page

*


Article Image

Planetimizin ən sakit şəhəri

Müasir insan gündəlik həyatında «radio», «televizor», «telefon», «internet», «vay-fay» və başqa texnogen sözlərdən hər gün istifadə edir. Əlbəttə, indiki insanın həyatını mükəmməl texniki vasitələr olmadan təsəvvür etmək çətindir.

Bildiyimiz kimi, «vay fay» istilahı ingilis dilində olan «Wireless Fidelity» söz birləşməsinin qısaldılaraq «Wi-Fi» şəklinə salınmasından yaranmışdır. Həmin söz birləşməsini «simsiz dəqiqlik» («məftilsiz dəqiqlik», «telsiz dəqiqlik») və yaxud «simsiz keyfiyyət» («məftilsiz keyfiyyət», «telsiz keyfiyyət») kimi tərcümə etmək olar. «Wi-Fi» özü simsiz şəbəkə üçün «Wi-Fi Alliance» ticarət markasıdır (şəkil 1).

«Vay fay» ilk dəfə 1996-cı ildə Avstraliya İttifaqının paytaxtı Kanberra şəhərində «Elmi və Sənaye Tədqiqatlarının Təşkili Birliyi»nə («Commonwealth Scientific and Industrial Research Organization») məxsus radioastronomiya laboratoriyasında yaradılmışdır. Simsiz mübadilə protokolunun yaradıcısı mühəndis Con O’Sallivan (John O’Sullivan) olmuşdur (şəkil 2).

«Vay fay» tez və etibarlı simsiz lokal şəbəkə yaradılmasına imkan verən mükəmməl texnologiyadır. Hal-hazırda radio kanalları üzrə rəqəmsal məlumatlar selinin (axınının) daha rahat ötürülməsi standratlarının tam bir ailəsi inkişaf etdirilir. Ancaq texniki proqres (tərəqqi) ilə bir yerdə sivilizasiyaya elektromaqnit şüalanması kimi görünməyən bir təhlükə gətirilmiş oldu. Elektromaqnit şüalanmasının insan orqanizmi üçün zərər yetirməsi, sağlamlığa mənfi təsir bağışlaması haqqında çox danışmaq olar. Həmin məsələ ayrıca bir tədqiqat mövzusudur.

Şəkil 1. «Wi-Fi» ticarət markası

Şəkil 2. Con O’Sallivan (John O’Sullivan). 2013-cü ilin 29 mayında çəkilmişdir.

Təbiblər simsiz internetin orqanizmdə çoxlu sayda naxoşluğa səbəb olduğunu öyrəndikdə bundan çox təəccüblənmişlər. Hətta soyuqlama, miqren, artralgiya (oynaqlarda ağrı) və hissəvi korluq kimi halların çoxalmasında «vay fay» şüalanmasının özünəməxsus rolu vardır. Bir çox insanlarda elektromaqnit dalğalarının təsirinə qarşı həddən ziyadə yüksək həssaslıq olur. Buna «elektromaqnit hipersensitivliyi» adı verilmişdir. Elektromaqnit hipersensitivliyi olan xəstələr təsdiqləyirlər ki, elektrik cihazlarından, simsiz və elektrik şəbəkələrindən gələn şüalanma onlarda ağrı, ürək bulanması, ürək döyüntülərinin tezləşməsi və digər arzuolunmaz hallar törədir. Fenomen artıq 15 ildən çox bir müddətdə məlum olmasına baxmayaraq hələlik alimlər qeyd edilən simptomların şüalanma ilə əlaqəsini aşkara çıxara bilməmişlər. Ümumdünya Səhiyyə Təşkilatı və ölkələrin böyük əksəriyyəti elektromaqnit hipersensitivliyini ayrıca xəstəlik hesab etmir. Aparılan sorğu nəticələrinin təhlili göstərir ki, avropalı və amerikalıların 2 %-dən 5 %-ə qədəri özlərini texnogen xəstəliyin daşıyıcısı hesab edirlər.

