page

*


Article Image

 

Yırtıcı bitkilərin dad reseptorları olurmu?

Xırda ölçüdə heyvanları tutan və onlardan başlıca olaraq azotlu əlavə qida mənbəyi kimi istifadə edən çoxillik ot bitkilərinə yırtıcı bitkilər deyilir.

«Yırtıcı bitkilər» termini elə uğurlu deyildir. Bir tərəfdən «yırtıcı» sözü bitkilərə heç cür uyğun gəlmir, digər tərəfdən onlar əksər hallarda həşəratları (cücüləri), yalnız az-az hallarda başqa xırda heyvanları yeyirlər. Ona görə «cücüyeyən bitkilər», «həşəratyeyən bitkilər» kimi terminlərin işlədilməsi məqsədəuyğun sayılmışdır. Hətta elmi terminologiyanın tələblərinə müvafiq olaraq «entomofaq bitkilər», «entomovor bitkilər», «insektivor bitkilər», «insektofaq bitkilər» kimi terminlərdən istifadə edilə bilər. Yunanca «entomos», latınca «insekto» sözlərinin hər ikisi hərfi mənada «cücü», «həşərat», «phago» hissəciyi isə «aşırıram», «uduram», «yeyirəm» deməkdir.

Təsadüfi deyildir ki, doğma dilimizdə olan kitablarda məhz «cücüyeyən bitkilər», «həşəratyeyən bitkilər» terminlərinə üstünlük verilir [1, səh. 44–52; 2, 166–167; 3, səh. 217; 4, səh. 219–220; 5, səh. 163].

Mərhum bioloq, professor Mirəli Abdulla oğlu Axundov hələ 1978-ci ildə «Okeandan bir damla» adlı çox maraqlı kitabında «yırtıcı bitkilər» başlığı altında ənənəyə uyğun olaraq əsasən həşəratlarla qidalanan bitkilərdən söz açmışdır:

«Axı, heç bitkilərə «yırtıcı» adı yaraşmır. Mən yırtıcı deyəndə gözümün qabağına canavarı, şiri, pələngi, qartalı, qızıl quşu gətirirəm. Bitkilərin də içərisində yırtıcılar olduğu mənim yuxuma da girməzdi. Bu həşəratyeyən bitkilər mənim sözlərimi eşitsəydilər, mən onlardan soruşardım: Sizi nə vadar edir ki, öz yaşıl əcdadlarınızın adını batırırsınız? Siz də onlar kimi havadan karbon qazını, torpaqdakı mineral duzları alıb günəş şüalarından gələn enerji vasitəsilə özünüzə qida hazırlasaydınız, bu sizə kifayət etməzdimi? Axı, yaşıl bitkilər belə «nəcib» iş görürlər. Onlar olmasaydı yer üzərində bütün canlıların həyatı sönərdi.

Təbiət heç bir vaxt öz sirrini asanlıqla açmır. Biz özümüz bu çətin suala cavab tapmalıyıq» [1, səh. 50–51].

Əlbəttə, yırtıcı bitkilər barəsində düzgün elmi məlumat olmaması istər-istəməz miflərin, şayələrin yayılmasına rəvac vermişdi. Bir çox heyvanların, hətta insanların yırtıcı bitkilər tərəfindən aradan götürülməsinə dair fikirlər yayılmağa başlamışdı.

«Bir vaxt belə bir şayiə yayılmışdı: guya Hindistanın qalın meşələrində elə ağaclar vardır ki, onlar nəinki heyvanları, hətta insanları da yeyirlər. Belə söyləyirdilər ki, bir kənddən başqasına meşədən keçib məktub aparan poçtalyonlar geri qayıtmırlarmış. Hətta bəziləri poçtalyonun piyada deyil, at üstündə getdiyini qeyd edirmişlər. Guya meşədə elə ağaclar var ki, qol-budaqlarını sallayıb ov gözləyir, altından canlı keçən kimi ona sarmaşıb, ətini yeyib yalnız skeletini saxlayırlarmış. Sonra məlum oldu ki, bu uydurmadır» [1, səh. 44–45].

