page

*


Article Image

İtlərin intihar körpüsü

Dünyanın qeyri-adi yerlərindən biri Overtoun körpüsü (ingiliscə Overtown bridge) adlanır. Orada baş verən təəccüblü və anlaşılmaz xoşagəlməz hadisələrin məhzunluq doğuran acınacaqlı nəticələri olur. Buna görə Overtoun körpüsü məyusluq yaradan bir yerdir.

Overtoun malikanəsi və onun tikilmə tarixi

Overtoun malikanəsi XIX əsrin 60-cı illərində ərsəyə gətirilmiş evdən və ona yapışıq təsərrüfat yerlərindən ibarət olan bir mülkdür. Overtoun evi (ingiliscə Overtown house) Böyük Britaniya dövlətinin ərazisində Şotlandiyanın qərbində unitar vilayət olan Qərbi Danbartonşirdə (West Dunbartonshire) Klayd çayının qırağındakı təpədə Milton kəndi ətrafında ondan 1,2 mil (1,93 kilometr) şimala və inzibati mərkəz sayılan Dambarton (Dumbarton) şəhərindən 1,9 mil (3,06 kilometr) şərqə doğru yerləşən şəhərkənarı evdir. Overtoun evi şotland baron arxitekturası nümunəsi olub, bir tikili olaraq qotik mülk hesab edilir.

Overtoun malikanəsinin yaşı heç də az deyildir. Overtounlar nəslindən olan Ceyms Uayt (James White) adlı bir nəfər qalanın ilk sahiblərindən biri olmuşdur. Ceyms Uayt əvvəlcə advokat (vəkil) kimi çalışmış, lakin sonra hüquqşünas peşəsini buraxmış və bizneslə məşğul olmağa başlamışdır. Fenni Kempbell (Fanny Campbell) ilə evlənmiş, öz qaynı ilə birlikdə kimyəvi məhsullar istehsal edən kombinat (John & James White Chemical Works) yaratmışdır.

Ambisiyalı gənc varlı qalanı xatırladan möhtəşəm bir ev tikdirmək istəmişdir. Bir qədər lovğa və təkəbbürlü olan Ceyms Uayt balaca kənd sayılan Milton yaxınlığında daşdan qala tipli birailəlik effektli ev tikmək üçün 1859-cu ildə «Overtown farm» deyilən bir kəndli evini satın almışdır. Mənbələrdə verilən məlumata görə, kənd evi tipli həmin yaşayış binası XVIII əsrdə tikilmişdir. Lakin ev sökülmüş, yerində qala tipli təmtəraqlı bina salınmasına başlanılmışdır. Yeni evin proyektinin cızılması və tikintisinin təşkil edilməsi üçün məşhur arxitektor Ceyms Smit (James Smith; 1808–1863) dəvət olunmuşdur. Yeri gəlmişkən qeyd edək ki, Ceyms Smit özü yaxşı sənətkar olsa da, ancaq qətllərdə şübhəli kimi həbs olunan Madlen Hamilton Smitin (Madeleine Hamilton Smith) atası kimi tanınmışdır.

Daha mötəbər mənbələrdə verilən məlumata görə, qalanın tikilməsi üçün düz üç ildən artıq vaxt lazım gəlmişdir. Belə ki, qeyri-adi evin tikilməsinə 1860-cı ildə başlanılmış, inşası üç il ərzində davam etdirilmiş, yalnız 1863-cü ildə onu başa çatdırmaq mümkün olmuşdur. Ancaq evin tikintisi başa çatmamış layihənin rəhbəri dünyasını dəyişmiş, onun partnyorlarından birinin göstərişləri sayəsində tikinti axıra qədər davam etdirilmişdir. Uaytlar ailəsi artıq 1862-ci ildən evdə yaşamağa başlamışdır. Böyük Britaniya və İrlandiya birləşmiş krallığının kraliçası Aleksandrina Viktoriyanın (Alexandrina Victoria) dövründə ərsəyə gətirilən tikilinin möhtəşəm alınmasında və onun ərazisində ecazkar yaşıllığın salınmasında ingilis landşaft memarı Eduard Kemp (Edward Kemp), məşhur bağban, memar və dizayner ser Jozef Pekston (Sir Joseph Paxton) və ingilis landşaft memarı Eduard Milner (Edward Milner) yaxından iştirak etmişlər. Park və bağların salınması və onlara dizayn verilməsi sahəsində lider hesab edilən həmin mütəxəssislərin əməyi hədər getməmiş, gözlənildiyindən də artıq gözəlliyə malik möhtəşəm bir malikanə ərsəyə gətirilmişdir.

Ceyms Uayt və Fenni Kempbellin nikahından 1843-cü ilin 21 noyabrında yeganə oğul Con Uayt (John White) dünyaya gəlmişdir. Con Uayt əlavə olaraq Kempbell (Campbell) familiyasını götürmüş, 1893-cü ildən birinci baron Overtoun (1st baron Overtown) kimi tanınmağa başlamışdır. Hadisələrin dini səbəblərinin olmasına dair baxışların qatı tərəfdarı Con Uayt 1867-ci ildə Qreys Eliza Makklür (Grace Eliza McClure) ilə evlənmiş, lakin onların uşağı olmamışdır. Con Uayt 1864-cü ildə təhsilini başa vurmuş, bir il ərzində öz dayısının «Mackenzie & Aitken» kompaniyasında mühasib işləmiş, sonra il yarım ərzində kontinental tacirlərin «Leisler, Bock & Co» şirkətində çalışmış, bunun ardınca atasının biznesinə qatılmışdır. Kimyəvi məhsullar istehsal edən firmada işləmək üçün Con və Ceyms Uayta qoşulmuşdur. Bir vaxtlar atası və dayısı tərəfindən yaradılan firmada işləməyə başlayan Con Uayt 1867-ci ildən şirkətin partnyorlarından biri olmuşdur. 1884-cü ildə atası öldükdən sonra Con Uayt və onun dayısı oğlu Uilyam Xristal (William Chrystal) kimyəvi kombinatın yeganə partnyorları kimi onu işlətməkdə davam etmişlər. Əsas məhsulu potaş bixromatı olan firma öz sahəsində ən nəhəng istehsalçılardan biri hesab edilmişdir. Belə ki, 1909-cu ildə orada 500-ə yaxın adam işləmişdir.

