page




Article Image

 

 

 

 

 

 

Paramammar limfa düyünləri (лат. nodi lymphatici paramammarii; рус. парамаммарные лимфатические узлы) – böyük döş əzələsinin lateral kənarı boyunca yerləşən limfa düyünləri.

Sinonimləri:

– döşsümüyüətrafı düyünlər;

– Zorgius düyünləri.

Paramammar limfa düyünləri ilk dəfə 1880-ci ildə alman anatomu Vilhelm Zorgius (Wilhelm Sorgius) tərəfindən təsvir edilmiş və onun şərəfinə olaraq «Zorgius düyünləri» adlandırılmışdır. Paramammar limfa düyünləri süd vəzisindən limfanı qəbul edir, onların daşıyıcı damarları qoltuqaltı limfa düyünlərinə açılır (tökülür).

Şəkil 1. Süd vəzisinin regionar limfa düyünlərinin əsas qruplarının yerləşməsi

1 – paramammar limfa düyünləri (A – Bartels düyünü; B – Zorgius düyünü); 2 – yan qoltuqaltı limfa düyünləri; 3 – mərkəzi qoltuqaltı limfa düyünləri; 4 – kürək sümüyünün altındakı limfa düyünləri; 5 – körpücük sümüyünün altındakı limfa düyünləri; 6 – körpücük sümüyünün üstündəki limfa düyünləri; 7 – parasternal limfa düyünləri; 8 – intermammar limfa düyünləri (döşlərarası limfa düyünləri – Rotter düyünləri); 10 – epiqastral nahiyəyə aid olan limfa düyünləri

Perioral radial şırımlar simptomu (rus. симптом периоральных радиальных борозд) – ağız nahiyəsindən şüavi istiqamətdə ayrılan şırımlar.

Sinonimləri:

– Zileks əlaməti;

– Zileks sindromu.

Perioral radial şırımlar simptomu ilk dəfə alman oftalmoloqu Paul Zileks (Paul Silex) tərəfindən təsvir edilmişdir. Onun şərəfinə olaraq «Zileks əlaməti» və «Zileks sindromu» kimi eponimik terminlər təklif olunmuşdur.

Zileks əlaməti kongenital (anadangəlmə) sifilis zamanı müşahidə olunur. Hətta mütəxəssislər yekdilliklə belə qənaətə gəlmişlər ki, ağız ətrafında şüavi şırımların olması kongenital sifilis üçün patoqnomonik əlamətdir.

Periostal abdominal refleks (rus. периостальный абдоминальный рефлекс) – fizioloji reflekslərdən biri.

Sinonimləri:

– Qalantın abdominal refleksi;

– Qalantın qarın refleksi;

– Qalantın üçüncü refleksi.

Piramid çatışmazlığı zamanı baş barmağın açıcı refleksi (rus. разгибательный рефлекс большого пальца при пирамидной недостаточности) – bax: Piramid çatışmazlığı zamanı tenar simptomu

Piramid çatışmazlığı zamanı tenar əlaməti (rus. признак тенара при пирамидной недостаточности) – bax: Piramid çatışmazlığı zamanı tenar simptomu

Piramid çatışmazlığı zamanı tenar simptomu (rus. симптом тенара при пирамидной недостаточности) – patoloji reflekslərdən biri.

Sinonimləri:

– Qalant əlaməti;

– Qalant simptomu;

– Qalantın beşinci refleksi;

– Qalantın əl əlaməti;

– Qalantın əl simptomu;

– Qalantın piramid əlaməti;

– Qalantın piramid simptomu;

– piramid çatışmazlığı zamanı baş barmağın açıcı refleksi;

– piramid çatışmazlığı zamanı tenar əlaməti.

Postnatal affektiv hal və çaşqınlıq simptomokompleksi (rus. симптомокомплекс постнатального аффективного состояния и растерянности) – bax: Postpartal affektiv hal və çaşqınlıq sindromu

Postnatal affektiv hal və çaşqınlıq sindromu (rus. синдром постнатального аффективного состояния и растерянности) – bax: Postpartal affektiv hal və çaşqınlıq sindromu

Postpartal affektiv hal və çaşqınlıq sindromu (rus. синдром постпартального аффективного состояния и растерянности) – doğuş zamanı və yaxud ondan dərhal sonra qadında çaşqınlıq affekti şəklində müşahidə olunan, qısa vaxt ərzində keçib gedən kəskin psixi pozğunluq.

Sinonimləri:

– Aşaffenburq çaşqınlığı;

– Aşaffenburq simptomokompleksi;

– Aşaffenburq sindromu;

– Aşaffenburqun çaşıb qalma affekti;

– Aşaffenburqun çaşqınlıq affekti;

– doğuşdan sonrakı affektiv hal və çaşqınlıq simptomokompleksi;

– doğuşdan sonrakı affektiv hal və çaşqınlıq sindromu;

– postnatal affektiv hal və çaşqınlıq simptomokompleksi;

– postnatal affektiv hal və çaşqınlıq sindromu.

