page

*


Article Image

«Sükut zonası»

Dünyada əsrarəngiz və anlaşılmaz çox yer vardır. Belə yerlərdə hələ qədim zamanlardan çətinliklə izah edilən, hərdən heç bir vəchlə anladıla bilməyən hadisələr baş verir. Sirr və qəribəliklərlə dolu olan, müəmmalı cəhətlərilə tədqiqatçıların nəzərlərini özünə cəlb edən yerlərdən biri Meksikada «sükut zonası» kimi tanınan ərazidir. Həmin ərazi ilk baxışda planetimizin üzərində heç də az sayda olmayan adi səhralardan biri olduğu güman edilə bilər. Lakin ərazidə radio rabitəsinin olmaması, elektromaqnit dalğaları buraxan cihazların sıradan çıxması, qeyri-adi canlılar aləminin, müəmmalı xarabalığın və «səmavi qonaqların» aşkar olunması oranı başqa səhralardan kəskin surətdə fərqləndirir. Bir çoxları inanmaq istəməsə də, ancaq həqiqətdə belədir. Radio rabitəsinin heç vaxt alınmaması daha çox heyrət doğurur. Əlbəttə, müəyyən bir yerdə radio əlaqəsinin qətiyyən baş tutmaması olduqca qəribə hadisədir. Həmin ərazi mütəxəssislər tərəfindən «radiosükut zonası», orada yaşayan yerli sakinlər tərəfindən isə sadəcə «sükut zonası» adlandırılmışdır. Ona başqa sözlə «sakitlik zonası», yaxud «sükut rayonu» da deyilir. Hələ milyon illər bundan qabaq özünün bol suyu ilə bu yerləri basmış qədim okeanın adına uyğun olaraq qeyri-adi ərazini «Tetis dənizi» də adlandırırlar.

«Sükut zonası» Meksikanın şimalındakı Mapimi şəhərində, ölkənin üç ştatının arasında – Duranqo, Çiuaya və Koauila ştatlarının sərhədində, elə böyük olmayan Sebalyos şəhərinin yanında, ondan cəmi 25 mil (40 kilometr) aralıda, Amerikanın Texas ştatına məxsus El-Paso şəhərciyindən 400 mil (644 kilometr) cənuba doğru yerləşir. İnzibati baxımdan Duranqo ştatına daxil olan «sükut zonası» səhranın ən qəribə və təəccüblü bir yeridir, biyabanın qeyri-adi və anlaşılmaz bir hissəsidir.

«Sükut zonası» kənarları boyunca dağlar yerləşən, özü isə yastı düzənlik olan bir yerdir. «Zona» alçaq dağların əhatəsində olduğundan yuxarıdan bir vadi (dərə) kimi görünür.

    

   

Şəkil 1. Meksikadakı «sükut zonası»nın başlamasını göstərən işarə

Məlumdur ki, «sükut zonası» şimal enliyinin 26–28-ci və qərb uzunluq dairəsinin 102–106-cı dərəcələri arasında yerləşir. Planetimizin digər müəmmalı nöqtələrinin (Bermud üçbucağı, Misir piramidaları, Himalaydakı budda monastırları, həmçinin nə vaxtsa əfsanəvi Atlantida ölkəsinin mövcud olduğu yer) məhz bu coğrafi koordinatlarda yerləşməsi elm adamları tərəfindən maraqla qarşılanır və bunun bir təsadüf olduğuna inanmaq çox çətindir. Həqiqətən «sükut zonası» anlaşılmazlığına, müəmmalılığına görə yalnız həmin yerlərlə müqayisə edilə bilər və buna layiqdir. Sirr və müəmmalarla dolu olan və bütün dünyada tanınan həmin yerlərin hamısının «radiosükut zonası» ilə eyni paraleldə yerləşdiyinə əmin olmaq üçün xəritə üzərində barmaqlarını gəzdirmək kifayətdir. Əlbəttə, onların hamısının eyni bir coğrafi enlikdə yerləşməsinin səbəbləri bir daha araşdırılmalı və tədqiqatçıları tam qane edəcək hərtərəfli izahı verilməlidir. Alimlər inandırmağa çalışırlar ki, Meksikadakı «sükut zonası» qorxunc adı sənədlərlə təsbit olunmuş Bermud üçbucağının sanki quruda olan bir variantıdır.

«Sükut zonası» insanda dərhal həzinlik, qəmginlik, məyusluq doğuran bir sahədir. Buraya düşən istənilən cəsarətli insan dərhal bir müəmmalı qorxu, anlaşılmaz vahimə, izahedilməz dəhşət keçirir. Ərazini seyr edən insan özündən asılı olmayaraq qəribə qorxu hissi yaşayır, yalnız kədərlilik duyur, çox qısa zaman ərzində ruhdan düşür, ümidsizliyə qapılır. Qum, kaktus, zəhərli ilan, sayca çox az adam – «zonanın» malik olduğu bütün zənginlik məhz bunlardan ibarətdir. Düzəngahlığın yalnız hərdənbir gözə dəyən cansız tikanlı kolcuqları, zəif inkişaf edən kaktusları, çoxlu sayda olan sürünənləri, xüsusən qəribə tısbağaları və zəhərli ilanları onun qorxunc təsirini bir qədər də gücləndirir.

Şəkil 2. «Radiosükut zonası»nda saatın dayanması, kompasın düzgün işləməməsi, orada qəribə struktura malik daşların tapılması tədqiqatçıların diqqət mərkəzində dayanır.

Bununla belə, insanlar hələ tarixə qədərki zamanlardan burada məskunlaşmış, sayca elə çox olmayan bulaqların ətrafında öz məskənlərini qurmuş, kəndlərini salmışlar. Ancaq bulaqların çox bir hissəsinin suyu çəkilmiş, yalnız bəziləri qurumamışlar. «Sükut zonası» praktik olaraq iri yaşayış qəsəbəsinin olmadığı bir yerdir. Daimi yaşayış yeri kimi oranın seçilməsi heç bir vəchlə üstün tutulmur. Bu gün «zonanın» yalnız kənarları boyunca, dağlara yaxın ərazilərdə yerli sakinlər yaşayırlar. Son illərin məlumatına görə, Mapimi şəhərində yaşayan adamların sayı cəmi 4765 nəfərdir.

«Sükut zonası» sirli və sehrli bir yerdir, sanki xəyal aləmində cərəyan edən hadisələrin baş verdiyi ərazidir. Dünyanın bu ucqar hissəsində sanki bəşəriyyətin gözlərinin bağlı olması haqqında qeydlərə tam bəraət qazandırmaq lazım gəlir.

Bütün bunlara rəğmən gözəllik, axar-baxarlılıq nöqteyi-nəzərindən «sükut zonası» insana olduqca güclü təsir bağışlayan, onda çox dərin təəssürat yaradan bir yerdir. Demək olar ki, həmişə buludsuz, açıq olan mavi səma və qırmızımtraq-sarı rəngdə qumlu torpaq kənardan kifayət qədər qəşəng və cəlbedici görünür. Ərazinin bütün ekzotik mənzərəsi elə yüksək olmayan yasəməni-narıncı rəngdə dağlarla haşiyələnmişdir.

