page

*


Article Image

«Psixiatriya» və «psixopatologiya» anlayışları arasında fərq varmı?

Məşhur alman alimi və həkimi İohann Xristian Reyl (Johann Christian Reil) 1803-cü ildə «psixiatriya» və «psixi terapiya üçün hospital» terminlərini təklif etmişdir. Ruhi xəstəliklər haqqında elm sahəsini ifadə etmək üçün İ. K. Reyl tərəfindən yaradılan «psixiatriya» («psychiatry») termini iki yunan sözünün birləşdirilməsindən ərsəyə gəlmişdir ki, psyche – ruh, qəlb, şüur, düşüncə və iatreia – əlac etmə, müalicə etmə, sağaltma deməkdir. Göründüyü kimi, «psixiatriya» məfhumu hərfən «ruhun müalicə edilməsi», «ruhun sağaldılması» kimi məna daşıyır. Lakin elə həmin dövrdən etibarən «psixiatriya» termini narazılıq doğurmuş, etirazla qarşılanmışdır. Avstriya psixiatrı və nevroloqu Teodor Herman Meynert (Theodor Hermann Meynert) belə bir terminin istiqamətləndirici xüsusiyyətinin həqiqətə uyğun gəlmədiyini, reallığı əks etdirmədiyini, yalan olduğunu hesab etmişdir. Görkəmli rus psixiatrı Vasili Alekseyeviç Gilyarovski XIX–XX əsrlərin hüdudunda «psixiatriya» terminini «anaxronizm» adlandırmışdır. Dövrünün böyük həkimi və alimi fikrini belə əsaslandırmışdır ki, həmin termin «ruhun və yaxud psixikanın bədəndən asılı olmadan mövcud ola, xəstələnə və hətta öz-özlüyündə müalicə edilə bildiyini nəzərdə tutmaqla», əsassız bir tələb ortaya qoymaqla yanlışlığa yol açır [2].

Barəsində danışılan elmi ifadə etmək, onu adlandırmaq üçün başqa terminlər yeritməyə dəfələrlə cəhd olunmuşdur. Məsələn, məşhur rus psixiatrı Viktor Petroviç Osipov onun yunan mənşəli terminoelementlərdən düzəltdiyi «tropopatologiya» termini ilə əvəz olunmasını təklif etmişdir ki, tropos – çevriliş, istiqamət, fəaliyyət üsulu, hərəkət tərzi və pathos – duyğu, hiss, əzab, xəstəlik, logos – söz, nitq, ağıl, məna, mühakimə, anlayış, ifadə, təlim, elm deməkdir. V. P. Osipovun nəzərincə, «tropopatologiya» termini hərfi məna etibarilə «davranış pozğunluqları haqqında elm» kimi açıqlanır. Məşhur rus psixiatrı və nevroloqu Vladimir Mixayloviç Bexterev «psixiatriya» termininin yerinə «patoloji refleksologiya» adını təklif etmişdir. Görkəmli ukraynalı psixiatr Aleksandr İvanoviç Yuşenko «psixiatriya» adının «personopatologiya» məfhumu ilə əvəzlənməsi fikrini irəli sürmüşdür [4; 5].

Əlbəttə, təklif edilən yeni adların hər birinin özünəməxsus çatışmazlıqları olmuşdur. Onların terminologiya şərtlərinə uyğun gəldiyinə heç kim etiraz etmək istəməz, amma bununla belə bir anlayış olaraq «psixiatriya» termininin yerini tutmaq iqtidarında olmadığını da unutmaq mümkün deyildir.