1891-ci ildə anasını da itirən Con mülkün yeganə sahibi kimi qalmışdır. Adlı-sanlı nəslin qədirbilən davamçısı Con ailənin malik olduğu mülkünü böyütməyə, bunun üçün torpaq sahəsini genişləndirməyə qərar verir. Uaytlar mülkünün qurtardığı yerdə iri şəlalə vardı, ondan sonra kilsəyə məxsus ərazi gəlirdi. Ceymsin oğlu mirasın böyüdülməsi, ərazinin artırılması və genişləndirilməsi üçün çox çalışmış, bunun üçün canfəşanlıq edərək lokal pastor (yerli protestant keşişi) Reverend Dikson Suan (Reverend Dixon Swan) ilə aramsız danışıqlar aparmışdır. Uzunmüddətli danışıqların labüd nəticəsi olaraq Con 1892-ci ildə pastorla razılığa gəlmiş, böyük bir torpaq sahəsini ailənin mülkiyyətinə birləşdirməyə nail olmuşdur. Kilsəyə məxsus torpaq sahəsinin bir hissəsi ayrılmış və Uaytlar adına olan əraziyə əlavə edilmişdir. İlk vaxtlar sahəsi 900 akr (364,5 hektar) olan mülk sonradan Con Uayt tərəfindən genişləndirilərək 2000 akra (810 hektara) çatdırılmışdır. Yeni alınmış torpaq sahəsini köhnə ərazidən çay üzərindəki şəlalə ayırdığından burada körpü tikmək (quraşdırmaq) lazım gəlmişdir. Mülkü genişləndirməyə uğurla başlayan Con Uayt çay arxasındakı əraziyə gedə bilmək, şəlalənin böldüyü iki tərəfi və onların torpaq sahələrini birləşdirmək üçün Eduard Milnerin oğlu, ingilis landşaft memarı və mühəndisi Henri Ernest Milnerin (Henry Ernest Milner) planı əsasında daşdan fundamental bir körpü saldırmağa başlamışdır. Ona «Overtoun körpüsü» (ingiliscə «Overtaun bridge») adı verilmişdir. Overtoun körpüsü bir çox mənbələrdə «Overtaun körpüsü», yaxud «Overtun körpüsü» kimi də yazılır. Tikilən körpü etibarlı daş konstruksiyaya malik olması ilə seçilmişdir. Tağlardan düzəldilən körpünün hündürlüyü 50 fut (15 metr) olmuşdur. Malikanənin əsas binası kimi körpü də çox yaraşıqlı olmuş, əzəmətli və möhtəşəm bir gözəlliyi ilə görənləri heyran etmişdir.

1907-ci ildə Danbartonşir lord-leytenantı təyin edilən Con Uayt həmin vəzifəni cəmi bir il tutmuşdur. Kimyəvi məhsullar istehsalçısı, ruhani (din xadimi), filantrop (xeyriyyəçi) və liberal siyasətçi Con Uayt qısamüddətli xəstəlikdən sonra 1908-ci ilin fevral ayının 15-də elə öz evində vəfat etmişdir.

Yüz ilə yaxın bir müddətdə Uaytlar ailəsinə məxsus olmuş malikanə Con Uaytın ölümündən sonra tədricən nəslin nəzarətindən kənarda qalmağa başlamışdır. Övladı olmadığına görə mülk onun qardaşı oğlu, Londonda ümumi praktika həkimi işləyən Duqlas Uayta (Duglas White) ötürülmüşdür. Ledi Overtoun həmin evdə 1931-ci ilə qədər yaşamaqda davam etmişdir. 1931-ci ildə 69 yaşlı ledi dünyasını dəyişmişdir. Duqlas Uayt Şotlandiyaya çox gec-gec gəlmiş, buna görə evi 1938-ci ildə Danbarton xalqının ixtiyarına vermişdir. Bundan sonra malikanə ailənin nəzarətindən tamamilə kənara çıxmışdır.

İkinci dünya müharibəsi zamanı Overtoun evi yaralı əsgərlərin və yerli sakinlərin sağalması üçün bir məkana çevrilmişdir. Tibb müəssisəsinə çevrilən ev yaralıların əsasən izolyasiyasına (təcrid olunmasına) imkan verdiyindən əlverişli sayılmışdır. Bina xoşbəxtlikdən yaxınlıqda baş vermiş partlayışdan əziyyət çəkməmiş, onun heç bir yeri zədələnməmişdir. 1947-ci ildə Overtoun evi doğum evinə çevrilmişdir. 1948-ci ildə evdə baş verən güclü yanğın nəticəsində onun bir hissəsi tamamilə məhv olmuşdur. Ancaq bir nəfərin olsa belə ölüm faktı qeydə alınmamışdır. Bina zahıların xəstəxanası olaraq 1970-ci ilin 1 sentyabrına qədər fəaliyyətini davam etdirmişdir. Artıq həmin vaxta qədər ərazinin xeyli sayda bağ konstruksiyası sıradan çıxmış, divarlardan bir çoxu büsbütün dağılmışdır. 1975-ci ildə Britaniya hökuməti evdən həyat keyfiyyəti eksperimentlərini qoymaq üçün bir baza qismində istifadə edilməsinə qərar vermişdir. 1978-ci ildən 1983-cü ilə qədər evdən bir dini qrup istifadə etmişdir. 1984-cü ildən 1994-cü ilə qədər mülkiyyət «Missiyalı gənclər» adlı qrupun istifadəsinə verilmişdir. Qrup üzvləri ərazini tərk etdikdən sonra tamamilə baxımsız qalan mülk həddən ziyadə köhnəlmişdir. Yalnız 2001-ci ildə şotland gəncləri üçün xristian mərkəzi kimi bir keşişə icarəyə verilmişdir. 2012-ci ildə evdə film çəkilmişdir. Dəfələrlə əldən-ələ keçən malikanə axırda bələdiyyələşdirilmişdir. Hazırda orada xristian mərkəzi yerləşir. Ev A kateqoriyasına aid edilən bina qismində qorunur (mühafizə olunur). Bununla bərabər, ev və onun yerləşdiyi ərazi Şotlandiyada parklar və proyektləşdirilmiş landşaftlar siyahısına salınmışdır. Bu gün orada maarifləndirmə və dəstək kursları təşkil edilir, həmçinin digər sosial proqramlar həyata keçirilir.

Overtoun körpüsü itlərin intihar körpüsü kimi

Overtoun körpüsünü heç bir vəchlə müəssisənin xoşgörkəm profilinə daxil etmək olmur. Şotlandiyanın Loulends adlı şəhərciyində yerləşən körpü orada bir sıra izaholunmaz hallar baş verməsi səbəbindən pis adlar qazanır. Belə ki, körpü çox vaxt «Overtoun anomaliyası» («Overtaun anomaliyası»),«müəmmalı intihar körpüsü», «itlərin intihar etdiyi körpü», «intiharçı itlərin seçdiyi körpü», «itlərin özlərini öldürdükləri anlaşılmaz yer», «itlərin intihar etdikləri sirli yer», «itlərin öz həyatlarına son qoyduğu müəmmalı yer», «itlərin intiharının tez-tez qeydə alındığı yer», «itlərin suisidinin səbəbkarı olan yer» və başqa adlarla təqdim edilir, mətbuat səhifələrində tez-tez işıqlandırılır.

