page

*


Article Image

İlk azərbaycanlı həkim-psixiatr

İlk azərbaycanlı həkim-psixiatr kimi İbrahim Rəhim oğlu Rəhimovun (1849–1927) adı xüsusi qeyd olunmalıdır.

İ. R. Rəhimov 1849-cu ildə indiki Qazax rayonunun Dağkəsəmən kəndində anadan olmuşdur. Atası Molla Rəhim Süleyman oğlu savadlı ruhanilərdən olmuş, 25 il Tiflis gimnaziyasında müəllim işləmişdir.

1859-cu ildə on yaşında ikən Tiflis gimnaziyasına daxil olan İbrahim 1867-ci ildə oranı bitirərək elə həmin ildə Moskva Universitetinin fizika-riyaziyyat fakultəsinə daxil olmuş, sonra öz xahişi ilə tibb fakultəsinə keçirilmişdir. Rusiyada inqilabi hərəkat iştirakçısı İbrahim Rəhimov «Narodnaya rasprava» («Xalq divanı») adlı gizli inqilabi sui-qəsdçi təşkilata üzv olmuş, onun tapşırıqlarını yerinə yetirmişdir. Rus inqilabçısı Sergey Gennadiyeviç Neçayevin 1869-cu ildə Moskvada tələbə gənclərdən yaratdığı «Narodnaya rasprava» adlı gizli cəmiyyətin məqsədi xalq inqilabı yolu ilə çarizmi devirmək idi. 1869-cu ildə İbrahim Rəhimov inqilabi fəaliyyətinə görə həbs edilərkən mənzilində mətbəə şrifti tapılmışdır. İ. R. Rəhimov məhkəməyədək təqribən iki il müddətində müxtəlif həbsxanalarda, o cümlədən mütləqiyyət və təhkimçilik əleyhinə mübarizlərin salındığı Petropavlovsk qalasında saxlanmışdır. Lakin İ. R. Rəhimov həddi-büluğa çatmamış sayıldığından nisbətən yüngül cəza almış, universitetdən çıxarılaraq beş il açıq polis nəzarəti altında yaşamışdır.

İ. R. Rəhimov 1875-ci ildə Vyana Universitetinin tibb fakultəsinə daxil olmuş, lakin 1877-ci ildə Almaniyaya köçmüş və təhsilini Yena Universitetinin tibb fakultəsində başa çatdırmışdır. 1880-ci ildə İ. R. Rəhimov Rusiyaya qayıdarkən sərhəddə gömrükxana məmurları onun çamadanından alman filosofu, mütəfəkkir və ictimai xadimi Karl Henrix Marksın (Karl Heinrich Marx) bütün dünyada məşhur olan «Kapital» əsərini tapmışdılar. Bundan sonra İ. R. Rəhimov yenə polis nəzarəti altına düşmüşdür.

İ. R. Rəhimovun Azərbaycana gəlməsinə icazə verilməmiş, buna görə Xarkov şəhərində qalmalı olmuşdur. İ. R. Rəhimov əvvəlcə bir neçə il Xarkov şəhərində məşhur fizioloq, akademik Vasili Yakovleviç Danilevskinin laboratoriyasında işləmişdir. Sonra İ. R. Rəhimov həmin vaxtlar «Saburovo daça», yaxud sadəcə «Saburovka» adlandırılan psixiatriya xəstəxanasında fəaliyyət göstərmişdir. 1500 çarpayısı olan bu müalicə mərkəzi Rusiyanın ən böyük psixiatriya xəstəxanalarından biri sayılırdı. İ. R. Rəhimov həmin xəstəxanada əvvəllər şöbə müdiri, sonra isə baş həkim vəzifəsində çalışmışdır. Qeyd edək ki, 1895–1920-ci illərdə xəstəxanada İbrahim Rəhim oğlu Rəhimovla bərabər Rusiya psixonevrologiya elminin məşhur nümayəndələri Sergey Nikolayeviç Davıdenkov, Vasili Alekseyeviç Gilyarovski, Viktor Pavloviç Protopopov, Tixon İvanoviç Yudin, Nikolay Fyodoroviç Melnikov-Razvedenkov və başqaları da çalışmışlar. Onlardan bir çoxu Azərbaycan psixiatriyasının inkişafında mühüm xidmət göstərmişlər.

