilə elmi-kütləvi məqalələrinin dərc edilməsinə imkan yaradılması, bunun yaxın gələcəkdə edilməsi.

 

Saytdakı məlumatların səciyyəsi

 

Saytda yerləşdirilən məlumatları daşıdığı funksiyaya görə şərti olaraq maarifləndirici və istiqamətləndirici olmaqla iki qismə ayıra bilərik.

Psixiatriya, seksologiya və digər yanaşı elm sahələri üzrə maarifləndirici məlumatlar qrupuna aşağıdakılar daxildir:

1. İllüstrasiyalı ensiklopedik lüğət-sorğuluq (bir çox mövzular üzrə elmi məqalələr qoşulmaqla);

2. Elmi mənbələr;

3. «Maraqlı» rubrikasından olan elmi materiallar.

Psixiatriya, seksologiya və digər yanaşı elm sahələri üzrə lüğət-sorğuluq daha böyük informasiyanın əlifba sırasında yerləşdirildiyi illüstrasiyalı ensiklopedik mənbədir. Burada güdülən məqsəd tədqiqatçıların diqqətini özünə daha çox cəlb edən, cəmiyyət üçün maraq doğuran, insanları daim narahat edən və düşündürən, habelə başqa parametrlərinə görə dərindən araşdırılmasına zərurət yaranan mövzuların ətraflı şəkildə işıqlandırılmasına nail olmaqdır. Hətta bir çox mövzular üzrə elmi məqalələr qoşulacaqdır. Məhz buna görə də həmin məcmuə «lüğət-sorğuluq» adlandırılmışdır.

Psixiatriya, seksologiya və digər yanaşı sahələr üzrə biliklərə lazımi dərəcədə yiyələnmək üçün elmi mənbələr haqqında məlumat verilməsi lazım gəlir. Əlverişlilik naminə burada üç yarımbölmə yaradılmışdır:

  • Biblioqrafiya;
  • Elektron arxiv;
  • Yeni nəşrlər.

İstifadə edilən, habelə məsləhət görülən qaynaq, məxəz, mənbə və ədəbiyyatlar yazıldığı dilə müvafiq olaraq qruplaşdırılacaqdır: 1) Azərbaycan dilində; 2) ingilis dilində; 3) rus dilində.

İndiyə qədər Azərbaycanlı alimlərin psixiatriya və ona qonşu elm sahələri üzrə çap etdirdikləri, lakin hazırda satışda olmayan əsərlərinin skan edilmiş surətlərini yerləşdirmək üçün «Elektron arxiv» adlı bir yarımbölmə yaratmaq qərarına gəldim. Burada təkcə dərslik və tədris vəsaitləri deyil, həmçinin dissertasiya və digər lazımi ədəbiyyatlar elektron variantda təqdim ediləcəkdir. Əlbəttə, güdülən məqsəd çətinliklə əldə edilə bilən həmin vəsaitlərin oxunması üçün şərait yaratmaqdır.

İstər doğma dilimizdə, istərsə də əcnəbi dillərdə psixiatriya, seksologiya və digər qonşu elm sahələri üzrə yeni nəşr olunan ədəbiyyatlardan vaxtında xəbərdar olmaq və onları əldə etmək tədqiqatçılar üçün çox vacibdir. Lakin biz burada («Yeni nəşrlər» yarımbölməsində) yalnız öz dilimizdə təzə çapdan çıxmış ədəbiyyatlar haqqında qısa məlumat yerləşdirəcəyik.

«Maraqlı» rubrikasına gəldikdə burada hələlik aşağıdakı xarakterdə olan elmi materiallar salınacaqdır:

  • Bilirsinizmi? (maraq doğurmaya bilməyən məqalələr);
  • Tapşırıqlar (həm klinik, həm də test tapşırıqları);
  • «Ən»lər, «ilk»lər;
  • Dodaq qaçırdan əhvalat və lətifələr.

Hər hansı pozuntunun qarşısının alınması onun müalicəsindən xeyli asan olur, ucuz başa gəlir və qısa müddət çəkir. Ancaq təəssüf ki, bir çox hallarda sağlamlıq pozulur və özünü müxtəlif xəstəliklər şəklində göstərir. İstər sağlamlığın hələ pozulmadığı dövrdə preventiv (profilaktik) tədbirlərin vaxtında görülməsi, istərsə də artıq səhhətin yerində olmadığı bir vaxtda orqanizmin fəaliyyətində meydana çıxmış kənarlanmaların müvəffəqiyyətlə və qısa müddət ərzində aradan qaldırılması üçün insanları adətən «kimə müraciət etməli?», «hara üz tutmalı?», «hansı vasitədən yapışmalı?» kimi üç sual düşündürür. Həmin suallar ətrafında insanlara kömək etmək məqsədilə «İstiqamətləndirici məlumatlar» başlığı altında bir bölmə yaratmalı olduq. Artıq dərhal aydın olur ki, bölmədə aşağıdakı mövzular üzrə məlumatlar yerləşdiriləcəkdir:

  • Nüfuzlu mütəxəssislər;
  • İxtisaslaşmış müəssisələr;
  • Etibarlı vasitələr.

