page

*


Article Image

 

 

 

 

 

Ölüm burnumuzun ucunda...

Aqil atalarımız deyiblər ki, «ölüm qaşla göz arasındadır». Heç şübhəsiz, burada insan həyatı üçün hər an təhlükə ola bilməsi nəzərdə tutulub. Amma burunla ağızı əhatələyən kiçik üçbucaqda gizlənən ölüm sirləri barədə heç eşitmisinizmi?

«Ölüm üçbucağı»

Müxtəlif elm sahələrində (tibb, suisidologiya, tarix, kinomatoqrafiya və s.) rast gəlinən obrazlı terminlərdən biri «ölüm üçbucağı» adlanır. Burada belə bir terminin yalnız tibbi aspektindən danışacağıq.

Tibbi ədəbiyyatda burun-dodaq büküşləri, burun və ağızla (yuxarı dodaqla) kənarları cızılan, məhdudlaşan xüsusi yerə burun-dodaq üçbucağı, yaxud nazolabial üçbucaq (trigonum nazolabialis) deyilir. Bəzi mənbələrdə onu sadəcə «üz üçbucağı», yaxud «fasial üçbucaq» («trigonum facialis») adlandırırlar. Həmçinin «burun-dodaq zonası», yaxud «nazolabial zona» terminləri təklif edilmişdir. Antropologiyada «üz üçbucağı» termini başqa mahiyyət kəsb edir, onun sərhədlərinin ümumi təsviri insan sifətinin forması haqqında şəhadət verir.

Uşaqda burun-dodaq üçbucağı

Normal halda burun-dodaq üçbucağının rəngi bədənin başqa sahələrinin rəngi ilə eyni olmalı, onlar fərqlənməməlidir. Yeni doğulan uşağın nazolabial üçbucağında yüngülvari göylük görünə bilər. Buna pulmonar sianoz, yaxud ağciyər mənşəli göyərmə deyilir. Uşaq ağladıqda və yaxud qışqırdıqda belə bir hadisə müşahidə olunur. Çünki həmin anlarda qanda oksigenin miqdarı azalır və dərisi göyərir. Qanda oksigenin konsentrasiyasının norma parametri 92–95 % hesab edilir. Uşağın arabir ağlaması və yaxud qışqırması orqanizm tərəfindən qanda oksigenin miqdarını normada saxlamağa hesablanmış bir uyğunlaşma mexanizmidir. Dəcəl və hiperaktiv uşaqlarda daim emosiyaların təzahür etməsi qanda müvafiq dəyişikliklərə gətirib çıxarır. Bundan başqa, nazolabial üçbucaq nahiyəsinin dərisi uşaqda həddən ziyadə nazik olur və altındakı zəngin vena damarlarının asanlıqla görünməsinə (göylük effektinin hasil olmasına) imkan verə bilir. Nəhayət, körpənin orqanizminin həddən artıq soyuması onun burun-dodaq üçbucağının göyərməsinə səbəb olur. Odur ki, qeyd edilən sianoz fizioloji sianoz adlanır. Uşaq yaşa dolduqca dəri örtüyü möhkəmləndiyindən və ağciyərləri tam ölçüdə fəaliyyət göstərdiyindən nazolabial üçbucağın göyərməsi keçib gedir. Lakin bəzi hallarda göyərmə tam keçmədiyindən hətta sakit halda belə nəzərə çarpır. Odur ki, belə hadisə patoloji sianoz adlanır. Anadangəlmə ürək qüsuru, kəskin ürək çatışmazlığı, ağciyər arteriyasının inkişaf anomaliyası, tənəffüs yollarının xəstəlikləri (pnevmoniya, ağciyərlərin digər patologiyaları, tənəffüs yoluna yad cisim düşməsi) və digər patologiyalar nazolabial üçbucaq sianozunun daha geniş yayılmış səbəbləridir. Buna görə uşağı açıq havada çox gəzdirməklə, onun düzgün qidalanmasını təmin etməklə, stresə məruz qalmasına imkan verməməklə bərabər, sianozu törədən patologiyaları aradan qaldırmaqdan ötrü diaqnostik (araşdırıcı) və terapevtik (müalicəvi) tədbirlərin vaxtında görülməsi vacibdir.