Həkimlər oxşar şikayətlərlə əlaqədar olan müraciətləri dinlədikdə sadəcə bunların «allergiya» növü olduğunu söyləyir, ancaq mövcud simptomları müalicə etməkdə pasiyentlərə yardım göstərə bilmədiklərini boyunlarına alır, yalnız təbiətin qoynunda və «vay fay» olmayan yerlərdə çox vaxt keçirmələrini tövsiyə etməklə kifayətlənirlər. Hazırda simsiz texnologiyanın, «vay fay» şəbəkəsinin olmadığı yer tapmaq olduqca çətindir. Üz tutduğumuz park və xiyabanlarda, heç olmasa qısa müddət ərzində şəhərin səs-küyündən canımızı qurtarmaq üçün yollandığımız kəndlərdə, bir sözlə, hər yerdə mobil texnologiya və «vay fay» vardır. Hal-hazırda «vay fay» şəbəkəsinin olmadığı yeganə yer Amerika Birləşmiş Ştatlarındadır. Hətta zarafatı xoşlayan həkimlər «texnogen allergiklərin» sağlamlığının bərpası üçün məhz həmin yerə getməyi onlara məsləhət görürlər.

 

Şəkil 3. Planetimizin ən sakit şəhəri olan Qrin Benkin xəritədəki yeri

 

Şəkil 4. Qrin Benk şəhərciyi insanların sadə həyat sürə bildiyi yerdir.

 

Həqiqətən Qərbi Virciniya ştatında yerləşən Qrin Benk şəhərciyində «vay fay» və mobil rabitə yoxdur. Saytlardan bir çoxunda Amerika Birləşmiş Ştatlarının Qrin Benk şəhərciyi «vay fay qaçqınları» («Wi-Fi-refugees») üçün bir Məkkə kimi təsvir edilmişdir.

Şəkil 5. Qrin Benk radioteleskopunun yaxınlığında yaşayan insanların başlıca məşğuliyyəti mal-qara saxlamaqdır.

Qrin Benkdə Milli Radioastronomiya Observatoriyasının (National Radioastronomy Observatory) tam dönən parabolik radioteleskopu yerləşir. Radioteleskop 1959-cu ildən 2010-cu ilə kimi Qərbi Virciniya ştatından ABŞ senatoru kimi çalışmış məşhur amerikan siyasətçisi Robert Karlayl Berdin (Robert Carlyle Byrd) şərəfinə olaraq «Qrin Benk radioteleskopu» («Green Bank radiotelescope») adlandırılmışdır. Cihaz 2000-ci ilin 22 avqustunda açılmış, işə salınmışdır. Radioteleskopun yanında tikilmiş nəzarət binasında onun mərkəzi idarəedici kompüteri, yazan qurğu (qeydə alan sistem) və antenna vasitəsilə qəbul edilmiş radio siqnallarının emal edilməsilə əlaqədar olan digər avadanlıqlar yerləşir.

 

Şəkil 6. Robert Karlayl Berd (Robert Carlyle Byrd; 1917–2010)

Observatoriya kodu «256», fokus məsafəsi 60 metr, hündürlüyü 148 metr, çəkisi 8500 ton, antenna güzgüsünün toplayıcı sahəsi 7854 kvadrat metr, tezlik diapazonu 0,1–116 hektohers (102 hers) olan, tam dönən (fırlanan) parabolik radioteleskop 2015-ci ilin iyun ayındakı qiymətləndirmələrə görə dünyada bu qəbildən olan qurğular arasında ən böyüyü hesab edilir. Onun antennasının (radio dalğalarını tutmaq və yaymaq üçün çəkilən məftilin) diametri 100 metdən artıqdır. Nəhəng qurğunun güzgüsü müvafiq oxları boyunca 100 x 110 metr ölçülərinə malikdir. Yerli sakinlər onu «böyük əşya», «nəhəng şey» adlandırırlar. Radioteleskopun üstünlüyü 1000 dərəcəni keçən dəqiqliklə göyün istənilən nöqtəsinə istiqamətlənə bilməsidir. Dalğanın minimal işçi uzunluğu 6 millimetr hesab edilir. Qurğunun qarşısında duran başlıca vəzifə planet, komet, pulsar və digər kosmik cisimlər, uzaq qalaktikalar və erkən kainat tərəfindən şüalandırılan radio dalğalarını müfəssəl tədqiq etməkdir.

 

Şəkil 7. Qrin Benk radioteleskopu yüksək dəqiqliklə işləyən nəhəng qurğudur.