Kübar dairələrinə mənsub körpü sonradan inkriminasiya olunmuş bir yerə çevrilir, çünki itlərin intiharında müqəssir bilinir, təqsirləndirilir.

İtlər, həmçinin bəzi hallarda pişiklər körpüdən özlərini atmaqla həyatlarına son qoyurlar. Əlbəttə, «dördayaqlı dostlarımızı öldürən» körpü belə bir pis adı heç də birdən-birə qazanmamışdır. Yarım əsrdən çox bir müddətdə körpü özünün əsas funksiyasını yerinə yetirmişdir. Həmin vaxt ərzində orada qeyri-adi heç bir pis şey baş verməmişdir. Lakin XX əsrin ortalarından etibarən körpüdə aydın olmayan, başa düşülməyən mistik hadisələr müşahidə edilməyə başlamışdır. Hər şey XX əsrin 50–60-cı illərindən start götürmüşdür. İtin körpüdən özünü atmaqla intihar etməsindən ibarət ilk hadisə 1951-ci ildə qeydə alınmışdır. 1955-ci ildə belə xoşagəlməz halların sayı artıq 50-dən çox olmuşdur. Yerli sakinlərin hesablamalarına görə, körpü mövcud olduğu bütün dövr ərzində müntəzəm olaraq orta hesabla ayda bir it oradan yerə atılmışdır. Təkcə son əlli il ərzində onlarla pişik və it məhz bu yolla həyatlarına son qoymuşlar. Körpüdən özlərini buraxan intiharçı heyvanların sayının artıq yüzlərlə olduğu iddia edilir. Belə ki, bir çox etibarlı mənbələrdə verilən məlumata görə, indiyə qədər körpüdən atılmaqla intihar edən itlərin sayının 600-dən çox olduğu bildirilmişdir.

Overtoun körpüsünün tədqiqatçıları düşündürən xüsusiyyətləri

Overtoun körpüsünün diqqəti çəkən bir neçə xüsusiyyəti var ki, tədqiqatçılar onlar ətrafında çox düşünürlər.

Birincisi, körpüdən atılmaqla intihar edən itlərin hamısının bədən ölçüləri böyük və sifətləri uzun olur. Həqiqətən müəyyən edilmişdir ki, 15 metr hündürlükdən guppultu ilə düşmək həvəsində olan itlər əsasən iri bədənli və uzun sifətli heyvanlardır. Tazı (ov iti), doberman, kolli, retriver, labrador və başqa itlər «intihar körpüsündən» özlərini buraxırlar.

İkincisi, xoşagəlməz kədərli hadisə körpünün yalnız bir hissəsində baş verir, tikilinin qalan hissələri heç bir təhlükə törətmir. Körpünün sağ tərəfindəki axırıncı iki göz arasındakı yer intiharçı itlər tərəfindən aşağı atılmaq üçün ən çox sevilib-seçilən sahədir.

Üçüncüsü, körpüdən atılan heyvanlar on beş metrlik məsafəni «uçaraq» yerə çatdıqda praktik olaraq sərt daşlara çırpılaraq bir anda, dərhal ölürlər. Yalnız ayrı-ayrı hallarda itlərin sağ qaldığı müşahidə edilir. Mənbələrdən bəziləri körpüdən atılmış itlərin sağ qalması ehtimalının 40–50 % olduğunu göstərirlər. Halbuki başqa mənbələrdə belə bir ehtimalın cüzi olduğu bildirilir. Sağ qalmış itlərin ciddi xəsarət alması ucbatından çox yaşaya bilməyəcəyi, həmçinin suisidal cəhdini təkrarlayacağı nəzərə alınsa, körpüdən atılmadan sonra sağ qalmanın ölüm kimi pis nəticə olmasa da, hər halda yaxşı gələcək vəd etmədiyi də aydın olur.

Dördüncüsü, körpüdən atılmış, lakin təsadüfən sağ qalmış it yenə bunu təkrar edir. Körpüdən atıldıqdan sonra nadir hallarda sağ qalan heyvanlar yenidən elə həmin yerdən özlərini bir daha buraxırlar. Əgər itin intihar cəhdi uğursuz alınırdısa, yəni atılandan sonra sağ qalırdısa, heyvan heç bir şeyə baxmayaraq yenə körpüyə dırmaşır və əvvəl başladığı işı axıra çatdırmağa qərar verir – təzədən özünü buraxır. Həmin fakt xüsusən maraq doğurur. Məhz bu təkrarlıq faktı Miltonun yerli sakinlərinin həddindən artıq təəccüblənməsinə, onların son dərəcə heyrətlənməsinə səbəb olmuşdur. Ona görə ki, itlər şəxsi faciələrin qeydə alındığı yerləri yaxşı yadda saxlayırlar. Özünü atmış, ciddi zədə almış, lakin ölməmiş yalnız bir neçə it çox yaşlı olduğundan ikinci dəfə özünü tullamamışlar.

Beşincisi, itlər müntəzəm olaraq orta hesabla ayda bir dəfə körpüdən aşağı atılırlar.

Altıncısı, itlərin hamısı istisnasız olaraq başı aşağı vəziyyətdə tullanırlar.

Bütün bunların həqiqət olub-olmadığını aydınlaşdırmaq üçün zoologiya, baytarlıq və digər sahələr üzrə çalışan mütəxəssislər dəvət edilmişdir. Həll edilməmiş sirri açmaq üçün müxtəlif ekspertlər körpü ətrafına cəlb olunmuşdur. Pişik və itlərin öz suisidal cəhdləri üçün niyə məhz bu körpünü bəyənib seçmələri insanları daim düşündürmüşdür.

İtlərin Overtoun körpüsündən özlərini atmalarını izah edən nəzəriyyələr

Dördayaqlıların intiharını aydınlaşdırmaq üçün müxtəlif fikirlər səsləndirilmişdir. İndi irəli sürülmüş ən mühüm nəzəriyyələrlə tanış olaq.

Birinci nəzəriyyə «körpünün lənətlənmiş ərazi olması nəzəriyyəsi» adlanır. Belə bir versiya körpünün lənətlənməsini özündə ehtiva edir. Yerli insanlar körpünün lənətlənmiş olduğunu təntənə ilə bildirir, oranı mənhus elan edir. İnsanların çoxu «lənətə gəlmiş» körpüyə çıxmamaq üçün dolanmaqla getməyi üstün tuturlar.