«Sükut zonası»nı təkcə alim və səyyahlar tədqiq etmir, eyni zamanda jurnalistlər (müxbirlər, fotoqraflar) onun barəsində materiallar hazırlayırlar.

Qəribə yerin başlıca «ləzzəti», «füsunkarlığı» heç bir texniki vasitənin burada işləyə bilməməsidir. Avtomobilin mühərriki qəfildən dayanır (səsi kəsilir), yaxud gözlənilmədən onun işində fasilə yaranmasından ibarət pozğunluq müşahidə edilir. Araşdırmalar nəticəsində məlum olur ki, «dərədə» radio rabitəsi mütləq mənada, qətiyyən mümkün deyildir. Burada görünə biləcək bir əngəl, şübhə doğuracaq bir səbəb olmadan hansısa naməlum qüvvə dövri olaraq radio və televizor efirində siqnalları boğur, onları söndürür, səsini batırır. Çox vaxt radio tam gücü ilə qoşulmasına, səs artırıcısının lap axırıncı həddə qədər burulmasına baxmayaraq yenə səsi çıxmır, yaxud güclə eşidilir. Bu yaşayış məntəqəsindən təxminən 50 kilometr adamsız səhraya doğru gedilərsə, orada radio tam sönür. Ancaq «zonada» az sayda yerlər var ki, orada antenanı lazım olan səmtə yönəltdikdə hətta gücü az olan qəbuledici sanki cana gəlir və çox uzaq məsafələrdəki stansiyalardan siqnalları qəbul etməyə başlayır. Məsələn, zəif hesab edilən qəbuledicinin antennasını müvafiq istiqamətə tuşlamaqla Yaponiya və yaxud Çində yayımlanan verilişləri izləmək mümkündür. Lakin çox vaxt radioqəbuledicilər susmağa üstünlük verir, yaxud naməlum dillərdə aydın olmayan hansısa bir nitqi translyasiya edir. Hər necə olsa, radioqəbuledicilərin fəaliyyəti qənaətbəxş sayılmır. Radioqəbuledicilərin burada əsasən susması heç cür izah edilə bilmir. Heç bir radio və televizorun veriliş qəbul etməməsi nəzərləri daha çox cəlb edən bir hadisə kimi qarşılanır. Yerli sakinlər tərəfindən verilən «sükut zonası» adı elə buradan götürülmüşdür. «Sükut zonası»nda digər cihazlar dəyişməz surətdə sıradan çıxır, məsələn, aydın olmayan səbəbdən həmişə saatlar dayanır, istər qol saatları, istərsə də avtomobildə və hər hansı cihazda olan saatlar artıq işləmir, kompasın əqrəbi bir yerdə dayanmır, əsir-yesir qalmış kimi çox böyük sürətlə fırlanır, çünki planetin hissələrini səhv salır, cəhətləri müəyyənləşdirə bilmir, daim axtarış etdiyindən oynayır, müvafiq cəhəti bildirmək əvəzinə eyni vaxtda qarmaqarışıq hərəkətlərlə dünyanın dörd bir tərəfini göstərir.

«Sükut zonası»nda radiasiya səviyyəsi yol verilən çərçivədə olmasına baxmayaraq reallığı nəzərə aldıqda yüksək səviyyədədir. Hərçənd mütəxəssislər «zonada» radioaktiv şüalanma aşkar olunmadığını qeyd edirlər, amma bunu tamamilə inkar etmək mümkün deyildir. Birincisi, ərazinin zəngin uran ehtiyatı olduğu sübuta yetirilmişdir. İkincisi, «zonada» baş verən qəzalardan, anomal hadisələrdən sonra dəfələrlə radioaktivliyi yüksək olan maddə qalıqları aşkar edilmişdir.

Planetin digər isti nöqtələrinə nisbətən burada ultrabənövşəyi şüalanma orta hesabla 30 % çoxdur. Yer kürəsinin ən isti yerlərilə müqayisədə burada Günəş şüalanmasının təxminən 30 % civarında artıq olmasını dərindən araşdırmaq lazım gəlirdi. Bu qəribə hadisənin dürüst izahını vermək hələ indiyə qədər heç kimə müyəssər olmamışdır.

«Sükut zonası»nın maraqla qarşılanan daha bir cəhəti burada yerli fauna və flora nümayəndələrində qeyri-adi mutasiyaların qeydə alınmasıdır. «Radiosükut zonası»nın fauna və florası müxtəlif dərəcədə mutasiyaya malikdir. Həqiqətən Meksikanın «sükut zonası» dünyada bitki və heyvanların bir neçə nadir növünün (bənövşəyi kaktus, səhra tısbağasının endemik versiyası) yaşadığı yerdir. Ekoloq alimlər bəzi heyvan növlərini, məsələn, ölçüsünə görə dünyada ən böyük hesab edilən və sarı gözləri olan nəhəng quru tısbağasını məhz burada aşkara çıxarmışlar. Rast gəlinən heyvanlar arasında sarı gözləri olan nəhəng ölçüdə tısbağadan başqa, bədən ölçülərinə görə ondan bir qədər geri qalan, lakin əvəzində iki başı olan tısbağa, həmçinin ikibaşlı kərtənkələ, qorxulu düşmənlər olmadığı halda zəhər vəziləri həddən artıq inkişaf etmiş ilanlar haqqında dolğun məlumat əldə edilməsi lazım gəlir. Güman olunur ki, heyvanların qeyri-adi forma qazanmaları və əcaib-qəraib rəng almaları onların Günəş şüalanmasına uyğunlaşmasının məhsuludur. Canlılar ultrabənövşəyi şüalanmanın Yer kürəsinin başqa isti yerlərində olduğuna nisbətən daha artıq səviyyəyə çatdığı bir əraziyə məhz bu yolla uyğunlaşmışlar.

Öz həyatının xeyli hissəsini anomal rayonu öyrənməyə həsr etmiş doktor, Meksika professoru Santyaqo Qarsia apardığı tədqiqatlarla qəribə səhra haqqında fikirlərin yaxın illərdə meydana çıxmadığını göstərmişdir. Əlbəttə, ərazinin qeyri-adi olması haqqında məlumatlar əbəs yerə belə geniş yayıla bilməzdi.

 

Şəkil 3. «Radiosükut zonası»nın fauna və florası alimlər tərəfindən diqqətlə öyrənilir.