Radioteleskopun topladığı məlumatlar astronomiya elmində dönüş yaratmış, bir sıra elmi kəşflər edilməsinə öz töhfəsini vermiş, xüsusən Süd yolunun 500 milyon işıq ili diametrinə malik qalaktikalar hiperyığını olan Laniakeyada yerləşməsi haqqında hipotezi təsdiqləməyə imkan vermişdir. Qrin Benk radioteleskopunun və digər teleskopların köməyilə 2014-cü ilin sentyabrında Laniakeyanın ilk üçölçülü xəritəsi yaradılmışdır. Xatırladaq ki, Laniakeyanın ilk tədqiqatının müəllifi Manoadakı Havay Universitetinin struktur bölməsi olan və ölkənin Havayi ştatının Honolulu şəhərində yerləşən Havay Astronomiya İnstitutunun əməkdaşı Riçard Brent Talli (Richard Brent Tully) olmuşdur. «Laniakeya» adı Honolulu kolleclərindən birində müəllim işləyən, daha doğrusu Havay Universitetinin bir hissəsi kimi fəaliyyət göstərən Kapiolani kollecində Dillər, Linqvistika və Ədəbiyyat Departamentinin professoru Navaa Napoleon (Nava’a Napoleon) tərəfindən təklif edilmişdir. «Laniakeya» adı Sakit okean boyunca naviqasiyada ulduzlu səma haqqındakı öz biliklərindən məharətlə istifadə etmiş Polineziya dənizçilərinin (dəniz səyyahlarının) şərəfinə olaraq, onlara hörmət əlaməti kimi məhz belə seçilmişdir. İngilis dilində «Laniakea» kimi yazılan həmin söz havay dilindən hərfi tərcümədə «hədsiz-hüdudsuz asiman», «geniş göy», «ucsuz-bucaqsız səma» deməkdir.

Şəkil 8. Riçard Brent Talli (Richard Brent Tully). 1943-cü ildə doğulmuşdur.

Şəkil 9. Qrin Benk radioteleskopunun sxematik təsviri

 

  

Şəkil 10. Qrin Benk parabolik radioteleskopu mükəmməl qurğudur

Şəkil 11. Qrin Benk radioteleskopunun uzaqdan görünüşü

 

Simsiz şəbəkələr radioteleskopun unikal avadanlıq və ləvazimatlarının funksional halı üçün təhlükəli hesab edilir. Elmi və hərbi teleskopların tam ölçüdə rahat işləməsi üçün müvafiq şəraiti yaratmaqdan ötrü 1958-ci ildə ABŞ Federal Agentliyi tərəfindən «radiosükut zonası» ayrılmışdır. Qurğunun tam ölçüdə fəaliyyətini təmin etmək məqsədilə Qrin Benk şəhərciyi ərazisində elektromaqnit dalğaları şüalandıran istənilən texniki vasitənin saxlanması və gəzdirilməsi qanunla qəti surətdə qadağan edilmişdir. Məsələ burasındadır ki, nəhəng qurğu kosmik cisimlərdən və uzaq qalaktikalardan gələn elektromaqnit dalğalarını qəbul etmək üçün quraşdırılmışdır. Misilsiz dəqiqliklə işləyən cihazın qəbul etdiyi siqnallar elə bir dərəcədə zəif olur ki, bunların qəbul edilməsinin mümkünlüyünə inanmaq çətindir, hətta elm adamları belə təəccüblərini gizlədə bilmirlər. Teleskopun radiusunda istənilən digər rabitə vasitəsinin cüzi müdaxiləsi siqnalları keyfiyyətli qəbul etməkdən onu tamamilə məhrum edə bilər. Ərazidə nəinki televizor, radio, mobil telefon, simsiz internet, digər əlaqə cihazları və rabitə vasitələrinin, hətta mikrodalğalı sobanın və benzinlə işləyən mühərrikə malik avtomobillərin istifadəsinə icazə verilmir. Mütəxəssislər bunu belə əsaslandırırlar ki, daxili yanma mühərriki elektromaqnit dalğaları mənbəyi olur, alışdırma şamlarının qığılcımları elektromaqnit dalğaları şüalandırır və cihazın fəaliyyətinə əngəl yaradır. «Sakitlik zonası» burada paytaxt Vaşinqtondan qərbə doğru 33000 kvadrat kilometrdən artıq bir sahəyə yayılır. Təmizliyə riayət etməkdən ötrü observatoriya əməkdaşları xüsusi avadanlıq və lavizimatlarla təchiz edilmiş furqonda hər gün  Qrin Benkdə və onun ətrafında patrul keşiyi çəkirlər. Yerli sakinlər zarafatla həmişəlik keçmişdə qaldıqlarını deyirlər. Aydındır ki, Qrin Benkdə bir çox texniki vasitələrin istifadəsinin qadağan edilməsi heç də inkişafca geridə qalma və baxımsızlıq əlaməti kimi deyil, radioteleskopun fəaliyyətinin təmin edilməsi üçün labüdən atılmış bir addım olaraq qiymətləndirilir.