Uşağın nazolabial üçbucağında sianoz olub-olmadığı daim valideynlərin nəzarəti altında saxlanmalıdır

Enterovirus meningiti zamanı üzün hiperemiyası fonunda burun-dodaq üçbucağı avazımış (rəngi qaçmış) ola bilər.

Nazolabial üçbucaq insanın yaşı haqqında fikir yürütməyə imkan verən bir zonadır. Çünki insanda burun-dodaq üçbucağı ən birinci, hətta gözlərin ətrafındakı dəridən daha tez qocalmağa başlayır. Dərinin hissedilməz bürüşüklüyü və solğunluğu təzahür edir. İlk kiçik qırışlar məhz burada görünür. Bunu yaxşı başa düşən qadınlar yaşlı görünməmələri naminə dodaqlarına hər gün diqqət yetirir, ona ayrıca qulluq göstərirlər. Gənc yaşda ikən dodaqların çatlaması və qabıq verməsi onların quruluğunun, maddələr mübadiləsi pozğunluğunun, habelə A, B, E və K qrupu vitaminlərinin çatışmazlığının labüd nəticəsi ola bilər. Bundan başqa, herpes virusu təsirindən qızdırma yarandıqda onlarda uçuq meydana gəlməsi mümkündür. Daha çox dodaqların qırmızı haşiyəsinin xarici kənarları boyunca bir neçə şəffaf qovuqcuğun quruması və bərkiməsi müşahidə edilir.

Nazolabial üçbucaqda yaranan sızanaq, yara, çiban, səpgi və başqa xoşagəlməzliklərlə ehtiyatsız davranma elə dövrümüzdə də çox ağır dəyişikliklərə gətirib çıxara, hətta bəzi hallarda ölümlə nəticələnə bilir. Odur ki, burun və dodaq büküşlərinin əhatələndiyi üz nahiyəsinə başqa sözlə «ölüm üçbucağı» («trigonum mortis») deyirlər. Həmin zona əbəs yerə «ölüm üçbucağı» adlandırılmamışdır. Məsələ burasındadır ki, tarixin müxtəlif dövrlərində neçə-neçə insan məhz bu səbəbdən həyatla vidalaşmalı olmuşdur. Buna dair tibbi ədəbiyyatda təsbit edilmiş məlumatlardan bir neçəsini xatırlamaq lap yerinə düşərdi.

    

Böyükdə «ölüm üçbucağı»

Təxminən 200 il bundan qabaq Rusiya imperatoru Birinci Pavelin qızı, Vürtemberq kraliçası Yekaterina Pavlovna üzündə burun-dodaq üçbucağındakı sızanağı müstəqil surətdə adi bir iynənin köməyilə aradan götürmək, çıxartmaq istəyir və buna nail olur. Ancaq çox keçmədən kraliçanın vəziyyəti pisləşir və  onun həyatını xilas etmək mümkün olmur.

Yekaterina Pavlovna

Yaradıcılığı XX əsr simfonik və fortepiano musiqisinin inkişafına mühüm təsir göstərmiş məşhur rus bəstəkarı və pianoçusu Aleksandr Nikolayeviç Skryabinin burun-dodaq üçbucağında, daha dəqiq desək yuxarı dodağında furunkul yaranır. Musiqiçi furunkulu sıxıb çıxartmaq istəyir, lakin bunu uğursuz edir. Səmtsiz sıxılan furunkul pisləşir, karbunkul yaranır, bunun ardınca sepsisə keçir. Xəstənin vəziyyətinin pisləşdiyini görən həkimlər onu əməliyyat edirlər. Lakin artıq gec idi. Bədən temperaturu yüksəlir, bunun ardınca sepsisə keçir və 1915-ci ilin 27 aprelində istedadlı musiqiçi 44 yaşında ikən dünyasını dəyişir.

