page

*


Article Image

Sual kimə verilib: Əli əleyhissəlama, yoxsa Konfusiyə?

Bəzən kimisə, yaxud nəyisə gözləmək lazım gələn hallarda həmişə əlimə bir kitab, jurnal, qəzet alıb vaxtımı onunla söhbətdə olmaqla keçirməyə çalışıram. Yaxın qohumlarımdan birinin evindəydim. Evin yiyəsi bir qədər yubandığından onu gözləməyimi xahiş etdilər. Qohumlarım mənim boş vaxtımı mütaliə ilə keçirdiyimi yaxşı bildiklərindən jurnal stolunun üstünə bir neçə kitab və qəzet qoymuşdular. Yazıçı və publisist Bəhram Məhəmməd oğlu İbrahimovun 2010-cu ildə çap etdirdiyi «Möcüzəli insan – böyük şəxsiyyət» adlı kitabını vərəqləməyə başladım. Doğrusu, mənim ixtisasıma uyğun gələn kitab olmadığından əvvəlcə marağımı elə çox cəlb etməmişdi. Kitabın bir yerində «Bunları bilmək maraqlıdır» başlığı altında material verilmişdi. Çox sevincək halda oxumağa başladım, hətta süzülmüş çay da artıq soyumuşdu. Oxuduğum materialda olan hadisəni köçürmək istəyirdim, ancaq kitabı istəməyə utanırdım. Evin yiyəsi artıq gəlib çıxmışdı. Qocaman professor olan bu insanın evindəki otaqlardan birində elmi yaradıcılıq üçün hər cür şərait yaradılmışdı. Kompüterdən tutmuş kseroks aparatına qədər hər şey vardı. Professordan kitabın dörd səhifəsinin surətini çıxartmağı xahiş etdim, sonra istinad etmək üçün lazımi məlumatları qələmlə yazıb təşəkkürümü bildirərək evə gəldim. Əvvəlcə B. M. İbrahimovun təsvir etdiyi hadisəyə diqqət yetirək:

«Məlum olduğu kimi, islam dinində kişilərə bir neçə arvad ilə evlənməyə icazə verilir. Bu icazə qadınlar arasında söz-söhbətə səbəb olur və son nəticədə bir qrup qadın toplaşaraq imam Əli əleyhissəlamın hüzuruna gəlib öz narazılıqlarını bəyan edib, bunun səbəbini soruşublar. İmam Əli əleyhissəlam onları diqqətlə dinlədikdən sonra şəriət qanunlarına görə qadınların kişilərdən ayrılması məsələsini onlara başa salmaq üçün kiçik bir qabda su gətizdirib ortaya qoyur. Ortalığa qoyulan su qablarının sayı şikayətə gəlmiş qadınların sayı qədər olmuşdur. İmam Əli əleyhissəlam bu su qablarından hər bir qadına birini verir. Qadınlara verilən qablarda da su varmış. İmam qadınlara deyir ki, hər kəs əlindəki qabda olan suyu bu böyük su qabına töksün. Qadınlar bu tələbi yerinə yetirdikdən sonra imam Əli əleyhissəlam qadınlardan əmr edir ki, hər biriniz qabınızdakı suyu bu böyük qabdan götürün. Qadınlar cavab verirlər ki, ey həzrət, bu mümkün deyildir. Axı bu böyük qabda toplanan su bir-birinə qarışmışdır... İmam Əli əleyhissəlam buyurur: «Əgər bir qadının bir neçə əri olsa, istər-istəməz onların hamısı ilə əlaqədə olandan sonra hamilə olacaq. Necə ola bilər qadın bu uşağın hansı nəsildən olmasını müəyyən etsin». Bu misalla o qadınları başa saldı ki, qadın heç cür edə bilməz ki, bir neçə kişiyə ərə gedə bilsin...» (səh. 92).

Oxuduğum materialda olan hadisə çox tanış gəlirdi, nə vaxtsa bunu haradansa oxuduğumu, yaxud kimdənsə eşitdiyimi heç cür yadıma sala bilmirdim. İnternetdə qısa axtarış etməklə oxşar materialla rastlaşdım. Yazıçı B. M. İbrahimovun təsvir etdiyi hadisədə VII əsrdə yaşamış birinci imam və xəlifə Əli ibn Əbu Talib əleyhissəlama ünvanlanan sualın çox oxşar bir şəkildə qədim Çinin görkəmli mütəfəkkiri Konfusiyə (Confucius) verildiyi maraq doğurmaya bilməzdi. Əlbəttə, onların hər ikisi çətin suallara cavab vermək iqtidarında olmuş şəxslərdir. Buna heç kim etiraz etmək istəməz. İndi gəlin rus dilində olan mətni tərcümə edək və orada yazılanlara diqqətlə nəzər yetirək:

«Bir dəfə böyük Çin mütəfəkkiri və pedaqoqu, konfusiçiliyin banisi Konfusinin yanına həmin dövr üçün yaxşı təhsil görmüş, yüksək mədəniyyətli  bir qadın gəlir və ona belə bir sual verir:

– Konfusi, deyə bilərsinizmi ki, nəyə görə qadının çoxlu məşuqu olduqda dərhal onu pisləyir, məzəmmətləndirir və ictimai qınağa məruz qoyurlar, ancaq kişinin bir neçə məşuqəsi olması onun sosial statusunu yüksəldir və nüfuzunu artırır?

Əlbəttə, Konfusi çox oxumuş qadının sözlərində həqiqət olduğunu yaxşı anlayırdı, lakin kişinin bir neçə qadınla cinsi həyat sürdüyü təqdirdə onun nəinki qınanmaması və töhmətləndirilməməsi, üstəlik cəmiyyətdəki mövqeyinin yaxşılaşması və hörmətinin artması sualına dürüst cavab verməliydi. Filosof ziyalı qadının sualına cavab verməzdən qabaq səsini çıxarmadan yaxşıca bir çay dəmlədi və onu altı fincana süzdü. Bundan sonra Konfusi qadından soruşdu:

– Deyə bilərsinizmi ki, dəmlənmiş çayı bir çaydandan altı fincana süzməyi normal hesab etmək olarmı?

– «Bəli» deyə qadın cavab verir. Onda Konfusi üzünü qadına tutaraq deyir:

– İndi təsəvvür edin ki, bir fincana çayı altı çaydandan, özü də hamısı birdən olmaqla süzürlər, buna necə baxardınız? Qadın cavabında belə bir şeyin yaxşı təsir bağışlamayacağını, bir fincan çayı süzmək üçün bir çaydan artıqlaması ilə kifayət etdiyi halda, altı çaydana ehtiyac qalmadığını söyləyir. Artıq fikrini çatdırmağa nail olduğunu düşünən filosof deyir:

– Bax, görürsən! Əgər dəmlənmiş çay bir fincana eyni vaxtda altı çaydandan süzülərsə, həqiqətən bunu hər kəs tərəddüd etmədən anormal və qeyri-təbii hesab edər, eləcə də bir qadının çoxlu sayda kişi ilə cinsi həyat yaşamasına yaxşı hal kimi baxıla bilməz...»

 

Şahin Böyükağa oğlu Əlibəyli