page

*


Article Image

 

«Dik duran yumurta» məsələsi

Qeyri-şablon düşüncəyə dair müxtəlif nümunələr gətirilir ki, onlardan biri «dik duran yumurta» məsələsinin həlli ətrafında formalaşmışdır. Psixiatrlar üçün maraqlı olduğunu nəzərə alıb bu məsələ ətrafında müzakirə aparacağıq.

Yumurtanın dik dayanması epizodu birinci dəfə italyan səyyahı, tədqiqatçı, tarix və yazıçısı Cirolamo Bensoni (Girolamo Benzoni) tərəfindən 1565-ci ildə «Yeni Dünya tarixi» kitabında təsvir edilmişdir. Həmin kitabda «dik duran yumurta» məsələsi məşhur dəniz səyyahı Xristofor Kolumbun (Christophorus Columbus) başına gələn bir əhvalatla əlaqələndirilmiş, sonradan bu maraqlı söhbət çoxlu sayda Avropa dilinə keçmişdir. Lakin araşdırıcılar tərəfindən bunun yalnız bir əfsanə olduğu ehtimal edilir. Məsələ burasındadır ki, oxşar tarixi hadisə X. Kolumbdan xeyli əvvəl İtaliya və İspaniyada artıq məlum idi.

İspan xalqının sevə-sevə danışdığı bir lətifədə qeyd edilirdi ki, hansısa müdrik adamlar (mütəfəkkirlər, həkimlər) yumurtanı dik vəziyyətdə stol üzərində necə qoymaqla bağlı xeyli çalışmalarına baxmayaraq onların əməyi bihudə olmuş, səmərə verməmişdir. Onda Huanelo adında sadəlövh və safdil bir adam yumurtanın bir ucunu qırmaqla bunu həll etməyin mümkün olduğunu sezir. Axı, məsələni həll edərkən yumurtanın qırılmaması şərti qoyulmamışdı. Huanelo ruslar arasındakı sarsaq İvanuşka obrazının ispan variantıdır. Elə buradan İspaniyada «Kolumb yumurtası» ifadəsinə analoji olan bir frazeologizm yaranmışdır. Mürəkkəb məsələnin sadə həllini bildirən həmin frazeologizm «Huanelo yumurtası» (ispanca «huevo de Juanelo») adlandırılmışdır.

İspaniyalı məşhur dəniz səyyahı Xristofor Kolumb (Christophorus Columbus; 1451–1506). İtalyan rəssamı, Venesiya məktəbinin nümayəndəsi Sebastyano Luçiani del Pyombo (Sebastiano Luciani del Piombo) fırçasından hasil olan, lakin onun ölümündən sonra üzə çıxan portret

 

Məşhur ispan dramaturqu və şairi Pedro Kalderon de la Barkanın (Pedro Calderon de la Barca) 1629-cu ildə yaratdığı «Görünməz qadın» («Kabus qadın»; «La dama duende») komediyasında lətifədə söylənilənlərə bənzəyən bir epizod vardır.

Həmçinin italyan sənətkarı Corco Vazarinin (Giorgio Vasari) kitablarından birində oxşar epizod təsvir edilmişdir. Müəllif 1550-ci ildə ərsəyə gətirdiyi «Ən məşhur naqqaş, heykəltəraş və memarların tərcümeyi-halları» əsərində danışır ki, 1421-ci ildə Santa-Mariya-del-Fyore camesində (baş kilsəsində) günbəzin necə tikilməli olduğu məsələsini həll etmək üçün dünyanın müxtəlif ölkələrindən memarlar Florensiyaya yığılışmışdılar. Görkəmli italyan arxitektoru, İntibah epoxası heykəltəraşı Filippo Brunelleski (Filippo Brunelleschi) ali məclisə öz proyektini göstərmir, sadəcə belə bir ideya irəli sürür ki, yumurtanı stol üstünə dik qoymağı bacaran usta günbəzi inşa etsin. Yalnız Brunelleskinin özü bunu məlum üsulla etməyi bacarmışdı. Nitqinin sonunda memar ancaq bunu deyir: «Yumurta öz iti ucu üstündə necə dayanırsa, mənim tikəcəyim günbəz də elə duracaqdır!» Buna görə Florensiya kilsəsində Bruneleskinin tikdiyi günbəz iti ucu götürülmüş yumurtanı xatırladır.