 

Saytın nəzərdə tutulduğu auditoriya

 

Sayt bir informasitya resursu olaraq ilk növbədə psixiatr və seksoloqlar üçün nəzərdə tutulub. Ondan təkcə psixiatr, psixoterapevt və seksoloqlar deyil, eyni zamanda tibbin digər sahələrində çalışan mütəxəssislər, xüsusən nevroloqlar, dermatoveneroloqlar, endokrinoloqlar, hətta terapevtlər yararlana bilərlər. Bundan başqa, yanaşı ixtisaslar üzrə çalışan mütəxəssislər – hüquqşünas, psixoloq, sosioloq və kulturoloqlar, habelə təlim-tərbiyə sahəsində çalışan işçilər – pedaqoq (müəllim), tərbiyəçi və digər şəxslər, ictimaiyyətin bu qəbildən bilikləri əldə etməkdə maraqlı olan geniş dairəsi – psixi və seksual sağlamlıq məsələlərinə biganə qalmayan, insanlar arasındakı qarşılıqlı münasibətlərdən doğan problemlərlə, xüsusən cinsi tərbiyə məsələlərilə ciddi maraqlanan şəxslər üçün də saytın əhəmiyyətli olacağına böyük ümid bəsləyirəm.

 

Saytdakı materialların müəlliflik hüququ ilə bağlı tələblər

 

Adətən müxtəlif mənbələrdə belə ifadələr işlədilir: mənbəyə istinad olunmadığı və müəllifi göstərilmədiyi halda materialdan istifadəyə halallıq verilmir. Həqiqətən müəlliflik hüququna hörmətlə yanaşmaq, müəllif əməyini dəyərləndirmək lazımdır, belə bir addım özlüyündə insanı, humanist hərəkət olmaqla bərabər, eyni zamanda qanundan irəli gələn danılmaz bir tələbdir.

Saytda yerləşdirilən bütün materialların müəlliflik hüququ Azərbaycan Respublikasının qanunları və beynəlxalq müəllif hüququ normaları ilə qorunur. Sayt təsisçisinin əvvəlcədən yazılı razılığı olmadan buradakı materiallar hər hansı yolla köçürülə, reproduksiya oluna, başqa resurslarda yerləşdirilə və paylana, həmçinin cüzi dəyişikliklər edilməklə kitab halında yenidən dərc edilə bilməz. Müəllifin rəsmi icazəsi olmadan buradakı materialların hər hansı formada istifadəsi qəti surətdə qadağandır. Yalnız qəbul edilmiş istinad qaydalarına uyğun surətdə materiallardan yararlanmaq olar.

Əlbəttə, məqalələr hazırlanarkən müxtəlif mənbələrdəki şəkil, sxem, cədvəl və digər materiallardan istifadə olunub ki, bunlar götürülən zaman qəbul edilmiş qaydalara uyğun surətdə istinad olunur.

 

Təşəkkürümü çatdırmaq istədiklərim

 

Saytdakı materialların xeyli qismi bu sətirlərin müəllifinin indiyə qədər nəşr etdirdiyi kitablarından, digər qismi artıq çoxdan başa çatdırılmış, lakin çap etdirilməsi üçün lazımi vəsaiti gözləyən əlyazmalarından, üçüncü qismi tamamlanmaq mərhələsində olan əsərlərindən götürülüb və onların əsasında hazırlanıb. Həmin kitablar üzərində işləyərkən və onları çapa hazırlayarkən həmkarlarım daxil olmaqla bir çox insanların misilsiz xidməti və əhəmiyyətli köməyi olmuşdur.

Saytın yaradılmasında, onun ərsəyə gətirilməsində yaxından iştirak etmiş və dəstəyini əsirgəməmiş xeyli sayda insana səmimi təşəkkür və minnətdarlığımı çatdırmağı, onların hər birinin əməyi qarşısında baş əyməyi özümə mənəvi borc bilirəm. Təşəkkürümü çatdırmaq istədiklərim sırasında ilk növbədə aşağıdakı şəxsləri qeyd etməliyəm:

– ingilis dilində olan mənbələrdən yetərincə yararlanmaqda və terapiya məsələlərini aydınlaşdırmaqda çox yaxından iştirak etdiyinə, keçirdiyim hisslərə və yaşadığım emosiyalara ən həssas reaksiya verdiyinə, həyat səhnəsində ləyaqəti hər şeydən üstün tutduğuna görə daim qürur duyduğum əməksevər həyat yoldaşım Sevda Ənvər qızı Əlibəyli;

– ingilis dilində olan mətnlərdən istifadə etməkdə qayğıkeşliyini yaxından duyduğum, istedadına güvəndiyim və uğurlu gələcəyinə ümid bəslədiyim oğlum Ramin bəy;