«Psixiatriya» termininin uğursuz olduğunu bir neçə kontekstdən əsaslandırmaq olar ki, bunların arasında həmin adla «psixi xəstəliklərin yalnız müalicəsi haqqında elm» təəssüratı yaranması daha çox qabardılmalıdır. Həqiqətən yunan mənşəli «iatreia» terminoelementi müvafiq sözlərə qoşulduqda müalicə işi ilə bağlı bir elm sahəsi təsəvvürünü doğurur. Məsələn, yaşa dolmuş orqanizmin fizioloji və psixi fəaliyyət xüsusiyyətlərini, qocalığın mahiyyətini və ictimai problemlərini öyrənən elm sahəsinə «gerontologiya», onun qocalıq dövrü xəstəliklərinin müalicəsi ilə məşğul olan sahəsinə «geriatriya» adı verilmişdir. Qərb ölkələrində «tibbi seksologiya» termini əvəzinə «seksual təbabət» və «seksiatriya» istilahları işlənir. Sovet imperiyasının «seks» sözündən istifadənin əxlaqsızlığa sürükləyəcəyindən daim ehtiyat etdiyi illərdə məşhur polyak həkim-seksoloqu, professor Kazimej İmelinskinin (Kazimierz Imielinski) bir kitabının orijinal adı «Seksologiya və seksiatriya eskizləri» (polyak dilində «Zarys seksuologii i seksiatrii») olduğu halda, 1986-cı ildə tibb elmləri doktoru, professor Georgi Stepanoviç Vasilçenkonun redaktorluğu ilə biologiya elmləri namizədi Aleksandr Bruyenka onu rus dilinə «Seksologiya və seksopatologiya» («Сексология и сексопатология») kimi tərcümə etmişdir [3]. Burada «seks» sözünün arxasına «patologiya» terminoelementi qoşulmaqla cinsi pozğunluqlardan bəhs edən bir elmə işarə olunması məqsədi güdülmüş və buna nail olunmuşdur.

Ümumiyyətlə, «patologiya» sözü bir çox elm sahələrinin adlandırılmasında kara gəlmişdir. Yaxın vaxtlara qədər «kardiopatologiya», «nevropatologiya», «psixopatologiya», «seksopatologiya» və başqa məfhumlardan geniş-boluş istifadə edilmişdir. Bu mənada «psixiatriya» termininin sinonimi qismində məhz «psixopatologiya» istilahına müraciət olunmuşdur. İlk baxışda belə təəssürat yaranır ki, «psixiatriya» termini ilə müqayisədə «psixopatologiya» istilahı daha münasib və uğurlu hesab edilə bilər. Ancaq «psixiatriya» və «psixopatologiya» terminlərinə münasibətdə müəlliflər arasında fikir ayrılığı var. Müəlliflərin bir qismi iddia edir ki, bunların arasında sərhəd çəkməyə heç bir lüzum yoxdur. Ancaq başqa müəlliflər «psixiatriya» və «psixopatologiya» terminlərinin eyniləşdirilməsinin əleyhinə çıxır, onların fərqləndirilməsini vacib sayırlar. Maraqlıdır ki, «psixiatriya» və «psixopatologiya» terminlərinin fərqləndirilməsi fikrini dəstəkləyən həmin müəlliflərin özlərinin arasında mübahisə yaranmışdır. Bu baxımdan bir neçə variant irəli sürülmüşdür:

1) psixopatologiya psixi xəstəliyin hər ayrıca halında davranışdakı kənarlanmanı təsvir etmək və aydınlaşdırmaq məqsədilə onun öyrənilməsilə məşğul olan elmdir və «psixiatriya» ilə müqayisə edilməlidir;

2) psixopatologiya psixiatriyanın bir bölməsi olub, psixi xəstəliklərin, psixopatoloji proses və halların ümumi qanunauyğunluqlarını öyrənir, buna görə «ümumi psixiatriya» hesab edilə bilər;

3) psixopatologiya psixi proses və hadisələrin normadan kənarlanmasını və xarakterinə görə xəstəlik dərəcəsinə çatmasını öyrənən elmdir;

4) psixopatologiya yalnız şizofreniya və depressiya kimi psixi pozğunluqların ümumi qanunauyğunluqlarını tədqiq edən elmdir, buna görə həmin termin psixi pozuntuların müalicəsinin praktik metodlarını deyil, onların yalnız bir neçə xüsusiyyətini, adətən etiologiyasını ifadə etmək üçün istifadə olunmalıdır;

5) psixopatologiya psixiatriyanın bir bölməsi olub, «diaqnoz», «patogenez», «simptom», «sindrom» və başqa tibbi anlayışlardan istifadə etməklə klinik metodlar əsasında psixi xəstəliklərin klinik təzahürünü öyrənir;