Aleksandr Nikolayeviç Skryabin

«Ölüm uçbucağı»nın təhlükəliliyinin səbəbləri

Əlbəttə, «üçbucaqdakı» lüzumsuz hərəkətlərin qısa vaxt ərzində ölümlə nəticələnməsi səbəbsiz ola bilməz. Tibb ixtisası olmayan insanların belə ciddi məsələ haqqındə düzgün təsəvvür əldə edə bilmələri üçün əvvəlcə qısa bir arayış təqdim edirik.

Furunkul tük follikulunda, piy vəzisində və ətraf birləşdirici toxumada irintörədici bakteriyaların əmələ gətirdiyi kəskin irinli-nekrotik iltihabi prosesdir.

Karbunkul tük kisəcikləri və piy vəziləri ətrafındakı dərinin və dərialtı birləşdirici toxumanın kəskin irinli-nekrotik iltihabı olub, çox tez yayılmağa və ümumi intoksikasiya törətməyə qabildir.

Meninqoensefalit baş beyinin maddəsi və qişalarının iltihabi prosesidir.

Sepsis yerli infeksion proses zamanı qana yoluxucu agent və yaxud onun toksinləri düşdükdə buna cavab olaraq baş verən ağır gedişli sistemli iltihabi reaksiyadır.

Burun üstündə yaranmış furunkul

2007-ci ildə V. P. Litovçenko tərəfindən ərsəyə gətirilmiş «Burun-dodaq lokalizasiyalı travma yetirilmiş (sıxılmış) furunkulun müalicəsi haqqında məsələyə dair» adlı məqalədə oxuyuruq: «Xüsusən gənc qızlarda zahirən gözəl olmaq arzusu güclü və tükənməz olduğundan onlar üzlərində ən balaca ölçüdə və sanki ziyansız bir sızanaq yarandığını görən kimi yubanmadan onu amansızcasına sıxmağa başlayırlar ki, belə bir müdaxilə bəzən çox acı nəticələrə gətirib çıxarır. Əgər sızanaq yerinə burunda və yaxud burun-dodaq üçbucağında təzəcə başlayan furunkula travma yetirilərsə (ona təzyiq edilərsə), belə hal xüsusən təhlükəli olur. Məlum olduğu kimi, bu zonada venoz qan və limfa axını bilavasitə kəllə boşluğuna doğru istiqamət götürür və qarşısında heç bir maneə olmayan infeksiya ildırım sürətilə beyin qişalarını zədələyir. Həkimə gec müraciət olunduğu təqdirdə belə pasiyeni ölümdən xilas etmək həddən ziyadə çətinləşir»*.

Alt çənədəki sızanağın sıxılması

Aparılan tədqiqatların nəticələrinə əsaslanmaqla nazolabial üçbucağa qarşı diqqətsizliyin həyatla bir araya sığmamasına dair bir neçə səbəb göstərmək mümkündür.

Birincisi, üzün nazolabial hissəsi həm arterial, həm də venoz şəbəkəyə məxsus damarların və onların anastomozlarının xeyli sayda olduğu bir yerdir. İstər sistemlərarası, istərsə də sistemlərdaxili anastomozların sayca artıqlığı nəzərə çarpır. Həqiqətən üzün nazolabial hissəsinin vaskulyarizasiyası çox yaxşı inkişaf edir. Təhlükə həmin nahiyənin çoxlu sayda qan damarları ilə təchiz olunmasından başlayır. Buna görə üçbucaq zona travma alan zaman çoxlu qanaxma baş verə bilər.

İkincisi, bədənin digər hissələrindəki venalardan fərqli olaraq üçbucaq zonada yerləşən venaların qapaqları yoxdur.

Üçüncüsü, kəllə boşluğundan venoz axının (daşınmanın) bir hissəsi üzün səthi venaları boyunca həyata keçirilir.