Görkəmli italyan arxitektoru, İntibah epoxası heykəltəraşı Filippo Brunelleski (Filippo Brunellesco; 1377–1446)

                               

Florensiyada Santa-Mariya-del-Fyore kilsəsi (solda) və onun günbəzinin kəsiyi (sağda)

Hətta bəzi mənbələrdə yumurta əhvalatını görkəmli ingilis fiziki və riyaziyyatçısı İsaak Nyutonun (Isaac Newton) adı ilə bağlayırlar. Məsələn, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun zoologiya, zoogigiyena və baytarlıq-sanitariya ekspertizası kafedrasının müdiri işləmiş biologiya elmləri doktoru, professor Ələddin Abdulla oğlu Əsgərovun toplayıb tərtib etdiyi və işlədiyi, 1990-cı ildə çapdan buraxdırdığı «Nələr olmur bu dünyada!» kitabında təsvir edilmiş hadisəni xatırlasaq, buna bir daha əmin olarıq:

Deyilənə görə, bir dəfə İ. Nyutonun yoldaşları onunla zarafatlaşmaq və yaxud ona sataşmaq məqsədilə yumurtanın dikinə qoyulması məsələsini ortaya atır və bunun həllini görkəmli riyaziyyatçıdan xahiş edirlər. Nyuton yumurtanın baş tərəfini yavaşca yerə vurmaqla sındırır və onun səthini yastılaşdırır. Bundan sonra yumurta dikinə durur və daha aşmır. Yoldaşları etiraz edib deyirlər ki, «buna nə var, bunu biz də edərdik». Nyuton heç bir narahatlıq keçirmədən «edəydiniz» deyə cavab verir.

«Kolumb yumurtası»


Alman rəssamı, məişət təsviri və tarixi naqqaşlıq ustası İohann Qayerin (Johann Geyer) 1847-ci ildə ərsəyə gətirdiyi «Kolumb və yumurta» əsəri

Ancaq mənbələrin böyük əksəriyyətində «yumurta məsələsi» məhz Xristofor Kolumbun adına yazılır. «Yumurta məsələsinin» X. Kolumb tərəfindən necə həll edilməsinə dair müxtəlif ədəbiyyatlarda bir-birindən fərqli fikirlər səsləndirilir. Riyaziyyatın fəlsəfəsi ixtisası üzrə Azərbaycanda ilk mütəxəssis-alim, professor Maarif Süleyman oğlu Əkbərovun «Ədədlər və fiqurlar aləmində» adlı kitabında verilən məlumatı nəzərdən keçirək:

 

«Belə nəql edirlər ki, məşhur Xristofor Kolumb (1451–1506) dünya səyahətinə çıxmağa hazırlaşarkən bu səfərin uğurla nəticələnəcəyinə şübhə edənlər tapılıbmış; onlar Kolumbu qınayıb demişlər ki, əgər Yer kürə şəkillidirsə, deməli sənin gəmilərin yolda keçilməz su dağlarının səthi ilə hərəkət etməli olacaq, bu isə mümkün deyil. Lakin Kolumb niyyətindən dönməyib öz dünya səyahətini uğurla başa vurub qayıtdıqdan sonra onun əleyhidarları söyləyiblər ki, burada elə bir fövqəladə şey yoxdur, gec-tez bu yolu kimsə gedib naməlum sahilə rast gələcək idi. Kolumb bunu eşidəndə yumurta gətirmələrini xahiş edir və ətrafındakılara müraciətlə deyir:

Kim bu yumurtanı stolun üstünə arxası üstdə şaquli vəziyyətdə qoya bilər?

Söhbətdə iştirak edənlərin heç biri bunu icra etməyə müvəffəq olmur. Bu zaman Kolumb yumurtanı götürüb zərbə ilə stola çırpıb şaquli vəziyyətdə qoyur.

Kolumbun ən qatı əleuhdarlarından biri:

– Bunu mən də edə bilərəm, – deyir.

– Bəs, nə üçün etmədin? – deyə Kolumb soruşur ...»

                       

İvisa adasının San-Antonio-Abad şəhərində «Kolumb yumurtası» kimi tanınan abidə

«Böyük kardinal» ləqəbi verilmiş Oedro Qonzales de Mendosa (Pedro Gonzales de Mendoza; 1428–1495)

 