6) psixopatologiya psixiatriyanın psixika, şəxsiyyət və davranışın pozğunluqlarının müxtəlif aspektlərini, onların mənşəyini, inkişaf qanunauyğunluqlarını, klinik təzahürlərini, simptom əmələ gətirməsini, sistematikasını, diaqnostik kriterilərini, psixi proseslərin pozulmasının müayinəsi metodlarını, praktik işdə aşkara çıxarılmış kənarlanmaların diaqnostik əhəmiyyətini öyrənən, psixi pozğunluqların tədqiqindən hasil olan nəticələrdən insan psixologiyasının, bir tərəfdən psixi və personal kənarlanmaların qarşılıqlı təsiri proseslərinin, digər tərəfdən mədəniyyət və sosial proseslərin qarşılıqlı bağlılığının başa düşülməsində istifadə olunmasını araşdıran interdissiplinar (fənlərarası) bir sahəsidir;

7) psixopatologiya xəstəliklər haqqında təlimin bir bölməsi olub, psixozların və başqa psixi pozğunluqların inkişafının, təzahürü və gedişinin səbəb, qanunauyğunluq və mexanizmlərini öyrənir, həmçinin onların təsnifatı prinsiplərini göstərir, müalicəsi metodlarını işləyib hazırlayır və digər tərəflərini araşdırır;

8) psixopatologiya əməli əhəmiyyət kəsb etməkdən əlavə insan haqqında ümumi təlimin psixologiyadan savayı daha bir vacib tərəfidir.

Göründüyü kimi, psixopatologiya mövcud nöqteyi-nəzərlərin bir qisminə görə psixiatriyaya qarşı qoyulur, başqa hallarda onun bir bölməsi kimi nəzərdən keçirilir, bəzi hallarda psixiatriya hüdudundan kənara çıxmaqla xəstəliklər haqqında təlimin, hətta insan haqqında ümumi təlimin bir bölməsi kimi təqdim edilir.

Əslinə qalsa, «psixiatriya» və «psixopatologiya» terminlərini qarşı-qarşıya qoymaq, onlardan birini digərindən üstün tutmaq olmaz. Tibb elminin bir sahəsi olaraq «psixiatriya» və «psixopatologiya» istilahlarının eyniləşdirilməsində elə bir qəbahət yoxdur. Sadəcə olaraq son illərdə «patologiya» sözünün elm sahələrini ehtiva edən terminlərə bir element kimi qoşulması ənənəsindən uzaqlaşma cəhdləri güclənmişdir. Buna görə «nevropatologiya», «psixopatologiya», «seksopatologiya» kimi istilahların işlənməsi erasının başa çatdığını zənn etmək olar. Bu barədə rusiyalı məşhur alim və həkim Qabriel Lazareviç Biliç 2007-ci ildə çap etdirdiyi «Seksologiya üzrə sorğu kitabı»nda haqlı olaraq qeyd etmişdir: «Seksopatologiyanın ayrıca fənn kimi ayrılması süni və qondarma bir şeydir. Əgər bu prinsipdən çıxış edilərdisə, onda «uropatologiya», «pulmopatologiya», «kardopatologiya», «nefropatologiya» kimi sahələr ayırmaq lazım gələrdi. Belə cəfəng, mənasız nümunələrin sayını artırmaq olardı. Xoşbəxtlikdən, bu fikir heç kimin başına girmir» [1].

Sonda bir şeyi qeyd edək ki, «psixopatologiya» məfhumu təkcə «psixiatriya» termininin sinonimi qismində işlənmir, eyni zamanda psixi xəstəliyin simptom və sindromlarının məcmusunu özündə ehtiva edir. Bu mənada psixopatologiyaya münasibətdə əsasən iki cür baxış mövcuddur:

1) psixopatologiya sadəcə hər hansı psixi xəstəliyin klinik cəhətdən təzahür edən əlamətlərinin cəmidir ki, onu psixi sahənin patologiyası, psixi xarakterli pozuntuların məcmusu kimi nəzərdən keçirmək olar;

2) psixopatologiya psixi funksiyanın icrasının patoloji patternidir ki, onu kənarlanma, distress, disfunksiya və yaxud təhlükəlilik patterni kimi təsvir etmək olar.

Mətndə rast gəlinən personalilər haqqında qısa məlumat

Bexterev Vladimir Mixayloviç (rus. Владимир Михайлович Бехтерев; 1857–1927) – məşhur rus psixiatrı, nevroloqu, fizioloq və psixoloqu, Rusiyada refleksoloji və patopsixoloji istiqamətin banisi.