– ingilis dilində yazılan əsərlərə lazımi səviyyədə müraciət etməkdə gərəkli olan hər şeyi  etmiş, dəyərli izah və tövsiyələr vermiş təcrübəli cərrah, kamil araşdırıcı, zəngin materiala malik neçə-neçə kitabın müəllifi Elmar Yəhya oğlu Şərifov;

– fiziki-kimyəvi proseslərlə bağlı məsələlərin həllinə dəstək vermiş, rus dilindən bizim dilə tərcüməyə tabe olmaq istəməyən bəzi qəliz söz və ifadələrin adekvatını tapmaqda dəyərli fikirlər söyləmiş, ümumiyyətlə, ağsaqqal məsləhətlərini əsirgəməmiş nüfuzlu alim, gözəl şəxsiyyət, kimya elmləri doktoru, professor Ənvər Teymur oğlu Xudiyev;

– canlı ensiklopediya qismində tez-tez «yaddaş sandığına» müraciət etdiyim, çətin elmi məsələlərin həlli zamanı yaranan mübahisəli məqamlarda düzgün qərar qəbul etmək üçün zəka və təcrübəsinə zərrə qədər şəkk etmədən bel bağladığım, şair qəlbli həkim dostum Nazim Abbasəli oğlu Cəfərov;

– elmi-kütləvi məsələlərin işıqlandırılması üçün çox yaxından kömək etmiş istedadlı jurnalist və şair Azər Böyükağa oğlu Əliyev;

– Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasının öz yardımını əsirgəməyən əməkdaşları;

– çətinliklə tapılan kitabları əldə etməyimdə çox kömək etmiş www.book.az saytının başda Yuri Fyodoroviç Zenin olmaqla bütün kollektivi;

– layihənin həyata keçirilməsində, ələlxüsus mətnlərin kompüterdə yığımı və digər oxşar prosedurlar üçün müvafiq proqram təminatında dəstək olmuş www.page.az saytının kollektivi;

– həmçinin boynumda haqqı olan digər insanlar.

 

Oxuculara xitab və onlardan gözləntilər

 

Yaşından, cinsindən, peşəsindən və digər xüsusiyyətlərindən asılı olmayaraq hamını sağlam diskussiyaya dəvət edirəm. Hər şeydən öncə işıqlandırılan mövzulara münasibət göstərməyiniz xahiş olunur.

Hətta peşə maraqları bir-birindən xeyli uzaqda olan müxtəlif yaşda insanların mövzulara münasibət göstərəcəkləri təqdirdə bunun ancaq fayda verəcəyini qabaqcadan təxmin etmək olar. Çünki istənilən məsələyə dair hər bir insanın öz yanaşması və rəyi olur. Təsadüfi deyildir ki, bir sıra məsələlərin həllinə dair cəmiyyətin əksər qisminin baxışları vahid ideya ətrafında birləşmə imkanlarını hədsiz dərəcədə artırır.

Daha bir nüansı qeyd edim ki, bir çox mövzuların lazımi səviyyədə işıqlandırılması üçün elm adamlarının, ələlxüsus möhtərəm həmkarlarımın köməyi lazım gəlir. Məşhur psixiatrlarımızın fotoşəkil və əsərlərinin əldə edilməsi, nadir tapılan ədəbiyyatların surətlərinin çıxarılması və başqa şəkildə yardım edilməsi ancaq alqışlana bilər.

Dünyada «Qurani-Kərim» kitabından savayı heç bir mənbə nöqsanlardan xali deyildir. Aydın məsələdir ki, psixiatriya və seksologiyaya dair doğma dilimizdə olan belə bir sayt da xətasız sayıla bilməz. Elə buna görə də möhtərəm oxucuların tənqidi fikir və qeydləri, həmçinin saytın təkmilləşdirilməsinə xidmət edə biləcək faydalı məsləhətləri, maraqlı baxışları və konstruktiv göstərişləri bu sətirlərin müəllifi tərəfindən böyük minnətdarlıq və səmimiyyətlə qarşılanacaqdır. Ümidvarıq ki, möhtərəm oxucular saytın müsbət cəhətlərini, məziyyətlərini yetərincə qiymətləndirməklə bərabər, qızıldan da qiymətli vaxtlarını ayırmaları sayəsində aşkara çıxardıqları nöqsanlar barədə öz dəyərli fikirlərini bildirməkdən çəkinməyəcək, elektron resursa töhvə vermək məqsədilə hər hansı xeyirxah məsləhətini, təklif və mülahizəsini çatdırmaq üçün əlaqə bölməsində göstərilən ünvana (alibeyli@rambler.ru) onları göndərməyə xəsislik və əringəclik etməyəcəklər.

Hamınıza möhkəm cansağlığı arzulayıram.

Dərin hörmətlə

Şahin Böyükağa oğlu Əlibəyli,

həkim-psixiatr, www.mental.az saytının təsisçisi və baş redaktoru

 

 

 

* * *

 

Psixiatrik-seksoloji bilik bazası

The knowledge base of psychiatry and sexology

База психиатрическо-сексологических знаний