Meşədən keçən poçtalyonun, yaxud başqa insanın orada vəhşi heyvanın hücumuna məruz qalması, sonradan müəyyən ərazilərdə skelet qalıqlarının aşkar edilməsi mümkündür. Həmçinin heyvanların qalın meşələrdə tələf olmasına dair elmə çoxlu sayda maraqlı fakt məlumdur. Keniyanın Eberi şəhərindəki dağ mehmanxanası yaxınlığında iki camış savaşarkən buynuzlarını bir-birinə keçirərək düz 18 saat heykəl kimi bir yerdə dayanmışdılar. Savaşı görüb heyvanların yanına gələnlər bu hadisəyə heyran olmuş, məəttəl qalmışdılar. Nəhayət, dişi camış susuzladığına görə savaşı dayandırmış, «rəqibindən» aralanıb getmişdir. Ertəsi gün qeyri-adi hadisə yenə təkrar olmuşdur. Bir nəfər sürücü camışların davasını kəsməyə çalışmış, avtomaşınından istifadə edərək onları aralaşdırmağa müvəffəq olmuşdur. Heyvanlar arasında düşən mübahisə bir çox hallarda ölümlə nəticələnir. Bəzən dişi fərdlə cütləşmək üstündə erkək marallar bir-birilə vuruşanda buynuzları elə ilişir ki, aralanmaları mümkün olmur. Onlar ilişmiş buynuzlarını açıb xilas ola bilmirlər. Bundan başqa, iri ölçülü, haçalı, qol-budaqlı buynuzları olan maral bəzən cəngəllikdən keçərkən ilişib çıxa bilmir. Orada qalan maral qidasızlıq (aclıq-susuzluq) nəticəsində ölür, yaxud yırtıcı heyvanların hər zaman ələ düşməyən şikarına (qurbanına) çevrilirlər. Bəzən quşlar sürətlə uçarkən təsadüfən ağacların budaqlarının haçalanmış yerlərinə ilişib qalır və ölümlə barışmalı olurlar. Qeyd edilən halların heç birində bitkilər heyvanlara qida kimi göz dikmir, sadəcə olaraq onların həddən ziyadə sıx olan qol-budaqları keçilməzlik yaratmaqla maralların buynuzlarının, quşların qanadlarının ilişib qalmasına şəraiti doğurmuşdur. Amma bununla belə cücüləri (həşəratları) qida kimi seçən bitkilərin mövcudluğu artıq mif, əsatir deyil, danılmaz bir həqiqətdir.

Alimlər qazıntı işlərini yerinə yetirərkən Sarrasenilər (Sarraceniaceae) fəsiləsindən olan uzunboyun arxeamfora (Archaeamphora longicervia) bitkisinin izlərini aşkara çıxarmış, onun ilk həşəratyeyən bitki olması, Yer kürəsində təxminən 150–200 milyon il bundan əvvəl yaşaması qənaətinə gəlmişlər (şəkil 1).

Şəkil 1. Sarrasenilər (Sarraceniaceae) fəsiləsindən olan uzunboyun arxeamfora (Archaeamphora longicervia) bitkisi ilk həşəratyeyən bitkilərdən biridir (qazıntı halında tapılan izlərinə görə rekonstruksiya edilmişdir)

Hələ 340–350 il bundan qabaq alimlər yırtıcı bitkiləri öyrənməklə məşğul olmağa başlamışlar. XVII əsrdə Madaqaskar adasından Avropaya canlı milçəktutan bitki gətirmişdilər. Tədqiqatçılar həmin zamandan indiyə qədər yırtıcı bitkilərin həyatını öyrənirlər.

Həşəratyeyən bitkilər XVIII əsrdə artıq xeyli sayda elm adamına məlum olmuşdur. Venera milçəktutanı (Dionaea muscipula) kimi bir həşəratyeyən bitkinin ilk dəqiq botanik təsviri ingilis təbiətşünası, London Kral Cəmiyyətinin üzvü Con Ellis (John Ellis) tərəfindən 1769-cu ildə nəhəng İsveç təbiətşünası və həkimi Karl Linneyə (Carl Linnaeus) yazdığı məktubda verilmişdir. Tutulan həşəratların bitki üçün qida olaraq xidmət göstərdiyini birinci dəfə məhz C. Ellis güman etmiş və bunu həmin məktubunda əsaslandırmağa çalışmışdır.

Şəkil 2. İngilis şehçiçəyi (Drosera anglica) üç mavi iynəcə (Enallagma cyathigerum) tutmuşdur

Alman həkimi və botaniki Albrext Vilhelm Rot (Albrecht Wilhelm Roth) 1782-ci ildə şehçiçəyi yarpaqlarının həşəratı tutmaq üçün özünəməxsus hərəkətlər etdiyini öyrənmiş, bunları təsvir etmiş və nəticədə tutulan onurğasızların belə bitkilərə qida mənbəyi kimi lazım gəlməsi haqqında Con Ellisin fikrini inkişaf etdirmiş oldu.

