page

*


Article Image

 

 

 

 

 

İxtisaslı kadrların hazırlanması işini yaxşılaşdırmağa yönələn tədbirlərdən və tədris ocaqlarının qarşısında duran mühüm vəzifələrdən biri dərsliklərin və dərs vəsaitlərinin yaradılmasıdır.

Azərbaycan dilində psixiatriya fənni üzrə dərs vəsaitlərinin hazırlanmasını xronoloji ardıcıllıqla belə təsvir etmək olar:

– 1933-cü ildə Ə. S. Əsgərovun «Psixiatriya» adlı qısa rəhbərliyi;

– 1967-ci ildə X. Ə. Həsənovun «Psixiatriya» adlı dərs vəsaiti;

– 1992-ci ildə N. V. İsmayılovun «Psixiatriya» dərsliyi.

Göründüyü kimi, psixiatriya üzrə doğma dilimizdə ilk vəsait Azərbaycan Tibb İnstitutunun psixiatriya kafedrasının assistenti, həkim Ə. S. Əsgərov (1898–1975) tərəfindən yazılmışdır [1]. Onun Azərbaycan dilində 1933-cü ildə çap edilən «Psixiatriya» adlı qısa rəhbərliyi cəmi 87 səhifə olmuşdur (şəkil 1).

Şəkil 1. Ə. S. Əsgərovun Azərbaycan dilində 1933-cü ildə çapdan çıxmış «Psixiatriya» adlı qısa rəhbərliyinin titul vərəqi

 

Növbəti addım tibb elmləri doktoru, professor Xamis Əbdülhüseyn oğlu Həsənov (1928–1999) tərəfindən atılmışdır. Onun tərəfindən Tibb İnstitutu tələbələri üçün yazılan «Psixiatriya» dərs vəsaiti 1967-ci ildə işıq üzü görmüşdür (şəkil 2).

Şəkil 2. X. Ə. Həsənovun Azərbaycan Tibb İnstitutu üçün 1967-ci ildə çap etdirdiyi «Psixiatriya» adlı dərs vəsaitinin titul vərəqi

 

Mərhum X. Ə. Həsənov doğma dilimizdə ilk vəsaitin hazırlanmasının zəruriliyi və bunun çətinliyi barəsində həmin məşhur kitabın ön sözündə yazırdı:

«Oxuculara təqdim edilən bu kitab Azərbaycan dilində psixiatriyadan ilk dərs vəsaitidir. Azərbaycan Tibb İnstitutunun mövcud olduğu 40 il ərzində Azərbaycan bölməsində oxuyan tələbələr psixiatriya fənnini yalnız mühazirələr vasitəsi ilə öyrənmişlər. Bu isə şübhəsiz ki, tələbələri təmin etmir və psixiatriya fənninin səmərəli mənimsənilməsi üçün kifayət deyildir.

Biz kitabı psixiatriya elminin müasir inkişaf səviyyəsində yazmağa cəhd etmiş, mürəkkəb psixi sindromlar və xəstəlikləri tələbələrə sadə dildə, anlaşıqlı misallarla çatdırmağa çalışmışıq. Psixiatriya sahəsində olan mübahisəli məsələlər və nəzəriyyələr kitaba daxil edilməmişdir.

Əsərin yazılmasında ölkəmizdə və xaricdə çıxmış ədəbiyyatdan, özümüzün psixiatriya sahəsində topladığımız təcrübədən geniş istifadə etmişik. Psixiatriyaya aid Azərbaycan dilində ədəbiyyatın olmaması, bəzi psixiatriya terminlərinin bu vaxta qədər Azərbaycan dilində sabit işlədilməməsi kitabın yazılmasında müəyyən çətinliklər törətmişdi.

Bu kitab Azərbaycan dilində psixiatriyadan dərs vəsaiti yaratmaq sahəsində ilk təşəbbüs olduğuna görə şübhəsiz ki, nöqsansız deyildir...» [2].

Nəhayət, 1992-ci ildə tibb elmləri doktoru, professor Nadir Vedan oğlu İsmayılov Azərbaycan Tibb Universitetinin tələbələri üçün «Psixiatriya» dərsliyini nəşr etdirmişdir (şəkil 3). Həmin kitab əvvəlkilərdən həcminin çox olmasına görə fərqlənir [3].

 

Şəkil 3. N. V. İsmayılovun Azərbaycan Tibb Universitetinin tələbələri üçün 1992-ci ildə çap etdirdiyi «Psixiatriya» adlı dərsliyinin titul vərəqi

 

Beləliklə, diqqətlə fikir versək, qeyd edilən müəlliflərin hər üçü Azərbaycan dilində psixiatriya fənni üzrə vəsaitlərin hazırlanması sahəsində ilk addımlar atmışlar. Belə ki, Ə. S. Əsgərov «Psixiatriya» adlı qısa rəhbərliyin, X. Ə. Həsənov «Psixiatriya» adlı dərs vəsaitinin, N. V. İsmayılov isə «Psixiatriya» adlı dərsliyin müəllifi kimi tarixə düşmüşlər.

 

 

Mənbələr

 

1. Əsgərov Ə. S. Psixiatriya. Qısa rəhbər: əl yazısı hüququndadır [Mətn] / Buraxılışa məsul: S. İmaməliyev. Bakı, Azərbaycan Tibb İnstitutunun nəşriyyatı, 1933, 87 səh.

2. Həsənov X. Ə. Psixiatriya. Tibb İnstitutu tələbələri üçün dərslik [Mətn] / Elmi redaktoru: professor Fuad Əhməd oğlu İbrahimbəyov. Bakı, «Maarif» nəşriyyatı, 1967, 305 səh.

3. İsmayılov N. V. Psixiatriya [Mətn]. Azərbaycan Tibb Universitetinin tələbələri üçün dərslik / Rəy verən: tibb elmləri doktoru, professor Əlişir Veys oğlu Musayev; elmi redaktoru: Azərbaycan Respublikasının əməkdar elm xadimi, professor Əhməd Əlibala oğlu Abasquliyev. Bakı, «Maarif» nəşriyyatı», 1992, 371 səh.

 

Şahin Böyükağa oğlu Əlibəyli