İ. R. Rəhimov Xarkovda işlədiyi illərdə əmək terapiyasının tətbiqinə və dərman müalicəsi üsullarının təkmilləşdirilməsinə dair bir sıra elmi əsərlər yazmışdır. Məşhur sovet psixiatrı, Ukrayna Elmlər Akademiyasının akademiki Viktor Pavloviç Protopopov həmyerlimiz haqqında xatirələrində yazmışdır: «Xəstəxanada heç bir yenilik onsuz icra olunmurdu. İ. R. Rəhimov «Saburovo daça»nın bütün fəaliyyətinə istiqamət verən, «birinci skripka» rolunu oynayan şəxs idi. Onun elmi hormonlarla zəngin dərin elmi zəkası, işıqlı və aydın ağılı, tükənməz psixiatriya təcrübəsi vardı».

İ. R. Rəhimov həkim işləməklə bərabər, siyasi fəaliyyətindən qalmamış, daim bolşeviklərlə əlaqə saxlamışdır.

İ. R. Rəhimov 1924-cü ildə ağır xəstələnmiş, çox pis vəziyyətdə ikən 1925-ci ildə Bakı şəhərinə köçmüşdür. İ. R. Rəhimov 1927-ci ilin 3 aprelində Bakıda vəfat etmişdir.

Daha bir maraqlı cəhət İbrahim Rəhimovun qızı Sona Vəlixanın həm Azərbaycanda ilk ali təhsilli həkim qadın, həm də tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülmüş ilk azərbaycanlı qadın kimi tarixin yaddaşına qızıl hərflərlə yazılmasıdır.

Sona Vəlixan 19 iyun 1883-cü ildə Xarkov şəhərində anadan olmuş, 1908-ci ildə Peterburq Tibb İnstitutunu bitirmişdir. Sona xanım 1915–1924-cü illərdə Xarkov Universitetinin tibb fakultəsində işləmiş, 1924-cü ildən Azərbaycan Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında assistent kimi çalışmağa başlamış, 1928-ci ildə tibb elmləri üzrə doktorluq dissertasiyasını müdafiə etmiş, çox keçmədən dosent və 1933-cü ildə professor adını almışdır. Onun elmi işinin dərinliyinin və həddən ziyadə dəyərliliyinin təsdiqi kimi 1931-ci ildə yazdığı «Endoftalmitin patoloji anatomiyasına dair» məqaləsi Nobel Komitəsinin diqqətini özünə cəlb etmişdir. 1939–1971-ci illərdə Əziz Məmmədkərim oğlu Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasına rəhbərlik etmişdir.

Görkəmli oftalmoloq Sona Vəlixan 1942-ci ildə respublikamızın əməkdar elm xadimi fəxri adına layiq görülmüş, orden və medallarla təltif olunmuşdur. İstedadlı tədqiqatçı 1946–1960-cı illərdə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsini tutmuşdur. S. İ. Vəlixan oftyalmologiyanın müxtəlif məsələlərinə (gözün patoloji anatomiyasına, cüzam, sifilis, vərəm və müxtəlif şişlər nəticəsində zədələnmiş görmə orqanının morfoloji dəyişikliklərinə, göz travmalarına, qlaukoma və traxoma xəstəliklərinə, habelə onlarla mübarizəyə) həsr etdiyi 60-dan artıq elmi əsərin müəllifi olmuş, xüsusən iki monoqrafiyası ona bir istedadlı göz həkimi və bacarıqlı tədqiqatçı kimi böyük nüfuz qazandırmışdır. S. İ. Vəlixan ömrünün böyük hissəsini oftalmoloq kadrların hazırlanması kimi nəcib bir işə həsr etmişdir. Təsadüfi deyildir ki, onun rəhbərliyi altında tibb elmləri üzrə 3 doktorluq və 18 namizədlik dissertasiyası müdafiə edilmişdir. Professor S. İ. Vəlixan təkcə elmi-pedaqoji və klinik-müalicəvi fəaliyyət göstərməklə kifayətlənməmiş, eyni zamanda geniş konsultativ iş aparmış və ictimai problemlərə böyük məsuliyyətlə yanaşmışdır. S. İ. Vəlixan 1945–1950-ci illərdə Respublika Oftalmoloqlar Cəmiyyətinin sədri olmuş, 1971-ci ildən fərdi pensiyaya çıxmış, 1982-ci ildə 99 yaşında dünyasını dəyişmişdir.

Sona İbrahim qızı Vəlixan (1883–1982)