Şimali Amerikanın müxtəlif yerlərini tədqiq etmiş və Yeni dünya quşları haqqında ən yaxşı təsvirlərdən birini vermiş amerikan təbiətşünası Uilyam Bartram (William Bartram) 1791-ci ildə öz kitabında yırtıcılıq edən bitkilərdən geniş söhbət açmışdır. Şimali Amerika ştatları boyunca öz səyahətlərinə həsr etdiyi həmin kitabında U. Bartram elm tarixində ilk dəfə «yırtıcı bitkilər» terminini işlətmiş, Sarraseniya (Sarracenia) növündən olan bitkilərin həşəratları tutmağa xidmət edən yarpaqlarının bardaqcıq (səhəngcik) şəkli aldığına xüsusi diqqət yetirmiş və onları hərtərəfli təsvir etmişdir.

XIX əsrin əvvəllərində həşəratyeyən bitkilər qrupuna aid edilən artıq xeyli növ barəsində məlumatlar verilmişdir. 1835-ci ildə holland botaniki Piter Villem Kortals (Pieter Willem Korthals) ilk dəfə Nepentes (Nepenthes) növündən olan bitkilərdə həşəratyemə (entomofagiya) hadisəsini təsvir etmişdir.

Tezliklə həşəratyeyən bitkilərin xüsusiyyətlərinin dərindən öyrənilməsinə həsr edilən əsərlər üzə çıxmağa başladı. 1861-cı ildə fransız tədqiqatçısı Oje de Lyassyu (Auger de Lasso) Aldrovanda (Aldrovanda) növündən olan bitkilərin yarpaqlarının həssaslığını və onların hərəkətliliyini təsvir etmişdir.

1866-cı ildə məşhur alman təbiətşünası və filosofu, «pitekantrop», «filogenez», «ontogenez», «ekologiya» terminlərinin müəllifi Ernst Henrix Filipp Avqust Hekkel (Ernst Heinrich Philipp August Haeckel) tərəfindən elmə ilk dəfə «insektivor» məfhumu daxil edilmişdir.

1868-ci ildə amerikan alimi Uilyam Marriott Kenbi (William Marriott Canby) ilk dəfə Venera milçəktutanı yarpaqlarında vəzilər tərəfindən ifraz edilən şirənin digestiv (həzmedici) xassəyə malik olduğunu göstərmişdir.

Həşəratyeyən bitkilərin öyrənilməsində növbəti mərhələ görkəmli ingilis təbiətşünası və səyyahı Çarlz Robert Darvin (Charles Robert Darwin) tərəfindən həyata keçirilmiş tədqiqat işləri hesab edilir. Bu sahədə Ç. R. Darvin ən dərin tədqiqatlar aparmışdır. Ç. R. Darvin hələ 1860-cı ildə şehçiçəyi üzərində müşahidələrinə başlamışdır. Ancaq bu alimi başqalarından fərqləndirən bir xüsusiyyət vardı ki, hər hansı fikri söyləməzdən qabaq onu dəfələrlə təcrübi olaraq yoxlayar, müşahidə nəticələrini dəqiq surətdə müqayisə edər, yalnız bundan sonra onları elm adamlarının müzakirəsinə çıxarardı. Hələ Ç. R. Darvin öyrənmişdi ki, bəzi bitkilər müxtəlif hiylələrlə həşəratları aldadıb tutur və yeyirlər. Mötəbər mənbələrdə belə məlumat verilir ki, onlara «həşəratyeyən bitkilər» adını məhz Darvin qoymuşdur. Görkəmli bioloq həşəratyeyən bitkilərin, xüsusən milçəktutanın üzərində çox maraqlı təcrübələr aparmışdır. Darvin laborator təcrübələrində həşəratyeyən bitkiləri bir neçə aspektdən tədqiq etməyi qarşısına məqsəd qoymuşdu. Araşdırıcı həmin bitkilərin dadı müəyyənləşdirməsini öyrənmiş, hətta onların «menyüsünü» tərtib etmişdir. Alim bitkinin yarpaqlarına həşərat əvəzinə cürbəcür cansız cisimlər – çox kiçik ölçüdə dəmir parçası, təbaşir hissəcikləri, şüşə qırıntıları, taxta ovuntuları tökür, ancaq bitki sanki «gülə-gülə» məsələdən hali olduğunu bildirir: «aldada bilməzsən, mənə canlı cisim lazımdır, məgər mən dəmir, təbaşir, şüşə, taxta yeyənə oxşayıram?» Həşəratyeyən bitkinin yarpaqlarına yağış damcıları, qar dənəcikləri, habelə təbiətin başqa cansız cisimləri, hətta külək heç bir təsir göstərmir. Deməli, bitki heç vaxt nahaq yerə yarpaqlarını qapamır. Darvin növbəti dəfə milçəktutanın yarpaqları üzərinə ət tikəcikləri, xırda pendir qırıntıları, çiçək tozcuqları səpir, bitkinin yarpaqları dərhal qapanır. Cücünün (həşəratın) ayaqları bitkinin açıq kitaba oxşayan yarpaqlarına toxunar-toxunmaz onun tutucu aparatı qıcıqlanır, vəzilərin sekresiyası güclənir. Bunun ardınca bitkinin yarpaqları möhkəm qapanır. Həşəratı həzm etdikdən sonra yenə tələ qurulur – yarpaqlar açılır və şikarını gözləyir. Beləliklə, cücü (həşərat) bitkinin tutucu aparatı üzərinə düşdükdə onun sağ qalmasına ümid itir.