İkinci nəzəriyyə «kabus nəzəriyyəsi», yaxud «kölgə nəzəriyyəsi» adlanır. Belə bir versiya körpüdə ölülərlə dirilərin qarşılaşmasına dair baxışlardan qaynaqlanır. «Kabus nəzəriyyəsinin» başlıca mahiyyəti ondan ibarətdir ki, körpü sanki ölülər aləmi ilə dirilər dünyası arasındakı sərhəddə yerləşir. Daha doğrusu, Overtoun körpüsündə ölü və dirilərin iki dünyası arasında nəsə bir portal (piştağ) yerləşir. Belə ideyaya tərəfdar olanlar hesab edirlər ki, körpü ölülər aləmi ilə dirilər dünyası arasında baryer olan, bir-birinə zidd iki dünyanın bəzən kəsişməsi (çarpazlaşması) qeydə alınan və buna görə «incə hüdud» sayılan bir yerdə tikilmişdir. «Kabus nəzəriyyəsi» kelt mifologiyası ilə müəyyən qədər əlaqədar olan bir nəzəriyyədir. Keltlər hesab edirlər ki, göy və yerin bir-birinə çox yaxınlaşdığı «incə ərazi» olur.

«Kabus nəzəriyyəsi» əsasında aşağıdakı dörd mülahizə irəli sürülmüşdür. Birinci mülahizəyə görə, «incə hüdud» ətrafında olan şeylərə qarşı insanın həssaslığı heyvanlarınkından kəskin şəkildə fərqlənir. Bir çoxları belə hesab edirlər ki, heyvanlar belə yerlərə insanlara nisbətən artıq dərəcədə həssaslıq göstərirlər. Məlum olduğu kimi, itlər paranormal hadisələrə daha həssas olurlar. Ola bilsin ki, itlər elə şeyləri görür və eşidir ki, onlar qeyri-maddi varlıqlar tərəfindən törədilir, lakin insanlar onları görə və səslərini eşidə bilmirlər. Buna görə körpü üzərindən keçən insan heç bir neqativ enerji hiss edə bilmədiyi halda, hipersensitiv (həddən ziyadə həssas) heyvan olan it buranı rahat gəzə bilmir. İkinci mülahizəyə görə, nəsə bir paranormal şeyi duyan, sezən, çox böyük ehtimalla onu iylə tanıyaraq «anlayan» itlər aşkara çıxardıqları «izin dalınca düşərək» hər şeyi bilmək həvəsi üstündə cəza kimi həyatlarını itirir, tələf olurlar. «Kabus versiyası» çərçivəsində olan bu mülahizə iki dünya ayrıcında itlərin hər şeyə maraq göstərməsi ucbatından onların həyatları bahasına cəzalanmasını nəzərdə tutur. Üçüncü mülahizəyə görə, ola da bilsin ki, itlər ölülərin ruhlarından qorxub həyəcanlanırlar. Nəhayət, kifayət qədər qorxunc, müdhiş, tükürpərdici bir mülahizə də mövcuddur ki, bizim etibarlı, sədaqətli və vəfalı dördayaqlı dostlarımızın – itlərin qanı piştağın açılmasına səbəb olur.

Üçüncü nəzəriyyə «körpüdə ruhun dolaşması nəzəriyyəsi» adlanır. Bu nəzəriyyənin özünün iki versiyası mövcuddur. Birinci versiya XX əsrin axırlarında bir xəstə kişinin övladını və özünü körpüdən atmasından sonra orada uşaq ruhunun dolaşdığını nəzərdə tutur. 1994-cü ilin oktyabrında Kevin Moy adlı kişi əvvəlcə oğlunu, sonra özünü körpüdən atmışdır.

Bir çoxları belə zənn edir ki, ata cinayəti törədərkən – uşağını körpüdən atarkən onun iblisanə olduğunu söyləmişdir. Həmin ideya tərəfdarlarının fikrincə, ata övladının antixrist olduğunu ucadan qışqıra-qışqıra bəyan etmişdir. Ata uşağın Yer üzərində şeytanı təcəssüm etdirdiyini inadkarlıqla göstərmiş, onun heç vaxt sözə qulaq asmadığını bəyan etməklə bunu təsdiqləmişdir. Qeyd edək ki, atanın nəzərində uşaq iblisin, şeytanın reinkarnasiyası olmuşdur.

«Körpüdə uşaq ruhunun dolaşması nəzəriyyəsi» bir sıra ziddiyyətli məqamları ilə yadda qalmışdır.

Birinci ziddiyyət atılan uşağın yaşı ətrafındakı fikirlərin bir-birilə düz gəlməməsindən ibarətdir. Əfsanəyə bənzəyən belə bir mülahizə mövcuddur ki, bir atanın həddən ziyadə nadinc və itaətsiz oğlu olur. Böyüklərə qətiyyən qulaq asmaq istəməyən uşaq tez-tez yoxa çıxır. Daim oğlunu axtarmaqdan yorulmuş ata getdikcə hirs və hiddətinin artdığını, acıq və qeyzinin öhdəsindən gələ bilmədiyini hiss edir. Uşağın yaramaz hərəkətləri davam etdikcə atanın kini çoxalır, beyni qızışır, onu dəli kimi amansız tədbirlər görməyə, azğın hərəkətlər etməyə çağırır. Bir müddət atanın ağlını bürüyən fikirlər sözün həqiqi mənasında onu cinləndirilmiş bir vəziyyətə salır. Ağlı əlindən alınan, xərifləyən, yaddaşı korşalan və özünə nəzarəti itirən ata oğlunu körpüdən tullayır. Ancaq başqa mülahizəyə görə, ata ikihəftəlik oğlunu körpüdən atır. Bəzilərinin iddia etdiyi həmin fikir bir qədər əvvəl açıqlanmış mülahizə ilə ziddiyyət təşkil edir. Çünki ikihəftəlik uşağın gəzərək azması və valideyn sözünə qulaq asmaması sadəcə mümkün deyildir.

İkinci ziddiyyət uşağın atılması motivinə dair baxışların uyğunsuzluğundan ibarətdir. Bəzilərinin fikrincə, ata «bu uşaq iblisdir, şeytandır» deyərək onu körpüdən tullamışdır. Halbuki başqalarının fikrincə, ata uşağın Yer üzərində şeytanı təcəssüm etdirdiyini ürəksızladıcı dəhşətli hadisəni törətdikdən (uşağını körpüdən tulladıqdan) bir qədər sonra bildirmişdir.

Üçüncü ziddiyyət atanın özünü körpüdən atması vaxtına dair fikirlərdəki uyğunsuzluqdan ibarətdir. Bəziləri iddia edir ki, ata oğlunu atdıqdan dərhal sonra onun ruhunun izi ilə özünü də atır. Həmin insanların qənaətinə görə, ata əvvəlcə öz oğlunu körpüdən atır, lakin çox keçmədən kişinin gözlərini örtmüş pərdə götürülür. Elə bil bağlı gözləri açılan ata nə etdiyini başa düşür, ciddi bir yanlışlığa yol verdiyini anlayır. Elə həmin andaca ata daşların üzərində oğlunun hərəkətsiz bədənini görür və onun izinə düşərək övladının ardınca aşağıya atılır, özü onun dalınca yollanır, nəticədə özünü də öldürür. Ancaq başqaları iddia edir ki, ata oğlunu körpüdən tulladıqdan sonra onun dalınca özünü də atmaq istədikdə arvadı buna imkan verməmiş, onu saxlamağı bacarmışdır. Yalnız bir neçə gündən sonra ata bunu həyata keçirmişdir.