         Şəkil 12. «Radiosükut zonası»

 

Radioteleskop ətrafında simsiz şəbəkələrdən istifadə olunması rəsmi şəkildə qadağan edildikdən sonra Qrin Benk şəhərciyi elektromaqnit hipersensitivliyindən əziyyət çəkən insanlar üçün populyar bir yerə, sığınacağa çevrilmişdir.

Balaca şəhərə üz tutan insanlar özlərindəki bir çox xəstəlik əlamətlərinin tamamilə aradan qalxdığını qeyd edirlər. Onların hamısı şəhərciyə gəldikdən sonra özlərini daha yaxşı hiss etdiklərini bildirirlər. Məsələn, Ayova ştatındakı fermadan Qrin Benk şəhərciyinə gələn biologiya doktoru Diana Şu (Diane Shur) buraya gəlməzdən qabaq tez-tez baş ağrılarından, dəri qaşınmasından, əzələlərin qeyri-iradi yığılma və dartılmalarından, görmə qabiliyyətinin pisləşməsindən və sinə nahiyəsində ağrılardan əziyyət çəkdiyini, ancaq indi onların hamısının keçib getdiyini bildirmişdir. Bəzi mənbələrdə Dayan Şu kimi təqdim edilən həmin insan özündəki naxoşluqların hamısının səbəbini şan baza stansiyalarında görmüş, buna əmin olmuşdur. Şüalanma təsirinə həddən ziyadə həssas olan qadın səhhətinin çox pisləşdiyi vaxtda bir müddət hətta «Faradey qəfəsi»ndə yaşamışdır. Radiosükut zonası haqqında təssüratlarını bölüşən qadının dediklərini elə öz dilindən eşidək: Bu yer mənə normal həyat sürmək imkanı verir. Mən artıq evdən rahat çıxa bilirəm. Mənə daha «Faradey qəfəsində» gizlənmək lazım gəlmir.

Əlbəttə, insan onu elektrik sahəsindən müdafiə edən bir «qəfəsdə» daim yaşaya bilməz. Şəhərciyə köçüb gələn «vay fay qaçqınlarının» sayının artıq yüzlərlə olduğu qeyd edilir. Hətta bir «qarışıq» nikahın qeydə alınması haqqında məlumat vardır. Tom Qrayms adlı bir fermer Florida ştatındakı öz işini buraxan və texnologiyadan uzaq durmaq üçün sığınacaq axtara-axtara bura gəlib çıxan Monika adında qızla evlənmişdir.

Dünyanın ən sakit şəhərinin yerli sakinlərindən Linda və Çarlz Ramsden haqlı olaraq deyirlər: «Burada adamların bir-birindən telefon nömrələrini, internet parolunu və yaxud tvitterdəki adlarını soruşmamaları bizim çox xoşumuza gəlir. Dünyadakı çoxlu sayda başqa yerdən fərqli olaraq Qrin Benkdə adamlar qonşuluqda kimlərin yaşadığını və onların adlarını bilirlər. Burada adamlar arasındakı ünsiyyət hələ saxlanılmışdır».

Maraqlıdır ki, şəbəkədən uzaq olmaq üçün şəhərciyə pənah gətirənlər burada quraşdırılmış və dünyada ən güclü sayılan radioteleskopun maqnit sahəsindən əsla qorxmurlar. Halbuki radioteleskopun maqnit sahəsi insan sağlamlığına «vay fay» ilə müqayisədə daha artıq dərəcədə neqativ (mənfi) təsir edə bilər.

Qeyd: mövzu üzrə daha ətraflı məlumatı Şahin Böyükağa oğlu Əlibəylinin «Sükut zonası» adlı monoqrafiyasından əldə edə bilərsiniz.

Şahin Böyükağa oğlu Əlibəyli