Bitkinin toxunuşlara yüksək həssaslığı, onların tutucu hərəkətləri, qidanı həzmə uğratma qabiliyyəti Darvinin diqqətini daha çox cəlb etmişdi. Çünki həmin xüsusiyyətlər bitkilərdən çox heyvanlara daha çox xasdır. Heyvanın hərəkətlərinə çox oxşayan xassələrin indi bitkidə cəmlənməsinin elm üçün zəngin material verdiyini qiymətləndirən və bundan layiqli şəkildə yararlanmaq istəyən Ç. Darvin qoyduğu təcrübələri sonradan artıq ciddi elmi işə çevirmiş, burada çoxlu sayda unikal müşahidələrini və cəsarətli nəticələrini cəmləşdirmiş oldu. Yeri gəlmişkən qeyd edək ki, onun gəldiyi qənaətlər sadəcə seyrçi qeydlərindən ibarət olmayıb, kifayət qədər məntiqli görünən, ağlabatan olan, bir-birini ardıcıl surətdə tamamlayan mühakimələr kimi qiymətləndirilə bilərdi. Həşəratyeyən bitkilər məsələsi Darvini çox məftun etmiş, tam ölçüdə özünün təsiri altına salmışdı. Bu barədə marağını gizlətməyən Çarlz Darvin XIX yüzilliyin ən məşhur alimlərindən biri, müasir geologiyanın banisi Çarlz Layellə (Sir Charles Lyell) yazdığı məktubunda aşağıdakı qeydlərini vermişdir: «Hal-hazırda şehçiçəyi (Drosera) məni dünyada bütün növlərin mənşəyindən daha çox maraqlandırır». Darvin öz tədqiqatlarının nəticələrini dərc etdirməyə tələsmir, daha doğrusu buna uzun müddət ərzində qərar verə bilməmişdi. Yalnız 15 ildən sonra artıq digər tədqiqatçıların məlumatlarının çoxaldığı bir vaxtda Darvin 1875-ci ildə «Həşəratyeyən bitkilər» («Insectivorous plants») kitabını nəşr etdirmiş oldu. Görkəmli alim 1882-ci ildə dünyadan köçdü, bundan altı il sonra – 1888-ci ildə Ç. Darvinin oğlu «Həşəratyeyən bitkilər» əsərinə böyük ölçüdə əlavələr edərək onu ikinci dəfə nəşr etdirdi. Həqiqətən Ç. Darvinin tədqiqat işi həşəratyeyən bitkilərin öyrənilməsi sahəsində bir dönüş nöqtəsi oldu. Bu barədə alman botaniki Karl İmmanuel Eberhard Ritter fon Göbel (Karl Immanuel Eberhard Ritter von Goebel) yazırdı: «... yeni dövrdə botanikanın həşəratyeyən bitkilər qədər heç bir başqa sahəsi özünə daha geniş dairədə diqqət cəlb edə bilməmişdi. Bunun səbəbi Darvinin çoxlu sayda digər tədqiqatlara təkan verən geniş işlərində axtarıla bilərdi».