«Radiosükut zonası» ilk dəfə XX əsrin 30-cu illərində aşkar olunmuşdur. Belə ki, 1930-cu ildə Meksikanın şimal ştatlarından birinin sakini, aviator Fransisko Sarabiya vadinin (dərənin) üzərindən uçarkən səyyar radio stansiyası hesab edilən ratsiyanın sıradan çıxdığını, naviqasiya cihazlarının göstərdiyi məlumatların vizual müşahidəyə müvafiq gəlmədiyini müəyyənləşdirmiş, lakin anomal zonanı tərk etdikdən sonra aparat və qurğuların hamısının normal iş qabiliyyətinin bərpa olunduğunu müşahidə etmiş, baş verənlər barəsində rəhbərliyə raport vermişdir. Təyyarəçi rəhbərliyə təqdim etdiyi hesabatında yazmışdır ki, «sükut zonası» üzərindən uçub keçərkən təyyarənin radio rabitəsi daxil olmaqla bütün cihazları çox müəmmalı, anlaşılmaz surətdə eyni vaxtda işini dayandırmışdır. Fransisko Sarabiya yazılı və şifahi məlumatında onlara qiymət verilməsini istəmişdir. Aviabazanın texniki xidmət üzrə mütəxəssisləri məsələni araşdırmağa başlamış, cihazları yoxlamış, bir neçə testdən keçirmiş, lakin heç bir nasazlıq və kənarlanma əlaməti aşkara çıxarmamışlar. Fransisko Sarabiya «lənətlənmiş yerin» ilk qurbanı kimi tarixə düşmüşdür. Lakin həmin vaxt heç kim onun başına gələnlərə lazımi qədər qiymət verməmişdir.

Təmiz təsadüf olan bir hadisə «lənətə gəlmiş ərazinin» prinsip etibarilə «rəsmi surətdə» müəyyənləşdirilməsinə kömək etmişdir. 1964-cü ildə mühəndis və kimyaçı Harri de la Penya bu səhra rayonunda San-İqnasio təpəsinin yaxınlığında olan ərazidə geofiziki kəşfiyyat işləri aparırdı. Mühəndis qeyd edilən ərazidə daha çox dayanmalı olur. Lakin kəşfiyyatçı gözlənilmədən rabitəsiz qalır, çünki onun ratsiyası işini dayandırır. Harri öz radiostansiyasının qurulma dəstəyini nə qədər burursa da, ancaq efir ona ölü bir sakitliklə cavab verir. Dəstəyin bir neçə dəfə istiqamətinin dəyişdirilməsindən lazımi nəticə alınmadığını görən mühəndis aparatın sındığını güman edir, cihazın sıradan çıxmasına təəssüflənir və onu təmir etdirmək məqsədilə vadini tərk edərək bazaya qayıdır. Lakin bazada ratsiyanın qırılmadığı, nasaz olmadığı aydınlaşdırılır, onun mütləq işçi vəziyyətdə olduğu tədqiqatçıya bildirilir. Kəşfiyyatçı «mənhus regionun» müəmmalı yerinə növbəti dəfə gedəndə xoşagəlməz hadisə yenidən təkrarlanır – ratsiya yenə işləmək istəmir. Aparatın fəaliyyətinə məhz ərazinin təsir etməsindən şübhələnən diqqətli təyyarəçi oranı tərk edən kimi hər şeyin qaydaya düşdüyünü, birdən ratsiyanın cana gəldiyini görür və buna çox təəccüblənir. Baş verənləri maraqla izləyən mühəndis əringəclik etməyib bir daha «şübhəli əraziyə» girir, qeyri-adi sahəyə təzədən baş vurduqda hər şeyin təkrarlandığının şahidi olur. Artıq yanılmadığına əmin olan mühəndis sonra dəqiqləşdirmə apararaq təxminən 50–51 kilometr diametrində yalnız müəyyən bir zona hüdudunda əlaqələndirici cihazın susduğuna əmin olur və oranı «sükut zonası» adlandırır. Beləliklə, 1964-cü ildə növbəti həyəcan təbili çalan kəşfiyyatçı Harri öz xəbərilə ictimaiyyətin və ayrı-ayrı entuziast tədqiqatçıların diqqətini qeyri-adi dərəyə cəlb edir. Elə həmin andan «sükut zonası»nda radio cihazlarının sıradan çıxmasının ifşa olunduğu hallar bir-birinin ardınca düzülməyə, sıralanmağa başlayır. Göydən sözün tam mənasında yağış kimi tökülən meteoritlər haqqında insanlar məhz həmin dövrdə xəbərlər eşidib məlumatlar əldə etdilər.

Ancaq Amerika Birləşmiş Ştaları nədənsə «qulağının dibində» baş verənlərə laqeyd qalmışdı. Təbiətin sirrini öyrənmək üçün hamı tədqiqat işlərinin yubadılmayacağını və tezliklə yaxınlıqdakı nəhəng ölkədən onlarla alimin gələcəyini gözləsə də, buna baxmayaraq rəsmi Vaşinqton heç bir reaksiya verməmişdir. Buna görə də orada heç kim tamdəyərli və hərtərəfli təcrübələr aparmaqla məşğul olmamışdır. Məntiqi olaraq burada nəhəng bir hərbi baza yerləşməsi güman edilirdi. Ola bilsin ki, ərazinin yanında, yaxud elə oradaca torpağın altında yerləşən məxfi hərbi bazanın həddən ziyadə güclü qurğu və cihazları bütün efiri alt-üst, baş-ayaq edirdi. Lakin amerikanlar daxil olmaqla regionun heç bir xalqında hələlik belə bir texnika olduğuna çoxları inanmaq istəmirdi. Xüsusən 1964-cü ildə elektron-hesablama maşınlarının hələ təkmilləşdirilmədiyi bir vaxtda güclü texnika yaradılması inandırıcı görünmürdü.

XX əsrin 70-ci illərində həm hökumət, həm də ictimaiyyət qəribə zona ilə ciddi surətdə maraqlanmağa başladı. Amerika Birləşmiş Ştatlarının Nyu-Meksiko ştatındakı Ağ qumsallıq (ingiliscə Uayt Sends – White Sands) bazasının poliqonundan buraxılan «Afina» adlı eksperimental ballistik raket start meydançasından havaya qalxdıqdan sonra birdən, qəfildən əvvəlcədən müəyyənləşdirilmiş kursu (uçuş yolunu və səmtini) dəyişir, elə bil maqnit tərəfindən cəlb edilirmiş kimi düz «sükut zonası»na tərəf istiqamət götürür. «Sirli zona» istiqamətində gedən raket elə oradaca müəmmalı ərazinin düz mərkəzində yerə (torpağa) çırpılıb partlayır və tikə-tikə olur, onun hissələri ətrafa dağılır. Qəzadan sonra səhra sözün həqiqi mənasında amerikanlarla dolur. Onlar raketin praktik olaraq qırılıb dağılmış bütün hissələrini diqqətlə toplayır, həmçinin onun düşdüyü yerdən bir neçə yük maşını qrunt götürüb özlərilə aparırlar. Aparılmış hissələrdə və torpaqda onların nə tapması indiyə qədər heç kimə məlum deyildir, çünki müayinələrdən əldə olunan bütün məlumatlar və onların təhlilinə əsasən çıxarılan nəticələr çox ciddi şəkildə məxfiləşdirilir.