Ancaq məşhur hekayət digər mənbələrdə bir qədər fərqli şəkildə çatdırılır. Qeyd edilir ki, Xristofor Kolumb ömrünün son illərində hər yerdə xalq tərəfindən alqışla qarşılanardı. Ancaq onun belə sevilməsinə qısqananlar, şöhrətinin gündən-günə artdığını gözü götürməyənlər də vardı. Bir dəfə İspan kilsəsinin başçısı, «böyük kardinal» ləqəbi verilmiş Oedro Qonsales de Mendosa (Pedro Gonzales de Mendoza) sarayında Xristofor Kolumbun şərəfinə ziyafət təşkil edir. Şəhərin əksər əyanları və yüksək rütbəli şəxsləri möhtəşəm ziyafətə dəvət olunur. Kardinal çıxışında Kolumbun şərəfinə çoxlu tərif yağdırır, onun göstərdiyi böyük xidmətdən ağızdolusu danışır. Lakin belə gözəl sözlərin xoş təsir bağışlamadığı zadəganlar kardinalın çıxışına ağız büzürlər. Sonra Kolumb Amerikanı necə kəşf etməsindən danışır. Belə olduqda iştirakçılardan biri dözmür, qısqanclıqdan bunu həzm edə bilmədiyindən deyir: «Bu ki sadə bir şeydir! Yeni torpağı kəşf etməkdən asan və rahat nə ola bilər?» Onda Kolumb xidmətçilərə işarə edərək bir yumurta gətirilməsini xahiş edir. Gətirilmiş yumurtanı əlinə götürən Kolumb həmin şəxsə cavab olaraq məclisdəki qonaqlara üzünü çevirir və belə bir «bəsit» məsələ verir: stolun üstünə yumurtanı elə qoymaq ki, aşmasın, dik vəziyyətdə dayansın.

İştirak edənlərdən heç kim yumurtanı vertikal vəziyyətdə dayanmağa məcbur edə bilmir. Növbəsi çatan Kolumb yumurtanı sakitcə götürür, onun yuvarlaq küt ucunu yüngülcə stola taqqıldadır, əsasını qırır və dik qoyur. Yumurtanın qabığı çatladığından artıq onun dik vəziyyətdə dayanmasına maneçilik aradan qalxır. Bununla Kolumb məsələnin həllinin həqiqətən çox sadə olduğunu göstərir. Kolumbun yumurtanı qırdığını görən iştirakçılar hamısı bir ağızdan etiraz edib qışqırırlar ki, «buna nə var, biz də belə edə bilərdik». Kolumb narazı qalanlara soyuqqanlı və nəzakətli şəkildə belə bir dürüst cavab verir: «Cənablar, əlbəttə, bunu siz də edə bilərdiniz, ancaq bunu edə bilmək sizin ağlınıza gəlmədi. Fərq ondadır ki, belə bir sadə yola birinci dəfə məhz mən əl atdım, həlli mümkünsüz görünən bir çətinliyi rahat şəkildə və tez bir müddətdə aradan qaldırmağın mümkün olduğunu göstərdim».

Həmçinin başqa bir rəvayətə görə, Kolumb günlərin birində kardinal Mendosanın sarayında naharda olarkən zadəganların diqqətindən kənarda qalır. Şənlik məclisində iştirak edənlər şeirdən, musiqidən və digər mövzulardan danışır, Kolumbun Amerikanı kəşf etməsini adi işlərdən sayırlar. Zadəganların belə hərəkətlərindən tutulan Kolumb stolun üstündə olan yumurtalardan birini götürərək onu dik vəziyyətdə stolun üstünə qoyulması məsələsini ortaya atır. Hamı yumurtanı dik qoymağa cəhd edir. İştirakçılardan heç biri bunu edə bilmədiyindən növbə Kolumba çatır. Kolumb yumurtanın ucunu yavaşca əzərək onu stolun üstündə dik vəziyyətdə qoyur. Hamı bir ağızdan etiraz edir, «bunu biz də o cür edə bilərdik» – söyləyirlər. Onda Kolumb etiraz edənlərə belə deyir: «Elə Amerikanı da mən belə kəşf etmişəm».

X. Kolumbun xidmətçilərdən ona yumurta gətirilməsini xahiş edən işarəsi mübahisələrə yol açan bu qida məhsulunun çiy olub-olmaması sualını doğurmuşdur. Çünki xidmətçilər mətbəxdən çiy yumurta da gətirə bilərdilər. Amma dik duran yumurtanın bişmiş halda gətirildiyi birmənalı olaraq sübuta yetirilmişdir. Həqiqətən maraqlı məsələnin müzakirəyə çıxarıldığı kitabların çoxunda Kolumbun əlinə aldığı yumurtanın bişmiş halda olduğu qeyd edilmişdir. Çünki yumurta elə ziyafət stolundan götürülmüşdür. Qonaqlar üçün açılmış stola çiy yumurta qoyulmadığını zənn etmək elə də çətin deyildir.