Lakin Darvinin həşəratyeyən bitkilərlə bağlı apardığı tədqiqat işi özdövrünün alimləri arasında nəinki dərhal asanlıqla qəbul edilməd, hətta sərt tənqidə məruz qoyuldu. Məsələ burasındadır ki, əksər hallarda Darvinin yeni təkamül nəzəriyyəsi ilə prinsipial uçurum özünü göstərir, dərin aralanma müşahidə edilirdi. Peterburq Elmlər Akademiyasının müxbir üzvü olmuş, Peterburq botanika bağının direktoru işləmiş, alman mənşəli botanik, fəlsəfə doktoru Eduard Lüdviqoviç Avqust Regel (Eduard August von Regel) 1879-cu ildə təbiətdə həşəratyeyən bitkilərin mövcudluğuna dair Darvinin təsdiqləyici fikirləri sağlam mühakimə yürütməyə qabil istənilən botanik və təbiətşünasın sadəcə gülməklə kifayətlənəcəyi nəzəriyyələr sırasına mənsubdur. Həmin fikirlərin tanınmış, şöhrəti bütün dünyaya yayılmış Çarlz Darvin tərəfindən söylənilməsinə adamın inanmağı gəlmir. «Biz ümid edirik ki, soyuq ağıl (der kuhle Verstand) və alman tədqiqatçılarının əsaslı müşahidələri partenogenezin birincili doğulması nəzəriyyəsi, nəsillərin növbələnməsi nəzəriyyəsi və başqaları kimi bu nəzəriyyəni də tezliklə elmi zir-zibillər yeşiyinə – həmin nəzəriyyələrin bir vaxtlar qatı ardıcılları olmuş tədqiqatçıların özlərinin belə nə vaxtsa açıb içərisinə hamıdan az baxmaq istədikləri dəyərsiz şeylər yığılmış bir yerə tullayacaqdır».

Göründüyü kimi, bitkinin heyvana xas tərzdə qidalana bilməsinin mümkünlüyü barəsində fikri qətiyyən həzm edə bilməyən alim buna çox emosional şəkildə etiraz etmiş, çılğınlıqla reaksiya vermişdir. Lakin Darvinin fundamental tədqiqat işi həşəratyeyən bitkilərin öyrənilməsinə çox böyük töhfəsini vermiş əvəzsiz mənbə olaraq qiymətini indiyə qədər saxlamaqda davam edir.

Şəkil 3. Kap şehçiçəyi (Drosera capensis) həşəratyeyən bitki növlərindən biridir

Həşəratyeyən bitkilər «heterotrof orqanizm» adlandırılan canlılar qrupuna aiddir. Qeyri-üzvi maddələrdən üzvi birləşmələr sintez etmək qabiliyyətinə malik olmayan və buna görə qidalanmaq üçün yalnız başqa canlılardan, onların istehsal etdikləri üzvi maddələrdən istifadə edən orqanizmlərə heterotrof orqanizmlər deyilir. Yunanca heteros – özgə, yad və trophe – qida deməkdir. Heterotrof orqanizmlər öz növbəsində saprofit və parazit olmaqla iki qismə bölünür. Heterotrof orqanizmlərə aşağıdakılar daxildir: 1) əksər mikroorqanizmlər (bakteriyalar); 2) bütün göbələklər; 3) heterotrof bitkilər; 4) bütün heyvanlar.

Müxtəlif hazır üzvi maddələrlə qidalanan bitkilərə heterotrof bitkilər deyilir. Heterotrof bitkilərə bunlar aid edilir: a) parazit bitkilər (kəhrə, latreya və başqaları); b) həşəratyeyən bitkilər.

Şəkil 4. Şehçiçəyinin milçəyi tutaraq onu həzm edən növlərindən biri

Həşəratyeyən bitkilərə dünyanın hər yerində rast gəlinir. Dünyada belə bitkilərin 500-dən artıq növünün olduğu müəyyənləşdirilmişdir. Azərbaycanda həşəratyeyən bitkilərin 3 növünə təsadüf edilir. Alimlərin tədqiq etdikləri yırtıcı (həşəratyeyən) bitkilərin bir neçə məşhur nümayəndəsi ilə tanış olaq: 1) qovuqcuq; 2) milçəktutan; 3) nepentes; 4) sarrat-sentya; 5) şehyarpaq; 6) şehçiçək; 7) şəbnəmcik; 8) yağlıcaotu (pinqvikula).

Şəkil 5. Bardaqcıqlı nepentesin yarpaqcığı həşəratı tutmaq üçün yaxşı uyğunlaşmışdır 

Ov mexanizminə görə bütün həşəratyeyən bitkiləri şərti olaraq iki qrupa ayırmaq mümkündür: 1) aktiv ovlayan bitkilər; 2) passiv ovlayan bitkilər.

Həşəratı tutmaq üçün aktiv hərəkət etmək qabiliyyətli orqanları olan bitkilərə aktiv ovlayan bitkilər deyilir. Məsələn, şehçiçəyi, milçəktutan və başqaları aktiv ovlayan bitkilərdir.

Əgər həşəratyeyən bitkilərin ovu tutmağa xidmət edə biləcək ayrıca hərəkətli orqanı olmazsa, onlara passiv ovlayan bitkilər deyilir. Passiv ovlayan bitkilər öz növbəsində iki yerə bölünür: a) həşəratı tutan yarpaqlarında selikli və yapışqan ifrazat olan bitkilər (şehyarpaq, yağlıcaotu və başqaları); b) bardaqcıq, qovuqcuq və başqa şəkildə tələsi olan bitkilər (qovuqca, nepentes, genlisiya, sarraseniya və başqaları).