«Afina» qəzasından cəmi bir neçə il keçdikdən sonra Amerikanın üçyerlik məşhur «Apollon» («Apollo») kosmik gəmisinin raket daşıyıcısı olan «Saturn» raketinin pillələrindən biri, onun yuxarı hissəsi «zona» üzərində olarkən eyni aqibətlə üzləşir, yerə düşməklə çox güclü partlayışa səbəb olur, büsbütün dağılır. Aya uçuş proqramında «Apollon» proyektində amerikanlar tərəfindən istifadə edilən qurğunun partlaması çox böyük səs-küyə səbəb olur. Kütləvi informasiya vasitələrində verilən məlumata görə, xoşagəlməz hadisələrin təkrarlanmasından hiddətlənən amerikanlar yalnız sonuncu insidentdən sonra Meksika ərazisinin balaca bir parçasının raketləri niyə özünə çəkməsi, onları fəlakətə sürükləməsi haqqında ətraflı məlumat əldə etmək qərarına gəlirlər. Paytaxt Mexikodan rəsmi razılıq alındıqdan sonra Amerika Birləşmiş Ştatları hərbi idarəsi uğursuzluqlar gətirən sahənin müəmmalı xüsusiyyətlərini dərindən və hərtərəfli öyrənmək üçün xüsusi təyinatlı texniki mütəxəssislər qrupunu anlaşılmaz dərəyə göndərir. Ancaq qrupun üzvləri məsələni cavablandırmaq əvəzinə bir xeyli yeni sualla ölkələrinə qayıdırlar. «Sükut zonası»nı öyrənmək üçün yollanmış birinci ekspedisiya özünü öyə biləcək heç bir ciddi kəşf etməyi bacarmamış, heç nə ilə yadda qalmamışdır.

«Sükut zonası»nın sirlərini təkcə amerikanlar dərk etməmişdilər. Artıq meksikalılar da sehrli yeri tədqiq etməyə başlamışdılar. XX əsrin 70-ci illərinin axırlarında Meksika hökuməti səhra tədqiqat kompleksinin tikilməsinə qərar vermişdir. Bundan ötrü hökumətin qərarı ilə meksikalılar «zonanın» mərkəzində mükəmməl laboratoriyası olan elmi şəhərcik saldılar və ona kiminsə təklifilə «Biosfer» adını qoydular. «Biosfer» çoxsaylı və hərtərəfli tədqiqatlar aparmaq üçün yaradılmış bir baza düşərgəsidir. Elmi-tədqiqat mərkəzi kimi fəaliyyətə başlayan şəhərciyin əsas məqsədi, onun qarşısında qoyulan başlıca vəzifə qeyri-adi ərazinin özünəməxsus bitki və heyvan aləmini, bioloji həyatın qəribə formalarını yerindəcə dəqiq öyrənməkdən və təəccüb doğuran paranormal hadisələrin baş verməsi mexanizmlərini hərtərəfli aydınlaşdırmaqdan ibarət olmuşdur. Məsələn, ultrabənövşəyi şüalanmanın həddən ziyadə yüksək olması, bitki və heyvanların belə şüalanmaya uyğunlaşması mexanizmləri və digər məsələlər haqqında müfəssəl və dəqiq məlumatlar verilməsi lazım gəlirdi.

Stansiyanın rəsmi olaraq güddüyü məqsəd «sükut zonası»nın  bitki və heyvanlarının qeyri-adi formalarının həyatını öyrənməkdən ibarət olsa da, ancaq orada işləyən alimlərin həqiqətdə qarşılarında duran vəzifələrin xeyli geniş olduğu heç kimə sirr deyildir. İstənilən halda «sükut zonası»nı öyrənməyə dəyər.

Lakin səhrada həqiqətdə naməlum şeylər olması haqqında şayələr orada aparılan tədqiqatlardan daha tez yayılır. Meksikalı alimlər yerli sakinlərin şəhadət verdikləri halları araşdırır, onların söylədikləri xəbərləri toplayır və öyrənir. Alimlərin sözlərinə görə, yerli sakinlərin səbrlə dinlənilməsi, onlara diqqətlə qulaq asılması hadisələrin mümkün ola bilən tərəfinə baxmağa imkan yaradır, tədqiqatın istiqamətini bildirməklə onlara çox kömək edir. Sadə insanların danışdıqlarını qulaqardına vurmamaqla bərabər, hadisələrin necə baş verdiyini məntiqi mülahizəyə söykənən tərzdə izah etmək lazım gəlir. Astroloq (münəccim) və ufoloqlardan (gəlməşünaslardan) fərqli olaraq təbiətşünas alimlər qeyri-adi dəyişikliklərin özlərinə də reallıqla yanaşmağı üstün tutur, birtərəfli mövqe tutmağın əleyhinə çıxır, bütün anomal hadisələri imkan daxilində maddi səbəblərlə aydınlaşdırmağa çalışırılar. Araşdırıcı kimi çalışan insanlar həmişə xalis faktlara söykənməyi üstün tutur, reallıqlara arxalanmağı daha doğru yol hesab edir, çılpaq həqiqətləri əlində rəhbər tutur. Beləcə bütün dünyadan alimlər, çox müxtəlif ölkələrindən olan mütəxəssislər həqiqəti bilmək üçün bir-birinin ardınca «sükut zonası»na gəlməyə başlayır, ilk növbədə «Biosfer»ə üz tutur, oraya baş çəkməli olurlar.

«Zonadakı» narahatlığı artıran daha bir şey buraya tez-tez «səmavi qonaqların» təşrif buyurmasıdır. Qəribə zonanın vaxtaşırı olaraq aldığı «səmavi hədiyyələr» xüsusən maraq doğurur. Buraya «göyün hədiyyələrinin» düşməsi tamamilə adi hadisədir. Bu baxımdan «sükut zonası» bir neçə aspektdən qeyri-adi təsir bağışlayır. Odur ki, «səmavi qonaqlar» ətrafında gəzən söz-söhbətlər və onlarla əlaqədar olan müzakurələr bir neçə istiqamətdə özünü göstərir: 1) əraziyə meteoritlərin çox düşməsi; 2) ərazinin səmasında işıqlanan dairə və kürələrin, həmçinin digər tanınmamış uçan obyektlərin tez-tez görünməsi; 3) ərazidə vaxtaşırı olaraq yadplanetlilərin dolaşması, qəribə məxluqlarla, insanabənzər varlıqlarla (humanoidlərlə) tez-tez kontaktların baş verməsi, onların adamlara rast olması, hətta həyət-bacalara girərək yerli sakinlərlə ünsiyyət yaratması.

Hər şeydən öncə əraziyə meteoritlərin düşməsi maraq doğurur. Alimlər aşkara çıxarmışlar ki, Meksikadakı «sükut zonası» çoxlu sayda meteoritin düşdüyü yerdir. Şahidlərin danışdıqlarına görə, «sükut zonası»na daim göydən meteoritlər düşür. «Dərə» sözün tam mənasında nəhəng maqnit kimi meteoritləri cəlb edir, onları özünə çəkir. Bununla əlaqədar olaraq «vadidə» yaşamaq tövsiyə olunmur. Oraya meteoritlərin düşməsi təkcə indi deyil, həmişə müşahidə edilmişdir. «Zona»nın sirli olmasına dair mövcud dəlillər arasında oraya meteoritlərin cəlb edilməsi özünəməxsus yerlərdən birini tutur. Meteoritlər bu yeri sözün tam mənasında sevib seçmişdir. Lakin meteoritlərin məhz bu yeri xoşlamaları, oranı bəyənmələri qətiyyən səbəbsiz ola bilməz.