Dördüncüsü, qeyd edilən nahiyə baş beyin venaları ilə birbaşa, ən qısa yolla əlaqədə olur. Üzdəki qan damarları baş beyin damarlarına çox yaxın yerləşir. Venoz qan və limfa axını bilavasitə kəllə boşluğuna doğru istiqamət götürür. Buna görə hər hansı səbəbdən, məsələn, furunkul vasitəsilə, yaxud iltihabi xəstəlik nəticəsində üzdə irinləmə prosesi gedərkən nazolabial üçbucağa düşən infeksiya qarşısında heç bir maneə olmadığından maksimal ölçüdə yararlanaraq venoz damarlarla ildırım sürətilə baş beyinin sərt qişasının kavernoz sinuslarına (mağaralı ciblərinə) keçə və yayılaraq meninqoensefalitlə nəticələnə bilər. Üzdəki burun-dodaq zonasına düşən infeksiyanın kifayət qədər tez bir müddətdə beyinə nəqli baş verə bildiyindən ehtiyatlı olmaq lazımdır.

Beləliklə, verilən məlumatdan bir daha aydın olur ki, nazolabial üçbucaq arterial və venoz anastomozların sıx olduğu, travma zamanı massiv hemorragiyanın (çoxlu qanaxmanın) baş verdiyi və üzdə irinləmə (çirketmə) prosesləri gedərkən infeksiyanın venoz damarlarla baş beyinin sərt qişasının sinuslarına yayılmasının mümkün ola bildiyi çox təhlükəli bir zonadır.

Ölümdən qaçmaq üçün «uçbucaq»dakı xoşagəlməzliklərlə mübarizənin yolları

Söz yox ki, müasir təbabətin güclü dərman preparatları və təkmil müalicə metodikaları Avropada iki yüz il bundan qabaq insanların həyatına son qoymuş bir problemin öhdəsindən uğurla gəlmək üçün yetərlidir. Amma bütün bunlara rəğmən tam sakitləşərək nazolabial üçbucağa necə gəldi münasibət bəsləmək olmaz.

Uçbucaqda yara, irinlik, çiban yaranarsa, onu heç bir vəchlə deşmək, sıxmaqla möhtəviyyatını çıxarmaq, ona təzyiq etmək olmaz. Həmçinin burun tüklərini dartmaqla çıxarmaq, dəridəki qara nöqtələri primitiv yolla kənar etmək, sızanaqları lüzumsuz şəkildə gizlətməyə çalışmaq fəsadlar verə bilər. Ümumiyyətlə, təmiz olmayan əllə «üçbucağa» toxunmaq, orada xoşagəlməyən hər hansı bir şeyi qıcıqlandırmaq, «gözəllik düşmənlərini»  sıxmaq, onları çıxartmağa çalışmaq kimi hallara heç bir şəraitdə yol verilə bilməz. Sızanaq və ona bənzər digər şeylərin sıxılması sayəsində birləşdirici toxuma hüceyrələrinin çoxalması stimullaşdırılır (prosesin sürətlə getməsinə təkan verilir) və kiçik bir yaranın yerində çapıq yaranması ehtimalı artır. Kifayət qədər ciddi olan və orqanizmə sarsıdıcı təsir bağışlayan ağırlaşmalar yaranması, hətta insanın ölməsi onun ən faciəli, dəhşətli nəticələridir. Beləliklə, burunda, dodaqda sızanağı sıxmaqla insan öz əllərilə həyatını çox böyük təhlükə qarşısında qoymuş olur.

Üçbucaqda görünməsi istənilməyən şeylərlə mübarizənin yeganə düzgün yolu təmizliyi gözləmək, əllə toxunmaqdan mümkün qədər qaçmaq, aşağı keyfiyyətə malik kosmetik vasitələrdən istifadə etməməkdir. Sızanağın üzərinə tonal krem çəkməklə onu gizlətməyə çalışma məqbul sayılmayan bir tədbirdir. Çünki çəkilən krem oradakı məsamələri tutmaqla iltihabi prosesin daha gərgin xarakter almasına və güclənməsinə səbəb olur. Belə vaxtlarda şirin və yağlı yeməklərdən mümkün qədər az istifadə edilməlidir. Çünki həmin məhsullar dəridə piy hasilatını stimullaşdırır.

____________

*Литовченко В. П. К вопросу о лечении травмированного (выдавленного) фурункула носогубной локализации [Текст] // «Вестник оториноларингологии», 2007, № 6, стр. 53

 

Şahin Böyükağa oğlu Əlibəyli