Əlbəttə, qeyd edilən bölgünün kifayət qədər şərti olduğu unudulmamalıdır. Çünki həşəratyeyən bitkilərin bir qismində şikarın ovlanmasına xidmət edən mexanizmlərin hamısı cəmləşir.

Şikarını tutmaq üçün həşəratyeyən bitkilərin istifadə etdiyi tələnin beş əsas tipi ayırd edilir: 1) bardaq (səhəng) şəklində olan tutucu yarpaqlar; 2) tələ şəklində yumulan (qapanan) yarpaqlar; 3) yapışqan yarpaqlar; 4) əmici (sorucu) tələlər; 5) yengəc qısqacları tipində olan tələlər.

Həşəratyeyən bitkinin qurduğu tələnin tipi onun özünün mənsub olduğu fəsilənin müəyyən xüsusiyyətlərindən asılı deyildir. Tələ yalnız mühit şəraitinin imkan verdiyi qədər uyğunlaşdırılan bir mexanizmdir.

Bitkilərin heyvani qidalar qəbul etməsinə hesablanmış mexanizmlər hərtərəfli öyrənildikcə və bunlar haqqında məlumatlar çoxaldıqca indiyə qədər şübhəli görünən bir çox sualların cavabı açıqlanır. Artıq yeni məlumatlara istinad edilməsi sayəsində «heyvani qidalar qəbul edən bitkilər» məfhumu formalaşır. Belə bitkiləri iki qismə ayırmaq olar: 1) protoinsektivor bitkilər; 2) insektivor bitkilər.

Heyvani qidanı çox primitiv üsulla qəbul edən bitkilərə protoinsektivor bitkilər deyilir. Bunlar başqa sözlə «ibtidai həşəratyeyən bitkilər», «ixtisaslaşmamış həşəratyeyən bitkilər», «parahəşəratyeyən bitkilər», «primitiv həşəratyeyən bitkilər», «protoentemofaq bitkilər», «protoentemovor bitkilər», «protoinsektofaq bitkilər», «paraentemofaq bitkilər», «paraentemovor bitkilər», «parainsektofaq bitkilər», «parainsektovor bitkilər» də adlandırılır. Protoinsektivor bitkilər səthinə qonan, yapışan həşəratdan özünə lazım olan qida maddələrini çıxara bilən bitkilərdir. Lakin klassik formada başa düşdüyümüz həşəratyeyən bitkilərdən fərqli olaraq bunların xüsusi tutucu uyğunlaşma mexanizmlərinə, cəlbedici iyə və sekretor vəzilərə malik olmur.

Şəkil 6. Amerikan kinorejissoru Rocer Uilyam Korman (Roger William Corman) tərəfindən

1960-cı ildə qara yumor komediyası janrında çəkilmiş «Dəhşətlərlə dolu kiçik mağaza» («Little shop of horrors») filmində qansoran bitki

 

Yada salmalıyıq ki, yırtıcı bitkilər ən çöx xırda həşəratları ovlayır və yeyir. Birdən təsadüfi olaraq bitkinin tələsinə iri böcək və yaxud yürük (tarakan) düşdükdə onlar özlərini xilas edə bilirlər, yarpaqların belə böyük heyvanlara gücü çatmır.