«Sükut zonası»nın sirli və qəribə xassələri ilk dəfə XIX əsrin axırlarında qeydə alınmışdır. Həmin vaxt fermerlər qrupu boş torpaqları əkmək qərarına gəlmişdilər. Onlar məhsul verməyən torpaqda dənli bitkilər, xüsusilə qarğıdalı yetişdirməyə cəhd göstərmişdilər. Lakin onların ümidləri özünü doğrultmamış, sərf etdikləri əmək hədər getmiş, xərcləri batmış, işləri nəticəsiz qalmışdır. Əkin sahəsi dövri olaraq yanar çınqıl (qırma daş, kərpic) selinin altında qalmışdır. Tamamilə açıq-aydın səmadan vaxtaşırı olaraq tökülən daşlar hər şeyi məhv etmişdir. Daim göydən daşların əkin sahəsinə və evlərin üstünə düşməsi fermerlərin əziyyətinin itməsilə nəticələnmişdir. Boş-boşuna əlləşməkdən cana doyan, işlərinin heç bir səmərə vermədiyini görən fermerlər birdəfəlik buranı tərk etmişlər.

XX əsrin 50-ci illərinin axırlarında Meksikanın Çiuaua ştatının paytaxtı olan eyniadlı baş şəhərin yaxınlığına düşmüş meteorit qeyri-adiliyinə görə seçilmişdir. Kütləvi informasiya vasitələrində verilən məlumatlara görə, meteoritin tərkibində bizim Günəş sistemimizdən daha qədim, çox-çox qoca olan kristallik strukturlar tapılmışdır. Professor Luisa Maeda Vilyalobosun fikrincə, yeni düşən meteoritin ibarət olduğu material Kainatın özü qədər qədim olub, yaşca bizim Günəş sistemindən əhəmiyyətli dərəcədə böyükdür. «Günəş sisteminin yaşı beş milyard il olduğu halda, bu materialın yaşı düz yeddi milyard ildən çoxdur...»

Araşdırıcıların fikrincə, anomal hadisələrin müşahidə edilməsinə görə bütün günahı ərazidəki dəmir filizinin zəngin ehtiyatında axtarmaq lazımdır. Çünki nəhəng dəmir yığını elektromaqnit dalğalarının süstləşməsinə bais olur.

«Sükut zonası»nı və onun qəribə xassələrini tədqiq etmiş ilk alimlərdən biri Con Martinyano (John Martignano) olmuşdur. Onun rəhbərlik etdiyi qrup bədbəxtliklər gətirən yerdə portativ radiostansiyanın köməyilə əlaqə yaradılmasının mümkün olmadığını sübut etmişdir. Təqdim edilən hesabatda aydın şəkildə təsdiqlənirdi ki, başıbəlalı regionda «radio dalğalarını süstləşdirən maqnit qüvvəsi» mövcuddur. Bu naməlum qüvvənin təsiri nəticəsində texnogen qəzalar olur.

«Sükut zonası»nda maqnit anomaliyaları aydın şəkildə təzahür edir. Doktor Santyaqo Qarsia belə hesab etməyə aşkar surətdə meyl göstərir ki, orada baş verən müəmmalı hadisələrdən heç birinin fövqəltəbii qüvvələrlə hər hansı ümumi bağlılığı yoxdur. Ola bilsin ki, səhranın təkində (dərinliyində) maqnit mədəni yerləşir. Professor Santyaqo Qarsia hesab edir ki, radiostansiya və radioqəbuledicilərin işləməməsinin səbəbi ərazidə dəmir filizinin zəngin ehtiyatının olmasıdır.

Şübhəli rayonda maqnetitin zəngin yığını (yatağı) olması fikri araşdırıcılar tərəfindən daha çox dəstəklənir. Həqiqətən müəmmalı rayonda maqnetitin zəngin yatağının olduğu artıq sübut edilmişdir. Köhnə ədəbiyyatlarda «maqnitli dəmir filizi» kimi tanıdığımız maqnetit (Fe3O4; FeO·Fe2O3) oksidlər sinfindən geniş yayılmış qara rəngli bir mineral olub, güclü ferrimaqnit xassələrinə malikdir.

Aparılan tədqiqatlar göstərir ki, bəzi təbii anomaliyalar yerin təkində maqnetitin yüksək miqdarda olması ilə əlaqədardır. Məhz bu dəmir mədəni elektromaqnit dalğalarının süstləşdirilməsinin, onların yatırılmasının başlıca səbəbidir. Çox nəhəng ölçüdə maqnitin olması istər-istəməz texnogen anomaliyalar törədir. Maqnit dağı «topoqrafik diqqətəlayiq yer» olaraq təkcə yerüstü qurğuları deyil, eyni zamanda yadplanetlilərə məxsus cihazları və meteoritləri də özünə cəlb edir. Bundan başqa, sübut olunmuşdur ki, «sükut zonası»nı əhatə edən dağ silsiləsi süxurlarında əhəmiyyətli miqdarda uran vardır.

Bəzi qeyri-adi maqnit xassələrinin tabaşirli torpaqdakı minerallarla əlaqədar olmasına dair fərziyyə irəli sürülmüşdür.

Tədqiqatçılar külçə halında olan maqnit yatağının təbii olduğunu, yoxsa onların min və yaxud ola bilsin milyon il ərzində baş verən meteorit bombardmanı nəticəsində meydana çıxdığını müəyyənləşdirməyə cəhd göstərmişlər. Əgər yüksək maqnit xassələri təbii səbəblər nəticəsində yaranmışdırsa, belə bir qənaət dəmirlə zəngin obyektlərin kosmosdan Yer kürəsinin məhz bu ucqar yerinə doğru öz yolunu tapdığını izah edə bilər.

Bəzi tədqiqatçılar belə hesab edirlər ki, «sükut zonası» Yer kürəsinin maqnit nöqtəsidir, yaxud planetimizin enerjisinin toplandığı bir portaldır. Həmin enerji tanınmamış uçan obyektlərin fəaliyyəti və gəlmələr haqqında köhnə nəzəriyyə ilə əlaqədardır. Gəlmələr yüksək maqnit sahəsi olan bu yerə kosmik gəmilərdə, yaxud fəzadakı yuvalardan keçməklə gəlib çatırlar. Belə yuvalara «köstəbək yuvaları», yaxud «köstəbəklik» deyilir. İngilis dilində olan «wormhole» sözünün hərfən tərcüməsi nəticəsində «qurd dəymiş yer», «qurd yemiş yer», «qurdun törətdiyi zədə» kimi terminlər də yaranmışdır. «Köstəbəklik» məkan-zamanın hipotetik topoloji xüsusiyyəti olub, fəzada zamanın hər anında yaranan «tuneldən» ibarətdir.