Məşhur məsələni həll edən alimlər göstərmişlər ki, bərk bişirilmiş yumurta fırladılarsa, stol üzərində vertikal vəziyyətdə dayanır və aşmır. Tapşırığın ənənəvi izahında deyilir ki, fırlanan yumurtanın oxları sıçrayışların bütöv bir seriyasını yerinə yetirmiş olur. Məsələdən xəbərdar olmayan (nabələd) adamın baxışlarına görə, qeyd edilən fenomen qravitasiya qanunlarına aşkar surətdə ziddir, çünki vertikal vəziyyət alarkən qalxma zamanı yumurtanın ağırlıq mərkəzi yuxarıya doğru yerini dəyişir. Kembric Universitetində İsaak Nyutonun adını daşıyan İnstitutun sabiq direktoru professor Keyt Moffat və Yaponiyanın Keyo Universitetinin professoru Yutaka Simomura yumurta məsələsinə dair öz izahlarını təklif etdilər. Məsələnin həllini tapmaqdan ötrü alimlər düz yarım il ərzində çox gərgin işləməli oldular. Verilən izah aşağıdakılardan ibarətdir: başda sürtünmə səviyyəsinin çərçivəsi olmaqla bütün şərtlər gözlənilən zaman fırlanma enerjisinin bir hissəsi horizontal qüvvəyə transformasiya edir (çevrilir); həmin qüvvə yumurtaya vertikal istiqamətli hərəkət verir. Beləliklə, yumurtaya barmaqlarla fırlanma hərəkəti verilmiş olur. Müşahidəçi əlini çəkdikdə bir müddət yumurtanın durmuş vəziyyətdə fırlanmaqda davam etdiyini görür. Belə bir təcrübi hal yalnız bərk bişirilmiş yumurtada alınır. Çiy yumurtanın dik dayanması prosesi heç vaxt baş vermir. Çünki fırlanma nəticəsində hasil olan enerjininm böyük hissəsini qabıq daxilindəki maye dağıdır (səpələyir – «pərən-pərən salır»), enerjinin yerdə qalan cüzi qismi vertikal istiqamətli hərəkət verə biləcək horizontal qüvvə üçün kifayət etmir. Bir sözlə, çiy yumurtanın daxili maye kütləsi bir əyləc rolunu oynayır. Professor Keyt Moffat həll etdiyi elmi məsələnin kifayət qədər maraqlı olmasına baxmayaraq onun tətbiqi gələcəyinə inanmadığını etiraf etmişdir: «Mən sadəcə olaraq fikirləşdim ki, bu maraqlı və əyləncəli problemdir, pasxa günlərində xüsusən nəzəri cəlb edir, çünki həmin dövrdə hamı yumurta bişirir». Həqiqətən çoxlu sayda evdar qadın çiy yumurtanı bişmiş yumurtadan fərqləndirməyə imkan verən belə bir sadə üsulu yaxşı bilir.

Sovet alimi Yaskov İsidoroviç Perelman özünün 1916-cı ildə yazdığı olduqca oxunaqlı və məzmunlu «Əyləncəli fizika» kitabında «Kolumb yumurtası» ifadəsini xatırlatmış, yumurtanı qırmadan onu vertikal vəziyyətdə qoymağın mümkünlüyünü müvafiq surətdə izah etmişdir.

Bir sözlə, dik duran yumurta məsələsi məhz Kolumbla əlaqələndirilmişdir. Elə buradan «Kolumb yumurtası» kimi bir zərbi-məsəl, hikmətli ifadə formalaşmışdır. «Kolumb yumurtası» məfhumu müşkül, çətin vəziyyətdən gözlənilməz sadə çıxış yolunun olduğunu bildirən bir ifadədir.

Stol ətrafında oturanlardan fərqli olaraq Xristofor Kolumb qeyri-şablon düşüncə tərzinə malik olmuşdur. Qeyd edilən vaxtdan bunu tez-tez yaradıcı təfəkkürə və stereotiplər çərçivəsindən çıxmağın mümkünlüyünə bir nümunə kimi nəql edirlər. Elə həmin zamanlardan insanların şüurunda belə bir dərin inam yaranır ki, adi çiy yumurtanın əsasını qırmadan onu vertikal vəziyyətdə qoymaq mümkün deyildir. 

 

Sovet alimi, fizika, riyaziyyat və astronomiya kimi elmlərin populyarizatoru, elmi-kütləvi ədəbiyyat janrının banilərindən biri,

«elmi-fantastik» anlayışının müəllifi Yaskov İsidoroviç Perelman (1882–1942)

 

 

Kolumbun yumurta məsələsinin həlli: yumurta fırlanır, sonda dik dayanır (Yaskov İsidoroviç Perelmanın «Əyləncəli fizika» kitabından)

 

Şahin Böyükağa oğlu Əlibəyli