Nəhayət, daha bir ziddiyyətli məqam atanın necə intihar etməsilə bağlıdır. Bir çoxlarının gəldiyi qənaətə görə, ata körpüdən atılmaqla öz həyatına son qoymuşdur. Həmin fikirlərdə atanın elə həmin üsulla və eyni yerdə həyatına son qoyduğu bildirilmişdir. Ancaq bəziləri güman edir ki, ata körpüdən özünü atmaq üçün bir neçə dəfə cəhd göstərmiş, lakin bunu bacarmamışdır. Uşağına qarşı görünməmiş və eşidilməmiş bir şəkildə davranan, ancaq hadisədən sonra dərdə dözə bilməyən ata yalnız venasını kəsməklə intihar etmişdir.

Əfsanəyə görə, oğlanın ruhu onun öldüyü yerin yaxınlığında qalır. Uşağın ruhu tək olmaqdan çox darıxır, özünü yalqız hiss edir. Buna görə uşağın tək-tənha ruhu heç olmasa heyvanlarla oynamaqdan ötrü onları yanına çağırır. Ekstrasenslərin fikrincə, itlər onları çağıran «kölgəni» («kabusu») görür və laqeyd qala bilməyib atılır. Dəcəl, nadinc, şuluqçu uşağın fantomunu adi oğlan uşağı kimi qəbul edən itlər onun oynamağa səsləyən baxışları qarşısında davam gətirə bilməyir. Körpü üzərinə çıxan it uşağın ruhu ilə görüşmək üçün quyruğunu havada oynatmaqla onun yanına atılır. Əylənmək, oynamaq, zarafatlaşmaq istəyən ruhun görüşünə çıxmaq, çağırışına müsbət cavab vermək üçün heç bir dolabdan, dolaşıq işdən şübhələnməyən günahsız heyvan onun «göründüyü yerə» tullanaraq bununla öz həyatına son qoymuş olur. Mülahizəyə görə, itin intiharı uşağa məxsus ruhun provokasiyasına uymasının, onun təhrikinə tabe olmasının labüd nəticəsidir.

«Körpüdə uşaq ruhunun dolaşması nəzəriyyəsi» kifayət qədər geniş yayılsa da, ancaq daha çox şayiəni xatırladır. İnsanlardan bir çoxu buna bir əfsanə kimi baxır, onu qorxudan doğan uydurma hesab edir. Ancaq hər hansı yerin daimi sakini həmişə incə təbiətli olur, hər hansı qara fikrə, aydın görünməyən, bulanıq mülahizəyə olduqca həssas yanaşır. Əlbəttə, yerli əhalini bu cəhətdən qınamaq olmaz. Çünki insanlar həmişə yaşadıqları yerin və onun ətrafının yalnız xoş təsir bağışlamasını arzulayır, burada heç bir qara qüvvəni görmək istəmir, əhvali-ruhiyyəni korlayan, ruhu didib-dağıdan istənilən mənfiliyin həmişəlik aradan qalxacağına ümidini itirmir.

Növbəti versiya körpüdə onun ilk sahiblərindən birinin ruhunun dolaşdığını ehtiva edir. Şotlandiyanın 32 vilayətindən biri olan Qərbi Danbartonşir (West Dunbartonshire) vilayətinin yerli sakinlərindən bəziləri iddia edirlər ki, tikili ətrafında gəzişən ruh Overtoun evinin ilk sahibinin ruhudur. İnsanlar təsdiqləyirlər ki, həmin ruh yüz ildən artıq bir müddətdə orada hiss edilmişdir.

Biabırçı, yolverilməz və qanqaraldıcı faciəli hadisədən sonra aydın olur ki, körpünün mistik çalarda ad qazanması onu intihar edənlərin sonuncu ziyarət yerinə çevirə bilmişdir. Bundan sonra insanların körpü ətrafında olan qorxu və dəhşətləri misilsiz dərəcədə artmışdır. Adamlar buranın əbəs yerə vahimə və həyəcan doğurmadığını təsdiqləmişlər. İtlərin müntəzəm olaraq intihar etmələrindən və atanın öz oğlu ilə faciəli şəkildə dünyasını dəyişməsi haqqında şayiə geniş yayılandan sonra Overtoun körpüsü artıq beynəlxalq aləmin diqqətini özünə cəlb etmişdir. Körpü fenomeni artıq ölkə hüddudlarından çox-çox kənara çıxmışdır.

Həqiqətən körpüdə olan insan özündən asılı olmayaraq dəhşətli şeylər hiss edir, vahimə keçirir, qorxu hissinin dərinləşdiyini duyur, xoş olmayan təəssüratlar yaşayır. Bu qorxulu körpünün üstündə insanın, eləcə də pişik və itlərin rahatlığı pozulur. Vahiməli körpünün dəhşətli şeylər qeydə alınan körpü olması məhz bununla əlaqədardır. Din və fəlsəfə üzrə pedaqoq, dinşünaslıq üzrə nüfuzlu mütəxəssis, professor Pol Ouen (Paul Owen) yazır: «Hələ iki il bundan qabaq mən həmin yerdə dayanmışdım. Birdən bərk və kobud şəkildə itələndiyimi hiss etdim, sanki kimsə məni barmağıyla vurdu. Elə bil kimsə, yaxud nəsə itləri aşağı atılmağa vadar edən kimi, məni də itələyib körpüdən salmağa cəhd göstərdi».

Körpünün mistik flörünü ifşa etmək, onun əsrarəngizlik mahiyyəti verilən örtüyünü götürmək, pərdəsini cırmaq, müəmmalılıq kimi geyindirilən donunu çıxarmaq, bütün yanlış fikirləri dağıtmaq üçün yalnız elmə istinad edən, məntiqə söykənən metodlarla tədqiqatlar aparılmalı, fenomen hər kəsin anlaya biləcəyi kifayət qədər sadə və aydın şəkildə izah edilə bilməlidir. Beləcə fenomeni tədqiq etmək üçün sağlam düşüncəli elm adamları tədqiqatlara qoşuldular.

Dördüncü nəzəriyyə «etoloji nəzəriyyə» adlanır. Həmin nəzəriyyə «Heyvanlarla amansız rəftarın vaxtında qabağının alınması üzrə Şotlandiya cəmiyyəti» işə qarışdıqdan sonra aparılan tədqiqatlar zamanı irəli sürülmüşdür.