Tanınmamış uçan obyektlər barəsində olan nöqteyi-nəzərin dəstəklənməsi üçün etibarlı şəkildə sənədləşdirilmiş elə bir dəlil yoxdur. Hərçənd tanınmamış uçan obyektlərə Meksikada tez-tez rast gəlinməsi xəbərləri tez-tez eşidilir. Əlbəttə, tanınmamış uçan obyektlər haqqında tez-tez söz salınmasını bəşər övladının dərrakəsi xaricində olan hər növ şeyə – paranormal hadisələrə ifrat həvəs göstərməyin lüzumsuz nişanəsi kimi qarşılamaq və qiymətləndirmək düzgün olmazdı. Ümumiyyətlə, tanınmamış uçan obyektlər haqqında məlumatlar dərc etdirən müəllifləri dərhal qeyri-adi şeylərə meyl göstərməkdə qınamaq və insanları qorxu altında saxlamağa çalışmaqda günahlandırmaq qətiyyən doğru sayıla bilməz. Kiçik bir haşiyə çıxmaqla qeyd etmək lazım gəlir ki, tanınmamış uçan obyektlər səmada hərəkət edən, ancaq hələlik tanınması mümkün olmayan istənilən obyektə deyilir. Yadplanetlilərə məxsus kosmik gəmi, müasir atmosfer zondu, meteorit qalığı tanınmamış uçan obyekt ola bilər, hətta qeyri-adi təsir bağışlayan optik hadisənin tanınmamış uçan obyekt kimi qəbul edilməsi mümkündür. Buradan belə çıxır ki, «tanınmamış uçan obyekt» terminini dilə gətirən kimi dərhal birmənalı surətdə yalnız yadplanetliyə məxsus cihaz başa düşülməməlidir. Qarışıqlıq yaranmaması naminə müəlliflərdən bir çoxu «anomal hadisə», yaxud «paranomal hadisə» kimi terminlərdən istifadə olunmasını məsləhət görürlər. Lakin hal-hazırkı dövrdə «tanınmamış uçan obyekt» termininin özü kifayət qədər anlaşılan bir məfhum olaraq rahatlıqla istifadə edilə bilər.

«Sükut zonası»nda tez-tez yadplanetlilər olması haqqında çox məlumat verilir. Təsadüfi deyildir ki, «hər zaman qonaq-qaralı olan zona» mətbuat səhifələrində çox vaxt «kosmik gəlmələr zonası», yaxud «kosmik qəriblər zonası» adlandırılır.

Yadplanetlilərlə əlaqədar olan cürbəcür hallar – qəribə işıqlar, üzən kürələr, yanar qruplar, uçan boşqablar bu rayonda həddindən artıq müşahidə edilir. Burada tez-tez «uçan boşqablar» görünür, başqa aləm və planetlərdən olan gəlmələr dolaşırlar. Bütün bunlardan sonra «sükut zonası»nın tam mənzərəsini əldə edərək oranın nə qədər qəribə yer olduğuna heç kimdə şübhə qalmır.

Yaxınlıqdakı Sebalyos qəsəbəsinin sakinləri «sükut zonası»nda yanar halqalar şəklində cihazların ucduğunu çox tez-tez gördüklərini söyləyir, onların yerdənkənar uçuş obyektləri olmalarına qətiyyən şübhə etmirlər. Hətta yerli əhali uçan boşqabların müşahidə edilməsi xəbərini bir-birilə bölüşməyi lazımi hesab etmir, çünki belə məlumatlarla orada artıq heç kimi təəccübləndirmək mümkün deyildir.

Qaşqaralan vaxt «zonada» sükut sözün həqiqi mənasında pozulur. Axşam düşən kimi «sükut zonası» üzərindəki göydə kiçik ölçüdə halqalar şəklində aydın işıqlanma, aşkar parıldama müşahidə olunur. Sonra halqalar yanan kürələr halında bir-birinə qarışır, birləşir və göyün daha yüksək qatlarına doğru gedirlər. Yerli sakinlər onları «dəli işığı», «dəlilərin odu» adlandırırlar. Görünür, ona görə ki, «işıqlar» səhra üzərində nizamsız hərəkətlər edirlər. «Yanan kürənin» sağlam düşüncəyə sığmayan, ağıl tərəfindən təhlil olunması mümkünsüz görünən bir şey hesab edilməsi hər halda buradakı vəziyyətin qaranlıqda kifayət qədər gərgin olduğunu bildirir. Ancaq «göy işıqları» insanlara heç vaxt yaxınlaşmamışlar.

«Sükut zonası»nı müntəzəm olaraq ziyarət edən alimlər, tez-tez oraya baş çəkən səyyahlar, maraqlı məqalə yazmaq məqsədilə qeyri-adi ərazidən keçməli olan jurnalistlər (müxbirlər, fotoqraflar), həmçinin yerli sakinlər əvvəlki dövrlərdə olduğu kimi işıq saçan qəribə əşyalar və yaxud gecələr planetin üzərində gəzişən, tez-tez yerini dəyişən yanan kürələr haqqında xəbər verirlər. Obyektlər bir müddət havada hərəkətsiz qalır, yalnız öz rəngini dəyişdirir, sonra birdən yerindən götürülür, sanki ildırım sürətilə itib yoxa çıxırlar. Hətta bir neçə dəfə enmə yerinə polis əməkdaşları yollanmalı olmuşlar. Axşam qonaqlığından gələn, evlərinə qayıdan iki fermer danışırdılar ki, parlaq işıq saçan kürə şəklində nəhəng obyekt görürlər. Tanınmamış uçan obyekt onların gözləri önündə qaranlıq səmadan yerə enir, ondan eyni şəkildə qəribə rənglərilə işıq saçan humanoidlər bayıra çıxırlar. Təəccüb və qorxudan ayaq üstəcə yerlərində donub qalmış fermerlər humanoidlərin gözündən yayınmır. Sonra onlar fermerlərə tərəf istiqamət götürürlər. Lakin fermerlər yaşama instinkti sayəsində özlərinə gəlir və güc taparaq sürətlə qaçır, təhlükəli nöqtədən uzaqlaşmağa müvəffəq olurlar. Onlar gördükləri barəsində həyəcan içərisində alimlərə xəbər verirlər. Oxşar söhbətləri dəfələrlə eşitmiş alimlər dinlədikləri fermerlərin emosionallıqla hər şeyi necə varsa, heç nəyi şişirtmədən təsvir etmələrini görüb ağlı başında olan bu adamlarla birlikdə səhərisi günü hadisə yerinə qayıdırlar. Tanınmamış uçan obyektin enməsinə dair xəbər verildikdən bir gün sonra «sükut zonası»na göndərilən alimlər qrupu şahidlərin göstərdikləri yerdə növbəti dəfə yanmış torpaq sahəsini və otların ütülmüş dəstələrini (bitki örtüyünün odla yandırılmış sahəsini) aşkara çıxarmışlar. Əlbəttə, yanğının fermerlər tərəfindən bilərəkdən törədilə bilməsi də mümkün variantlardan biri kimi ortaya atıla bilər. Lakin yanmış torpaq sahəsindən başqa alimlərin tapdıqları materialın tərkibində elmə məlum olmayan komponent (yanar maddə hissəciklərinin) tapılması, həmçinin radiasiyanın inanılmaz yüksək səviyyəsinin qeydə alınması (gözlənilməz dərəcədə yüksək radioaktivliyə malik naməlum kütlənin aşkara çıxarılması) artıq gəlmələrin burada olduğunu danılmaz surətdə sübut edir. Mütəxəssislər gah yanacaq izləri, gah da yanar-sürtkü materiallarının olduğu qruntdan sınaq nümunələri götürmüşlər. Baş verən hadisələri öz gözlərilə görən insanların şəhadətlərinə əsasən əldə olunmuş onlarla belə «dəlil» hazırda Meksikanın və Amerika Birləşmiş Ştatlarının elmi laboratoriyalarında saxlanılır.

