page

*


Article Image

Qan hər şey deməkdir

Qan orqanizmin bütün toxuma və hüceyrələri ilə funksional cəhətdən sıx əlaqədə olan maye mühitdir. Hələ lap qədim zamanlardan insanlar bu qırmızı rəngli mayenin həyat üçün zəruriliyini, sağ qalmaqda böyük əhəmiyyət kəsb etdiyini başa düşmüşlər. Ən qədim dövrlərdə ovçular müşahidə etmişlər ki, yaralanaraq çoxlu qan itirən heyvan tədricən qüvvəsini itirir və onun həyatı sönür. İnsanlar açıq-aydın görürdülər ki, düşmənlə döyüşdə yaralanmış əsgərin çoxlu qan itirməsi onun ölümünü labüd edir.

Qədim insanlar qanı tənəffüs hərəkətləri vaxtı nəfəslə orqanizmə daxil olan və onu canlandıran bir həyat qüvvəsinin daşıyıcısı hesab edir, bir çox dini ayin və mərasimləri məhz onunla əlaqələndirirdilər. Şərqi Afrikada masay tayfasının ən çox sevdiyi içki inək qanının süddə qarışığıdır. Onlar belə hesab edirlər ki, həmin içki bədənə qüvvə verir və insanı cavan saxlayır.

Vaxtilə əcinələrin «rəğbətini» qazanmaq üçün qurban olaraq onlara qan gətirilirdi. Məhsulu artırmaqdan ötrü toxumu səpməzdən qabaq qanda isladır və həmçinin əkin üçün nəzərdə tutulmuş torpaqlara bu «həyat mayesindən» çiləyirdilər. Bir çox qədim xalqlarda müqavilə və ittifaqlar, habelə təntənəli andlar qollarını çərtib qanlarını qarışdırmaqla təsdiq edilirdi.

Həyatda çətinliklə əldə olunan hər bir şey qanla əlaqələndirilirdi. İndinin özündə belə insanlar çoxdan arzu etdikləri bir şeyə yetişəndə «qan-tərə batandan sonra nail olmuşam!» – deyirlər.

Hələ çox-çox əvvəllər insanlar güman edirdilər ki, öz düşmənlərinin içərisində cəsurluğuna görə fərqlənənlərin qanını içməklə onlar kimi yenilməz və mübariz olmaq mümkündür. İndinin özündə qorxaq adamın keçirdiyi hiss barəsində danışarkən adətən belə deyirlər ki, «elə bil qan gördü!»

Hələ qədim zamanlarda insanın xarakter və emosiyalarının bir çox hallarda qanın xüsusiyyətləri ilə müəyyən edildiyini bilirdilər. «Qanın qaralması» adlandırılan hadisə məhz qədimdən qalmış belə təsəvvürlərdə aydın ifadəsini tapır. Əməl və hərəkətləri qıcıqlandırıcı təsir bağışlayan bir kimsənin üzərinə gedərkən «qanımı qaraltma» kəlmələri dilə gətirilir. Qan qaraltmaq – acıqlandırmaq, dilxor etmək, pərt etmək, əsəbiləşdirməkdir. Qanı qaralmaq – kefi pozulmaq, əhvalı təlx olmaq, çox pərt olmaqdır. Xalqın bu müdrik zənni qan haqqında müasir elmi təsəvvürlərlə təsdiq olunur. Belə ki, mənfi emosiyalar və bir çox həyəcanlanmalar, habelə ağır xəstəliklər zamanı al-qırmızı qanda oksigenin və qida maddələrinin miqdarı kəskin azaldığından onun rəngi daha da tündləşir. Vaxtilə Roma dövlət və siyasi xadimi, sərkərdə və yazıçısı Yuli Sezarın (Julius Caesar) əsgər seçdikdə onları qəsdən ciddi təhlükəyə məruz qoyması və belə hallarda bənizi avazıyanları deyil, əksinə, qızarıb pörtənləri götürməsi haqqında məlumatlar tarixdə indiyədək saxlanılmışdır. Müasir elm sübut edir ki, təhlükəli məqamda bənizin avazıması təşviş, həyəcan və qorxunun mediatoru (oyanma ötürücüsü) olan adrenalinin həddindən artıq miqdarda qana ifraz olunması ilə əlaqədardır. Hətta adrenalin üçün «avariya hormonu» kimi bir obrazlı termin təklif edilmişdir. Halbuki təhlükəli situasiyada sifətin dərisinin qızarması acıq, cəsarət və qəzəbin mediatoru olan noradrenalinin nisbətən səthdə yerləşən damarlara genişləndirici təsir göstərməsi ilə bağlıdır.

Qanın çoxlu sayda fizioloji rolunu, onun neçə-neçə funksiyasını sadalamaq mümkündür. Ancaq yuxarıda qeyd edilənlər də insan həyatının qorunmasında bu maye birləşdirici toxumanın olduqca böyük əhəmiyyət kəsb etdiyini kifayət qədər təsdiqləyir. Həqiqətən qan hər şey deməkdir.

 

Şahin Böyükağa oğlu Əlibəyli