Şübhəsiz ki, «Heyvanlarla amansız rəftarın vaxtında qabağının alınması üzrə Şotlandiya cəmiyyəti» itlərin tez-tez intihar etdiyi körpüyə laqeyd qala bilməzdi. Qeyri-adi körpü ilə yaxından maraqlanmağa başlayan cəmiyyətin rəhbərliyi oraya öz ekspertini göndərir. Heyvanların davranışı üzrə nüfuzlu ekspert Devid Sekston (David Sexton) şəhərə gəlir, körpünün üstünü, altını və ətrafındakı ərazini diqqətlə yoxlayır, şəlalənin töküldüyü yeri və yaxınlıqdakı bütün sahəni diqqətlə gözdən keçirir. Nümayəndələr hər şeyi prosedur üzrə çox dəqiq yerinə yetirir, lakin ilk vaxtlar ağlabatan qənaətə gəlməkdə çətinlik çəkir, elə bir əsaslı fikrin üzərində dayana bilmirlər. Ancaq rəhbərliyə ruhlar və axirətlik sayıqlaması xüsusunda məruzə etməyə hazırlaşmayan tədqiqatçılar getdikcə müayinələrini dərinləşdirir və tətbiq etdikləri metodları genişləndirirlər.

İtləri intihara sürükləyən günahkarı körpünün üstündə deyil, məhz altında axaran tədqiqatçılar çox keçmədən yanılmadıqlarını əyabi surətdə göstərirlər. Körpü altındakı ərazidə olan bitki örtüyü içərisində siçan, siçovul, su samuru, sincab və başqa gəmiricilərin gizli halda yaşadığı aşkara çıxarılır. Ərazinin çay sahilində yerləşməsi istər-istəməz oranın fauna və florasına təsir göstərmişdir. Qeyd edək ki, Klayd (Clyde) çayı ölçüsünə görə Böyük Britaniyada səkkizinci və Şotlandiyada üçüncü çay olub, ölkənin cənubunda yerləşir.

Devid Sekston müəmmalı ərazidə apardığı araşdırmalar sayəsində müəyyən edir ki, itlərin «ölümcül uçuş» həyata keçirdiyi sevimli yerin bilavasitə altındakı torpaqda, çayın qırağında siçan, siçovul, sincab, su samuru və digər gəmiricilərin açdıqları izlər çoxdur. Heyvanların həmin izlərində onların sidiyinin iyi yüksək konsentrasiyada toplanır. Xüsusən su samurunun qüvvətli anal vəzilərinin hasil etdiyi məhsul özündən sonra şiddətli bir iz qoyur. Həmin iz güclü üfunətli iyə malik olur və itlərin marağını özünə cəlb edir. Bu gəmirici heyvanlar itlərin ən sevimli qidaları hesab edilir. Ona görə itlərdə instinktiv olaraq bu heyvanların sidiyinin iyini tanıma və aşkara çıxardığı təqdirdə onun mənbəyinə doğru ani surətdə, təcili atılma müşahidə edilir. İtlərə təbiətən verilmiş belə instinktiv xüsusiyyətin qarşısını kəsmək mümkün deyildir.

Qidalandığı canlının iyi gələn tərəfə cummaq, hər zaman ələ düşməyən yüksək kalorili belə şikarı buraxmamaq üçün itin çox böyük sürətlə iyin mənbəyini axtarması dördayaqlı ovçuların təbiətindən irəli gəlir.

Bədən ölçüsü iri və sifəti uzun olan itin burnu böyük, oradakı qoxu reseptorlarının sayı çox olur. Buna görə həmin itlərin iybilmə qabiliyyəti daha güclü olması ilə seçilir. Həqiqətən sifəti uzun və burnu böyük olan itlərdə sidik iyinin tanınması çox güclü olur. Qısa sifəti və kiçik burnu olan itlərin «tuta bilmədiyi» iyləri bunlar asanlıqla müəyyənləşdirirlər. Uzunsifət cinsdən olan itlər körpüdən «uçmaq» həvəsinə gəlir, buna görə başqa itlərlə müqayisədə daha çox təhlükəyə məruz qalırlar.

Sınaqlardan birində on müxtəlif it üzərində üç aromatdan istifadə edilmiş və onların 7-də (70 %-də) bilavasitə su samurunun iyinə qarşı həssaslıq müəyyənləşdirilmişdir.

Torpaqda izlər açmış heyvanların erkək fərdlərinin sidiyi pişik və itlərə çox güclü şəkildə təsir edir. Bunu yaxşı bilən ekspert fikrini təsdiqləmək üçün eksperimentlər aparır. Həqiqətən qoyulan eksperimentlər etoloji nəzəriyyənin yalnız xeyrinə olan nəticələr almağa imkan verir və ekspertin mülahizəsinin tamamilə doğru olduğuna inamı artırır, onun qənaətində yanılmadığını əyani surətdə sübut edir. Ekspert körpü altında tapılmış heyvanların erkək fərdlərinə məxsus sidiyin iyinin daha çox əraziyə yayılması üçün bilərəkdən onların ifrazat məhsullarından təhlükəsiz bir yerə çiləyir və davranışında heç bir qüsur olmayan, adi qaydada həyat sürən itləri kənardan müşahidə edir. Eksperimentə cəlb edilmiş 30 itdən 28-i heç fikirləşmədən, ayaq saxlayıb düşünmədən iyin mənbəyinə doğru qaçır, oraya cumur. İtlər praktik olaraq qıraq-bucağa baxmadan, heç yerə göz gəzdirmədən ancaq iy gələn tərəfə cumur, tilsimlənmiş bir varlıq kimi yubanmaq istəmir. Məqsəd iyin köməyilə şikarı tapıb onu məhv etmək və sonra yeməkdir. 28 itin ora cumması verdikt (hökm, qərar) çıxarmaq üçün kifayət edir.

Yalnız iki it sakit olaraq qalmış, sidik iyinə heç bir reaksiya verməmiş, heç nə olmamış kimi rahat həyatlarını davam etdirmişlər. Çünki bədən ölçüləri kiçik olan həmin iki itin sifəti qısa və burnu balaca olduğundan onlar sidik iyini müəyyənləşdirə bilməmişlər. Kiçik bədənli itlərin iybilmə qabiliyyətinin məhdudlaşdırılması müdrik təbiətin onlara qayğısının bariz əlamətidir. Çünki sincab, su samuru və digər heyvanların nisbətən yaxşı inkişaf etmiş erkək fərdlərinin öhdəsindən gələ bilmək üçün itin kiçik ölçüdə olan bədəni kifayət etməyə bilər.