«Sükut zonası»nda tanınmamış uçan obyektin ilk fotoqrafik əksi 1976-cı ildə əldə olunmuşdur. Maqnit dağı yaxınlığında yerə enən hansısa bir obyektin şəkli çəkilmişdir. Şəkildə parıldayan, işıldayan, şəfəq saçan gümüşü obyekt aydın görünür. Obyekt evdar qadınların kartof qızardarkən və yaxud kotlet bişirərkən onları çevirmək üçün istifadə etdiyi sevimli alətə – böyük ölçüdə olan mətbəx kürəkciyinə çox oxşayır. Yerli qəzetin bəxti gətirən reportyoru tanınmamış uçan obyektin uçub gedərkən də bir neçə şəklini çəkməyi bacarmışdır. Gündəlik yerli xəbərlər toplayan qəzet işçisi üçün bundan yaxşı bir tapıntı olacağını təsəvvür etmək çətindir. Obyekt möhkəm uğultu şəklində gurultulu səs çıxararaq göyə qalxmış, qərbə tərəf yönəlmiş və tez bir vaxtda görünməz olmuşdur. Çəkilən şəkillər furor (gurultu) qoparmış, çox böyük təəssürat yaratmışdır. Lakin yenə ortodoksal alimlər reportyorun yanında şahidlərin də olmasına qətiyyən məhəl qoymaraq tamamilə birtərəfli qaydada şəkillərin saxta olduğunu elan etmişdilər. Ancaq şəkillərin plyonkada çəkilməsi, çoxlu sayda olması – bütöv seriya təşkil etməsi, orada təsvir edilənlərin bir-birini ardıcıl surətdə tamamlaması bəxtəvər reportyorun yalançı olmadığını göstərmişdir. Şəkillərin plyonkadan çıxarılması xüsusən inandırıcılığı artırmışdır. Çünki şəkillərin plyonkaya düşməsi müasir dövrün fotoşopu qədər sadə deyildir, onları eyniləşdirərək hər ikisini saxta hesab etmək haqsızlıq olardı. Niyə məhz «sükut zonası»nda tez-tez tanınmamış uçan obyektlərin görünməsi, onların ekipajlarının haradan gəlməsi kimi suallara birmənalı cavab vermək hələlik mümkün olmamışdır. Təbii ki, çoxlu sayda tanınmamış uçan obyektin məhz «sükut zonası»nda görünməsinin, onların haradan uçub gəlməsinin, neçə-neçə anomal hadisənin elə burada qeydə alınmasının səbəbi, qeyri-adi ərazidə uzaq zamanlarda hansı xalqın yaşaması alimləri maraqlandırmaya bilməz. Suallardan heç birinin dəqiq cavabı hələlik yoxdur.

«Zonanın» mahir tədqiqatçılarından biri, doktor Santyaqo Qarsia tanınmamış uçan obyektlərlə bağlı suala cavab verərkən əslində bunların Amerika Birləşmiş Ştatlarının məxfi eksperimentlər aparan hərbçilərinin buraxdıqları zondlardan başqa bir şey olmadığını güman edir. Santyaqo Qarsia belə bir mülahizə söyləmişdir ki, burada gəzişən bəzi işıqların mənbəyi hərbi silahlı qüvvələrin sınaqdan keçirdikləri kəşfiyyatçı robotların gecə vaxtı görünən lampalarının şüalarıdır. Robotun Günəş batareyaları gündüzlər avtomatik olaraq dolur (yüklənir). Artıq kifayət qədər enerjiyə malik olan robot gecə düşən kimi gizlincə qarşısına qoyduğu vəzifəni yerinə yetirməyə başlayır – tədqiqatlarını aparır. Santyaqo Qarsia ona sual ünvanlayanların yadına salır ki, «Afina» eksperimental raketi qəzaya uğradıqdan sonra onun sınmış hissələrini yığmaq üçün hadisə yerinə gələn hərbi-hava qüvvələri komandası təkcə qırılmış parçaları toplamaqla kifayətlənməmiş, eyni zamanda analiz üçün səhradan götürdükləri xeyli torpağı bir neçə yük maşını ilə özlərilə aparmışlar.

Tədqiqatçılar ən müxtəlif adamlar tərəfindən söylənilən və bir-birinə oxşar olan hadisə və əhvalatların doğruluğunu göstərən xeyli sayda faktik material tapmışlar. Danışılan söz-söbətlərin gerçəkliyinə inanmaq üçün faktlara söykənən sübutlardan yaxşı heç nə ola bilməz.

«Sükut zonası»nda daha bir müəmma, sirr vardır. Belə ki, burada son dərəcə böyük daşlardan qurulan naməlum təyinatlı inanılmayacaq dərəcədə qədim tikilidən ibarət çox qədim kompleksin xarabalığı onu görənləri heyrətə salır. Artıq xeyli vaxtdır ki, xarabalığın sirr və müəmmaları üzərində çoxlu arxeoloq və tarixçi baş sındırır. Arxeoloqlar tərəfindən səhrada tapılmış xarabalıq sadəcə köhnə tikilinin viranə qalığı kimi deyil, daşdan ərsəyə gətirilmiş əzəmətli bir abidə olaraq qarşılanır. Əsrarəngiz xarabalıq işin həqiqi kökünü axtarıb tapmağa kömək edə biləcək qiymətli bir dəlildir. Piramida xarabalığında aşkara çıxarılan müəmmalı və anlaşılmaz daş barelyeflər əvvəllər olduğu kimi, indi də keçmişdə baş verənlər haqqında min illərin sirrini səssiz-səmirsiz halda saxlamaqda qalırlar. Onları ən müasir elmi metodlarla «danışdırmağa» çalışan, «ürəklərini boşaltmağa» səsləyən alimlər hələlik elə bir nəticə əldə edə bilməmiş, qəti qərara gəlməmişlər. Demək olar ki, ideal formada böyük daş kürələrin buraya kim tərəfindən və hansı məqsədlə gətirilməsi, yoxsa onların birbaşa səhrada hazırlanması sualı özünün dəqiq cavabını gözləyir.