Bitkilərin həşəratla qidalanması onlar üçün müstəsna olan bir hadisədir. Lakin buna baxmayaraq çiçəkli bitkilər arasında həşəratla qidalanan yüzlərlə növ vardır. Həşəratyeyən bitkilər şirin su hovuzlarında, bataqlıqlı çəmənlərdə yaşayır. Həqiqətən onların çoxu bataqlıqlarda həyat keçirir. Həşəratyeyən bitkilərin məhz belə substratlarda yaşamalarının səbəbi həmin yerlərdə bitki üçün lazım olan azot birləşmələrinin zəif olması və həmçinin başqa mineral duzların çatışmazlığıdır. Azotun və digər mineral maddələrin çatışmadığı şəraitdə iki cür uyğunlaşma baş verə bilərdi: 1) canlı orqanizmlərin tərkibində olan azotlu maddələrdən (zülallardan) istifadə etmə; 2) mikotrof bitkilərlə müştərək həyat keçirmə, yəni simbioz həyata uyğunlaşma. Göründüyü kimi, həşəratyeyən bitkilərin təkamülü birinci yolla uyğunlaşma üzrə getmişdir. Həyat üçün zəruri olan elementlərin yetərincə olmadığı bir şəraitdə zəruri azot aclığı, həmçinin fosfor, kalium və digər mineral maddələrin çatışmazlığını həşəratyeyən bitkilər metamorfozlu yarpaqların köməyi ilə cücülərin hesabına tamamlayır. Əlbəttə, bu uyğunlaşma birdən-birə, qısa bir müddət ərzində baş verməmişdir. Belə bitkilər əvvəlcə həşəratı özünə cəlb edən dadlı yapışqan şirə hazırlamışlar. Yapışqan şirə bitkiləri zərərli həşəratdan qorumağa kömək edə bilərdi. Get-gedə şirə həşəratı həzm edib mənimsəməyə də kömək etmişdir. Belə ehtimal edilir ki, həşəratyeyən bitkilər əvvəllər bakteriyaların fəaliyyəti sayəsində əmələ gələn məhsuldan istifadə etmişlər. Bildiyimiz kimi, bəzi bakteriyalar üzvi maddələri parçalamaq, onları çürütmək və qeyri-üzvi (mineral) maddələrə çevirmək qabiliyyətinə malikdirlər. Həşəratyeyən bitkilərdə tədricən azotlu üzvi maddələri (zülalları) həll edə bilən fermentlər ifraz etmək qabiliyyəti əmələ gəlmişdir. Sonralar bu bitkilərin yarpaqlarında həşəratı aldadıb çağırmağa, tələyə salmağa, sonra üzərinə fermentlə zəngin şirə axıdıb onu həll etməyə və mənimsəməyə doğru cürbəcür uyğunlaşma mexanizmləri baş vermişdir. Onlar həşəratları tutmaq və həzm etmək üçün bir sıra təkmilləşmiş və səmərəli uyğunlaşma mexanizmlərinə malikdir.

«Bitkilərdə həşəratla qidalanmanın inkişafı ilk növbədə şübhəsiz ki, təsadüfən hər hansı orqanın üzərinə düşmüş ölü orqanizmlərin parçalanma məhsullarının mənimsənilməsi ilə əlaqədar olmuşdur. Ölü orqanizmlərin parçalanması ilk dövrlərdə bakteriyaların və ya bitkilərin hidrolitik fermentlərinin təsiri altında baş verə bilərdi. Sonradan bitkilərin bu imkanı nəinki güclənmiş, həm də canlı həşəratları tutmaq üçün bitkinin ifraz etdiyi ətirli maddələr və onların rəngi ilə tamamlanmışdır. Yəqin ki, keçmiş dövrlərdə həşəratla qidalananlarda tutucu aparat çox ibtidai olmuş, sonralar isə o təkmilləşmiş və müasir müxtəlifliyi əmələ gəlmişdir» [2, səh. 166–167].

Həqiqətən həşəratyeyən bitkilərin yarpaqları üzərində pepsin və üzvi turşular (benzoy turşusu, qarışqa turşusu və s.) tipində həzm fermentləri ifraz edən vəzilər vardır. Belə bitkilərin bəzilərinin (şehçiçəyi, yağlıcaotu və başqalarının) yarpaqları həssas tükcüklərlə örtülü olur ki, onların əsasında sekresiya hüceyrələri yerləşir. Həmin hüceyrələr yarpağın üzərinə xüsusi yapışqanlı, şəffaf və ətirli şirə ifraz edir. Sekretor vəzilərin çoxlu sayda olması sayəsində yarpaqların üzərini örtən şəffaf maye işləndikcə onun yeri tez bir vaxtda dolur. Həşərat yarpağın üzərinə oturduqda oraya yapışır, qıcıqlar lövhələrə ötürülür və onların bükülməsinə səbəb olur. Bunun ardınca lövhəciklərin üst səthində olan tükcüklərin kürəşəkilli ucları pepsin fermenti ilə zəngin olan şirə ifraz edir. Fermentin təsiri altında həşərat həzm olunur, həll olunmuş maddəni yarpaqvarı lövhəcik sorur, sonra isə yarpaqvarı lövhəciklər düzlənir və növbəti həşəratı tutmağa hazır olur [2, səh. 166]

Həşəratla qidalanan digər bitkilərin (məsələn, Venera milçəktutanı və başqalarının) heyvanı tutmaq üçün xüsusi orqanı – «bardaqları» olur. Bunlar bir «tələ» rolunu oynayır [2, səh. 166].

Həşəratyeyən bitkilərdə kök sistemi zəif inkişaf etmişdir. Hətta onların suda yaşayan növlərində kök sistemi tamamilə reduksiyaya uğramışdır. Heyvani qida ilə əlavə qidalanma həşəratyeyən bitkilərin inkişafını, onların çiçəklənməsini və məhsul verməsini sürətləndirir.