Körpü altında siçan və siçovullara nisbətən su samuru daha çox sayda yaşayır. Körpüdən pişiklərin itlərlə müqayisədə dəfələrlə az sayda atılmasının səbəbi məhz bununla izah olunur. Əgər orada siçanlar da çox yaşasaydı, onda pişiklərin də körpüdən tez-tez atılaraq ölməsi («intihar etməsi») halları müşahidə edilərdi.

Daha bir maraqlı fakt havanın quru olduğu günlərdə rütubətli günlərdəkinə nisbətən itlərin atılması hallarının daha çox müşahidə olunmasıdır. Bunun səbəbi belə izah edilir ki, isti hava rütubətin azalmasına səbəb olur, səmanın aydın olduğu, Günəşin şəfəq saçdığı vaxtda quru havada iy ətrafa daha yaxşı yayılır. Ancaq soyuq temperatur şəraitində hava rütubətli olduqda iyin yayılması pisləşir. Məsələn, yağmurlu gündə iy elə qüvvətli olmur.

Su samuruna doğru cumma haqqında versiya çoxlu sayda itlə dəfələrlə yoxlanıldı. Həqiqətən iri bədənli itlərin hamısı başqa itlərə nisbətən bu iyi daha çox bəyənərək, ona aşkar surətdə meyl göstərərək gözlənilən münasibəti bəsləyirlər. Normal it belə də reaksiya verməlidir. Ekspert Devid Sekston eksperimenti belə yekunlaşdırır: «Burada heç bir mistikadan söhbət gedə bilməz – itlər sadəcə iyə tərəf qaçırlar».

Əlbəttə, bu məsələdə ekspert haqlı hesab edilməlidir. Belə bir fərziyyə irəli sürülür ki, ovçu itlərdə instinktlər çox yaxşı inkişaf edir və onlar çox böyük bir yeri tutmuş tikilinin altında yaşayan siçan, siçovul, sincab və su samurunun iyini hiss edirlər.

Beləliklə, sevimli şikarının iyini duyan it onu ələ keçirmək üçün gözləmədən körpüdən atılır, ancaq yerə çatanda sərt daşlara çırpılaraq ciddi xəsarət alır, çox vaxt ölür. Müayinə aparmaq üçün göndərilmiş nümayəndələrin təqdim etdikləri hesabatda bütün bunlar əksini tapmışdır. Etoloji nəzəriyyə Overtoun körpüsündə itlərin özlərini öldürmələrinin izahının rəsmi versiyası hesab edilir.

Ancaq etoloji nəzəriyyə bir çox sualların cavabını verməkdə acizdir.

Birincisi, itlərin ovçu instinkti dalınca gedərək yüksək tikilidən tullanmaları real görünmür, çünki istənilən canlı varlıqda özünüqoruma (özünü müdafiə etmə, həyatını saxlama) instinkti həmişə birinci yerdə dayanır. Canlı əvvəlcə həyatını qoruyur, sonra digər instinktlərinin tələblərini yerinə yetirir. İtlər möhkəm, qüvvətli və davamlı özünüqoruma instinktinə malik olmaları ilə fərqlənir. Belə olan halda onların kor-koranə özlərini körpüdən atmaları özünüqoruma instinktinin tələbləri ilə bir araya sığmır.

İkincisi, itlərin sevimli qidası heç də təkcə körpü altında deyildir. Məsələyə zooloqların müdaxiləsindən sonra belə bir sual ortaya çıxır. Zooloqların apardıqları tədqiqatlardan məlum olur ki, həqiqətən Şotlandiya ərazisində su samuru çox yayılmışdır. Belə olan təqdirdə itlər özlərini təhlükəyə atmadan – körpüdən tullanmadan da su samurunu başqa yerlərdə tamamilə qorxusuz şəkildə tapa bilərdilər.

Üçüncüsü, itin özünü atması üçün körpüdə niyə məhz bir sürahi (məhəccər, hasar) seçməsi sualı yaranır. İtlərin körpü üzərində konkret olaraq onun yalnız bir yerində «su samuru eşqinə düşməsi» sualı özünün dəqiq cavabını gözləyir. Müəyyən edilmişdir ki, «dördayaqlı dostlarımız» körpünün məhz bir yerindən ölümcül tullanışlarını həyata keçirirlər. Sanki hansısa naməlum, əsrarəngiz, gizli bir qüvvə məhz həmin yerdə heyvanları özünə çəkir.

Dördüncüsü, körpüdən atıldıqdan sonra nadir hallarda sağ qalan heyvanların yenidən elə həmin yerdən özlərini bir daha buraxmalarını izah etmək üçün etoloji nəzəriyyə yetərli deyildir.

Körpü üzərindəki it yerə qədər olan məsafəni dəqiq müəyyənləşdirə bilmir. Əks təqdirdə heyvanlar körpüdən yerə qədər olan on beş metrlik məsafənin təhlükəliliyinə varmadan özlərini yerə atmazdılar. Heyvanların belə yüksək körpüdən özlərini atmalarının səbəbini müxtəlif cür izah edirlər.

Mülahizələrdən birinə görə, hər şey itlərin sensor orqanlarının müxtəlif dərəcədə stimullaşdırılmasından başlayır. Bir neçə eksperimentdən sonra ekspertlər belə nəticəyə gəlmişlər ki, görmə, eşitmə və yaxud qoxu orqanlarından biri qüvvətli şəkildə stimullaşdırılır. Körpünün hündür məhəccəri itlərin görməsini büsbütün aradan qaldırdığından vizual stimullaşdırmadan söhbət gedə bilməzdi. Mükəmməl tədqiqatlardan sonra akustika sahəsindəki ekspertlər burada səslə bağlı qeyri-adi ümumiyyətlə, heç bir şey tapa bilmədilər. Deməli, körpü üzərindəki itin görmə və eşitmə orqanlarının fəaliyyəti qənaətbəxş olmur. Belə güman olunur ki, körpünün qranit divarlarının hündürlüyü itlərin görmə və eşitmə qabiliyyətini hədsiz dərəcədə pisləşdirir. Yeganə olaraq qoxu orqanının fəaliyyətindən irəli gələn mənzərə araşdırılmamış qalırdı. Körpü altındakı ərazidə kəskin iyə malik ifrazatı olan gəmiricilərin olması qoxu orqanının kifayət qədər güclü stimullaşdırılmasına gətirib çıxarır. Buna görə ətrafdan gələn qüvvətli iyin mənbəyinin çəpərlənmiş (hasarlanmış) yerdən aşağıda olduğunu bilən it vaxt itirmədən (şikarı duyuq düşüb uzaqlaşmadan) özünü ona çatdırmağa qərar verir və tullanır. İyin mənbəyini tapmaqdan ötrü «müayinəyə başlayan» it cəmi bir neçə saniyə sonra tələf olur. Mütəxəssislər bunu qoxu hissinin overdrayv halına keçməsilə izah etməyə çalışırlar. Öndə gedən heyvan psixoloqu, doktor, müəllif, teleaparıcı və fotoqraf Devid Sends (David Sands) demişdir: «Körpü məhəccərinin sərt qranitdən hazırlanmış 18 düym12 qalınlığında divarı bütün görməni məhdudlaşdırır (hər şeyi gizlədir) və bütün səsləri bloklayır. Nəticədə iy overdrayv halına keçir». Təəssüf ki, bu overdrayv hissi çox ağrı-acılı olur, neçə-neçə ailəyə əzab verir. Çünki ailələr bir üzvü hesab etdikləri itlərini faciəli şəkildə itirməli olurlar.