Xarabalığın yaşını müəyyənləşdirmək hələlik araşdırıcılara müyəssər olmamışdır. Alimlər çox böyük ölçüdə olan qurğunun yaşını ona görə indiyə qədər dəqiq müəyyən edə bilməmişlər ki, daşlar ümumiyyətlə, heç bir ölçüyə gəlmir, tarixinin qoyulmasına heç bir vəchlə tabe olmaq istəmir, necə deyərlər, onu təsvir etməyə qələm acizdir. Buna görə «Tetis dənizi»nin daş abidəsi qalıqlarının yaşınının dəqiq müəyyənləşdirilməsi alınmır. Yalnız çox böyük çətinliklərdən sonra güc-bəla ilə cəmi bir neçə əlamət üzərində dayanmaq mümkün olmuşdur.

Şəkil 4. «Sükut zonası»nda aşkar olunmuş xarabalıq (qədim rəsədxananın qalığı)

Şübhəsiz ki, xarabalığın yaşı bir neçə min il təşkil edir. Xarabalığın böyük ehtimalla bir neçə min il bundan əvvəl tikilməsi haqqında olan fikir əksər araşdırıcılar tərəfindən dəstəklənir. Alimlər irəli sürülən bütün fikirləri mühakimə edərək belə bir nəticəyə gəlmişlər ki, xarabalıq çox uzaq zamanlarda tikilmiş nəhəng unikal astronomik observatoriyanın (rəsədxananın) qalıqlarıdır. Araşdırıcılar aşkara çıxarılmış obyektin yalnız rəsədxana kimi fəaliyyət göstrərdiyinə əmin olsalar da, fəqət elmin yetərincə inkişaf etmədiyi və texniki imkanların həddən ziyadə məhdud olduğu bir dövrdə onun kimlər tərəfindən və necə inşa edilməsi sualının qarşısında aciz qalır, heç bir dürüst cavab tapa bilmirlər. Həqiqətən çox uzaq dövrdə onun hansı məqsədlə, kimlər tərəfindən və necə tikilməsi sualını cavablandırmaq çox çətindir. Aydındır ki, abidənin mükəmməlliyini nəzərə aldıqda qədim dövrdə bu yerdə gec-gec rast gəlinən bulaqların qırağında məskən salmış, elmli və yüksək mədəniyyətli olmasına görə seçilmiş, yaxşı təhsil almış, xüsusən riyaziyyat, fizika və astronomiya kimi elmlərlə müfəssəl tanış olmuş, göy cisimlərini diqqətlə müşahidə etmiş, parlaq ulduzlar barəsində hərtərəfli biliyə malik olmuş, uzaq planetlərdən yer kürəsinə təşrif buyuran səmavi varlıqlar haqqında, göyün ənginliklərindən uçub gələn ilahi məxluqlar barəsində ideyaya tərəfdar çıxmış bir xalq yaşadığı güman edilir. Çünki mürəkkəb qurğunun müəmmalarla dolu bütün nişanə və xüsusiyyətlərini dərindən təhlil etdikdə bu nadir yerdə nə vaxtsa məskunlaşmış primitiv adamlar tərəfindən onun tikilməsi qətiyyən mümkün ola bilməzdi. Beləliklə, ecazkar meqalitik tikilini başa gətirmək, onu inşa edə bilmək üçün kifayət qədər qabaqcıl biliklərə və inkişaf etmiş texnologiyaya malik adamların burada olması və yaxud həmişəlik yaşaması, belə bir şeyin mümkün olub-olmaması növbəti sual olaraq ortaya çıxır.

Aydındır ki, tarixi mənbələrdə verilən məlumatlara əsasən uzaq epoxalarda müəmmalı diyarda yalnız primitiv hindi tayfaları məskunlaşa bilərdilər. Halbuki həmin fikir daş abidənin möhtəşəmliyilə ziddiyyət təşkil edir, bir qədər əvvəl qeyd etdiyimiz kimi, belə bir azman tikilini ibtidai tayfalar inşa edə bilməzdilər. Deməli, qeyd edilən ərazidə tayfalardan savayı ağıllı məxluqlar olmuşlar. Həqiqətən bəzi arxeoloqlar hesab edirlər ki, burada çox qədim zamanlarda hansısa başqa adamlar və yaxud digər dərrakəli varlıqlar olmuş və çox gərgin fəaliyyət göstərmişlər. Ehtimal edilir ki, müasir geoloq və astronomlar kimi onları da «Tetis dənizi» torpağına çoxlu miqdarda meteorit düşməsi hədsiz maraqlandırmışdır. Əks təqdirdə astronomik rəsədxana yaradılması labüd olmazdı.

«Sükut zonası»nda baş verən müəmmalı hadisələrin əsas səbəbinin nədən ibarət olması sualı tədqiqatçıları daim düşündürür. Araşdırıcıların bir qismi iddia edir ki, maqnit anomaliyasına malik olan bir regionda yadplanetlilərin öz tanınmayan uçan obyektlərilə enərək burada işləməsi, fəaliyyət göstərməsi onlar üçün çox rahat və əlverişlidir. Ola bilsin ki, yadplanetlilər zaman və məkan daxilində öz gəmilərində səyahətlər edərkən «sükut zonası»nın maqnit anomaliyalarından nəsə bir hərəkət gücləndiricisi kimi istifadə edirlər. Ümumiyyətlə, yadplanetlilərin maqnit anomaliyası müşahidə olunan regionlara daha çox düşməsi haqqında məlumatlar toplanmışdır. Həqiqətən maqnit anomaliyaları olan zonalara qəribə kosmik obyektlərin düşməsinə şəhadət verən sübutların, bunu təsdiqləməyə imkan yaradan dəlillərin çoxlu sayda olması heç bir vəchlə danıla bilməz.

Növbəti nəzəriyyəyə görə, ola bilsin ki, müasir geoloq və arxeoloqlar kimi onları da burada nəhəng miqdarda hər tərəfə səpələnmiş kiçik meteoritlərin mənşəyinin sirri maraqlandırmış, özünə cəlb etmişdir.

Ancaq tədqiqatçıların digər qismi belə güman edir ki, qəribə yerin təbii xüsusiyyətlərinin sadəcə pis öyrənilməsi yadplanetliləri buraya cəlb edir. Ola bilsin ki, onlar «zonada» baş verən digər sirli hadisələri araşdırmaq istəyirlər.

Belə bir fikir də var ki, yadplanetlilər bu «zonadan» sadəcə bir dünyadan başqa dünyaya nəsə bir «qapı» kimi istifadə edirlər. Yalnız ən cəsarətli alimlər bu fikrə tərəfdar olurlar.

Əlbəttə, bütün bunlar yalnız fərziyyələrdir, sual hələlik özünün dəqiq cavabını gözləməkdə qalır.

... Mövzu üzrə daha ətraflı məlumatı Şahin Böyükağa oğlu Əlibəylinin «Sükut zonası» adlı monoqrafiyasından əldə edə bilərsiniz.

Şahin Böyükağa oğlu Əlibəyli