«Bir sözlə, öyrənilən yarım mindən artıq həşəratyeyən bitki mineral maddələr çatışmayan yerlərdə meydana gəlmişdir. Onlarda əlavə qida mənbələrinə «əl atmaq» ehtiyacı olmuşdur. Doğrudan da, bəzi təcrübələr bu fikri təsdiq edir. Adam yırtıcı bitkilər haqqında yazılanları oxuyanda ağlına belə bir sual gəlir. Nə üçün yayda bizi incidən, xəstəliklər yayan ev milçəklərini, qanımızı soran həyasız ağcaqanadları tələf etmək üçün o bitkiləri gətirib otaqlarda saxlamırıq? Yəqin ona görə ki, bu bitkilər üçün otaqda süni şərait yaratmaq çətindir. Amma dünyanın bəzi nəbatat bağlarında isti şüşəbəndlərdə xüsusi şöbə ayrılıb, orada həşəratyeyən bitkiləri bəsləyirlər. Belə şəraitdə saxlanan otuz növə yaxın nepentes tamaşaçıların diqqətini özünə cəlb edir» [1, səh. 51–52].

Şəkil 7. Raca nepentesi (Nepenthes rajah) təbii halda (yuxarıda) və onun süni şəraitdə yetişdirilən forması (aşağıda) 

Bitkilərdə həşəratla qidalanmanın meydana çıxmasına dair nümunələr dırmaşmağa uyğunlaşma kimi fövqəladə mürəkkəb adaptasiya hadisələri olub, irsi dəyişkənliklər əsasında təbii seçmənin istiqamətləndirici təsiri altında baş vermişdir [2, səh. 167].

Həşəratyeyən bitkilərin dad reseptorlarının olub-olmaması sualı qaldırıla bilər. Məsələ burasındadır ki, artıq «bitki reseptorları» haqqında məlumat verilir, onların mövcudluğu qətiyyən rədd edilmir, əksinə, dadın müəyyənləşdirilməsi hesabına qida əhəmiyyəti olmayan şeylərdən bitkinin uzaq olması, onu «rəğbətlə qarşılamaması» daha geniş tədqiqatlar aparılmasını zərurətə çevirir. Nəzərə alaq ki, patternin tanınması reseptorları ilk dəfə məhz bitkilərdə kəşf olunmuşdur. «Gevzologiya dad sistemi haqqında elm kimi» adlı monoqrafiyanı tamamlamağıma imkan verməyən bir neçə mövzu var ki, onlardan biri məhz bitkilərin dad reseptorlarının olub-olmaması məsələsidir. Əgər həqiqətən bitkidə dad reseptorları varsa, onda bitki tərəfindən dadın müəyyənləşdirilməsi mexanizmi, dadlı maddələrin fərqləndirilməsi kimi məsələlərə aydınlıq gətirilməsi çox vacibdir.

İstifadə olunmuş mənbələr

1. Axundov Mirəli Abdulla oğlu. Okeandan bir damla [Mətn] Xüsusi redaktoru: biologiya elmləri namizədi Qara Mustafayev. Bakı, «Gənclik» nəşriyyatı, 1978, 88 səh.

2. Axundov Mirəli Abdulla oğlu, İsmaylov Arif Soltan oğlu. Təkamül təlimi [Mətn] ali məktəblər üçün dərslik. Bakı, «Maarif» nəşriyyatı, 1989, 296 səh.

3. Azərbaycan Sovet Ensiklopediyası. On cilddə, Bakı, Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyası, X cild, 1987, 608 səh.

4. Biologiya lüğəti (izahlı və illüstrasiyalı) / Tərtib edənlər: biologiya elmləri doktoru, professor, respublikanın əməkdar müəllimi Məcnun Şıxbaba oğlu Babayev, biologiya elmləri namizədi, baş elmi işçi Adil Rüstəm oğlu Əliyev, respublikanın əməkdar müəllimi Almaz İsrayıl qızı Həsrət. Bakı, «Çaşıoğlu» nəşriyyatı, 2011, 480 səh.

5. Səklikov İsgəndər Fərhad oğlu, Zeynalova Almaz Vəli qızı, Səhlikov Azər İsgəndər oğlu. Şagird üçün qısa izahlı biologiya lüğəti. Orta ümumtəhsil məktəbləri üçün dərs vəsaiti / Elmi redaktor: biologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun elmi işçisi Məftun Məhəmməd oğlu Ələsgərov. Sumqayıt, «Bilik» nəşriyyatı, 2013, 432 səh.

6. Насекомоядные растения [Электронный ресурс] https://ru.wikipedia.org

 

Şahin Böyükağa oğlu Əlibəyli