Növbəti mülahizəyə görə, şikarın iyinin yaxşı duyulması onun yaxında olmasına dair itdə yanlış fikir oyadır. Buna görə körpüdən atılmağa qərar verən heyvan yalnız iyin mənbəyinə çatdıqda yanıldığını müəyyənləşdirir. Ancaq sağ qalmış itlərin yenidən körpüyə dırmaşaraq cəhdlərini təkrar etmələri mülahizənin tavanasız, etibarsız olduğunu göstərir.

Nəhayət, başqa mülahizəyə görə, sevimli şikarın iyi həqiqətdə elə güclü olur ki, ovçu instinkti təkcə özünüqoruma instinktini deyil, eyni zamanda «yer yaddaşını» da boğub söndürür, onu zəiflədərək axırda susdurur. 

Körpü üzərindəki itlərin özlərini atmalarına dair beşinci nəzəriyyə «intiharın psixoloji nəzəriyyəsi» adlanır. Həmin nəzəriyyəyə görə, psixi pozuntudan əziyyət çəkən it körpüdən özünü atmaqla intihar edə bilər.

İtlərin intiharı haqqında olan bütün nəzəriyyələri dərhal qeyri-elmi və elmi olmaqla iki qrupa ayırmaq mümkündür. Ancaq tutarlı fakt olmadan hər hansı nəzəriyyəyə onun qeyri-elmi olmasına dair damğa vurmaq qətiyyən düzgün olmazdı.

Əlbəttə, məşhur Overtoun körpüsündə baş verənləri həqiqətdə uzun müddət müzakirə etmək olar. Ancaq müzakirələrin sonunda qəti nəticə hasil olmur. İrəli sürülən fikir və mülahizələrdən hansının həqiqət, hansınınsa uydurma olduğunu söyləmək mümkün deyildir. İnsanların çoxu irəli sürülən mülahizələrdən heç birini qənaətbəxş saymır. Verilən suallar onların cavablarından çoxdur. Dürüst və doğru məlumat verilməsi üçün körpü ətrafında tədqiqatlar davam etdirilir. Həqiqəti tam açıqlaya biləcək hər hansı komissiyanı gözləməkdən başqa bir yol qalmır. Ancaq təəssüf ki, altmış ildən artıq bir müddətdə köhnə Overtoun körpüsündə itlərin müntəzəm olaraq intihar etmələri faktı təkzinbedilməz şəkildə mövcuddur. Bu gün də itlər müdhiş körpüdən atılmaqla özlərini öldürməkdə davam edirlər. 

Sanki nəsə bir sirli, anlaşılmaz, müəmmalı qüvvə heyvanları cəlb edir, onları ölüm səhnəsinə daşıyır. Belə hərəkətlər müntəzəm olaraq baş verdiyindən heyrət və təəccüb doğurmaya bilmir, şübhələrə yol açır, hamı çaşıb qalır. Körpüdə baş verənlər ona «iblisanə yer», «şeytanın nəzarətində olan yer», «şərin təsiri altında olan yer» kimi adları əlavə edir.

Qədim daş körpüdən heyvanların özlərini atmasının nədən baş verdiyini, onun motivasiyasını şübhəsiz ki, hələlik heç kim dəqiq bilmir. Overtoun körpüsü ölkədə anomal yerlərdən biri kimi qəbul edilir, tanınır. Lakin bunun nə ilə əlaqədar olması, məhz nəyin təsir etməsi ucbatından müntəzəm olaraq təkrarlanan qəribə kədərli hadisələrin baş verməsi hələlik aydın olmayaraq qalır. Sualların mütəxəssislər tərəfindən dürüst cavabları tapılana qədər itlərin intiharı kimi faciəli hadisələrin davam etməsinin qarşısını almaq üçün bir sıra profilaktik tədbirlər görülür. Yerli sakinlərin öz itlərinin həyatını saxlaya bilmələrindən ötrü sadəcə bəzi məsləhətlərə qulaq asmaları və onlara əməl etmələri vacibdir.

Birincisi, imkan daxilində körpüdən az istifadə edilməsi məsləhət görülür. Hətta intihar körpüsü haqqında məqalələr yazan və reportajlar hazırlayan müəlliflərdən bir çoxu ehtiyatlılıq naminə axırda Overtoun körpüsünü diqqətə layiq olan yerlər siyahısından çıxarmağı məsləhət görür, hər ehtimala qarşı gəzinti sxemində buranı istisna etməyin daha doğru olduğunu bəyan edirlər. 

İkincisi, itin hər zaman gözlənilmədən sıçrayışlı hərəkət edə biləcəyi unudulmamalı, xüsusən körpünün daha təhlükəli hesab edilən hissəsində ona qarşı diqqət artırılmalıdır. Körpüyə çıxmadan keçinmək mümkün olmayan hallarda itlər gəzdirilərkən xalta qayışından istifadə edilməlidir. Öz vəfalı dostu ilə gəzintiyə çıxan insanlar Overtoun körpüsünə yaxınlaşanda xəbərdarlıqedici işarə görürlər. Öz itlərini itirmiş bədbəxt sahiblərdən biri tərəfindən saxlanılmış lövhədə aşağıdakı sözlər yazılmışdır: «Təhlükəli körpü. Zəhmət olmasa, itlərin xalta qayışından tutun» («Dangerous bridge. Please keep your dog on a lead»). Overtoun körpüsünün girişində həmin sözlərin yazıldığı lövhənin olması itini gəzdirən insanların ehtiyatlı olmaları üçün bir xəbərdarlıqdır.

Bununla belə, şotland şəhərciyinin daş körpüsü əhlilləşdirilən, yetişdirilən heyvanların könüllü surətdə ölməyə getdiyi yeganə yer deyildir.

Sonda qeyd edək ki, itlərin intiharının qarşısının alınması üçün artıq bir çox ölkələrdə aparıcı mütəxəssislər tərəfindən zəruri tədbirlər həyata keçirilir.

Qeyd: mövzu üzrə daha ətraflı məlumatı Şahin Böyükağa oğlu Əlibəylinin «Animal suisid» adlı monoqrafiyasından əldə edə bilərsiniz.

Şahin Böyükağa oğlu Əlibəyli