Biliç Qabriel Lazareviç (rus. Габриэль Лазаревич Билич) – rusiyalı məşhur alim və həkim, fizioloq və farmakoloq, tibb elmləri doktoru, professor, Rusiya Təbiət Elmləri Akademiyasının akademiki, Milli Yuvenologiya Akademiyasının vitse-prezidenti, Beynəlxalq Elmlər akademiyasının akademiki, Şərqi Avropa Psixoanaliz İnstitutunun Şimal-Qərb filialının direktoru, insan anatomiyası atlaslarının və «Seksologiya üzrə sorğu kitabı»nın müəllifi.

Bruyenka Aleksandr (rus. Александр Бруенка) – biologiya elmləri namizədi.

Gilyarovski Vasili Alekseyeviç (rus. Василий Алексеевич Гиляровский; 1876–1959) – görkəmli rus psixiatrı, sabiq ittifaqın Tibb Elmləri Akademiyasının akademiki, əməkdar elm xadimi, həm ölkə daxilində, həm də onun hüdudlarından xaricdə dəfələrlə yenidən nəşr edilmiş psixiatriya rəhbərliyinin müəllifi.

İmelinski Kazimej (poly. Kazimierz Imielinski; 1929–2010) – məşhur polyak həkim-seksoloqu, Polşada seksologiyanın pioneri, habilitasiya olunmuş doktor, professor.

Meynert Teodor Herman (ing. Theodor Hermann Meynert; 1833–1892) – Avstriya psixiatrı və nevroloqu, beyin anatomiyası və fiziologiyası üzrə nüfuzlu mütəxəssis.

Osipov Viktor Petroviç (rus. Виктор Петрович Осипов; 1871–1947) – məşhur rus psixiatrı, psixiatriya üzrə tələbələr üçün dərsliyin müəllifi, böyük ölkədə hərbi psixiatriyanın təşkilatçılarından biri.

Reyl İohann Xristian (alm. Johann Christian Reil; 1759–1813) – məşhur alman təbibi, fizioloq, filosof və pedaqoq.

Vasilçenko Georgi Stepanoviç (rus. Георгий Степанович Васильченко; 1921–2006) – məşhur rus həkim-nevroloqu, tibb elmləri doktoru, professor, seksoloji pozuntusu olan xəstələrin sistemli müayinəsi metodunun yaradıcısı, seksologiyanın bir ixtisas kimi müstəqilliyinin tərəfdarı, həkim-seksoloqlar üçün ilk dərslik və rəhbərliklərin müəllifi, keçmiş Sovet Sosialist Respublikaları İttifaqında seksologiyanın əsasını qoyanlardan biri və Səhiyyə Nazirliyinin baş seksopatoloqu, Moskva Psixiatriya Elmi-Tədqiqat İnstitutunun seksopatologiya şöbəsinin və Ümumittifaq elmi-metodik mərkəzinin rəhbəri.

Yuşenko Aleksandr İvanoviç (rus. Александр Иванович Ющенко; 1860–1935) – görkəmli ukraynalı psixiatr, tibb doktoru, professor.

 

İstifadə olunmuş mənbələr

1. Билич Габриэль Лазаревич. Справочник по сексологии. Справочное издание [Текст]. Москва, издательство «Оникс», 2007, 626 стр.

2. Гиляровский Василий Алексеевич. Психиатрия. Руководство для врачей и студентов [Текст]. 4-е издание, исправленное и дополненное. Москва, «Медгиз», 1954, 520 стр.

3. Имелинский Казимеж. Сексология и сексопатология / Перевод с польского [Текст]. Москва, издательство «Медицина», 1986, 424 стр.

4. Коркина Мария Васильевна, Лакосина Надежда Дмитриевна, Личко Андрей Евгеньевич, Сергеев Игорь Иванович. Психиатрия [Текст]. 3-е издание, Москва, издательство «Медпресс-информ», 2006, 576 стр.

5. Рожкова Тамара Валентиновна. История психиатрической терминологии как отражение научной мысли [Текст] // Журнал «Известия Самарского научного центра Российской академии наук», выпуск № 2–4, том 13, 2011

 

Şahin Böyükağa oğlu Əlibəyli