Postpartal affektiv hal və çaşqınlıq sindromu ilk dəfə alman-amerikan psixiatrı, psixoloq və kriminoloqu, professor Qustav Aşaffenburq (Gustav Aschaffenburg; 1866–1944) tərəfindən təsvir edilmişdir. Onun şərəfinə olaraq sindrom cürbəcür adlar («Aşaffenburq çaşqınlığı», «Aşaffenburq simptomokompleksi», «Aşaffenburq sindromu», «Aşaffenburqun çaşıb qalma affekti», «Aşaffenburqun çaşqınlıq affekti») almışdır.

Potomaniya (ing. potomany; rus. потомания) – tələbatın artması hallarından biri.

İnsanda içkiyə tələbatın artmasına potomaniya (potomania) deyilir. Yunanca poton – içki və mania – ağılsızlıq, dəlilik, böyük həvəs, düşgünlük, hərislik, mübtəlalıq, ehtiras, maraq, meyl, şövq, təəşşüq deməkdir.

Susuzluq hissi olub-olmamasına görə potomaniya iki növə ayrılır: adekvat və in-adekvat.

İçilən mayenin alkohollu olub-olmamasına görə potomaniya daha iki növə ayrılır: 1) alkohol potomaniyası; 2) qeyri-alkohol potomaniyası. 

Psixi pozuntuların diaqnostika və statistikası üzrə rəhbərlik (ing. Diagnostic and Statistical Manual of mental disorders; rus. руководство по диагностике и статистике психических расстройств) – Amerika Birləşmiş Ştatlarında qəbul edilmiş çoxoxlu nozoloji sistem.

İngilis dilində ifadə olunduğu sözlərin ilk üçünün baş hərflərindən düzəldilmiş «DSM» abbreviaturası işlənir.

Psixi pozğunluqların diaqnostika və statistikası üzrə rəhbərlik Amerika Psixiatriya Assosiasiyası (American Psychiatric Association) tərəfindən işlənib hazırlanır və dərc edilir. Xeyli vaxt onun dördüncü nəşrindən istifadə edilmişdir. 2013-cü ilin 18 mayından klassifikatorun yeni nəsli – nozoloji sistemin beşinci nəşri onu əvəz etdi.

DSM tələblərinə görə, tam diaqnoz formullaşdırılarkən (qısaca və dürüst ifadə edilərkən) bir neçə faktor, onların olub-olmaması nəzərə alınır. Həmin faktorların hər biri ox (axis) adlanır. Hal-hazırda beş oxa istinad edilir:

Birinci ox (axis I) – psixi xəstəlik;

İkinci ox (axis II) – fon psixopatiyası;

Üçüncü ox (axis III) – somatik xəstəlik;

Dördüncü ox (axis IV) – ağırlaşdırıcı psixososial faktorlar;

Beşinci ox (axis V) – ümumi adaptasiya səviyyəsi.

Psixi pozuntu (ing. mental disorder; rus. психическое нарушение или психическое расстройство) – sosial uyğunlaşmanın və səhhətin pozulması ilə müşayiət olunan, müvafiq klinik əlamətlərlə ifadə edilən psixopatoloji davranış forması, müasir diaqnostika prinsiplərinə və beynəlxalq standartlara uyğun olaraq həkim-psixiatr tərəfindən təyin edilən psixopatoloji vəziyyət.

Psixi pozuntu simptom, sindrom və xəstəlik kimi təzahür edə bilər. Onlar müvafiq olaraq «psixi simptom», «psixi sindrom» və «psixi xəstəlik» adlandırılır. Köhnə ədəbiyyatlarda «psixopatoloji simptom», «psixopatoloji sindrom» və «psixopatoloji xəstəlik» kimi anlayışlardan istifadə edilirdi. Lakin burada «patoloji» sözünə ehtiyac yoxdur, çünki simptom, sindrom və xəstəliklərin hər biri onsuz da patoloji haldır, normadan kənara çıxmaqla səciyyələnən vəziyyətdir.

Psixiatriya müayinələrinin və ekspertizalarının həyata keçirilməsi zamanı psixi pozuntunun diaqnozu yalnız müasir diaqnostika prinsiplərinə, beynəlxalq təsnifata və standartlara uyğun olaraq həkim-psixiatr tərəfindən qoyulur (təyin edilir). Digər ixtisaslı həkimlər tərəfindən təyin edilən psixi pozuntunun diaqnozu ilkin diaqnoz hesab edilir və şəxsin qeyri-könüllü hospitallaşdırılmasına, psixiatriya qeydiyyatına götürülməsinə və digər sosial-hüquqi məsələlərin həllinə əsas vermir. Pasiyentin psixi pozuntusunun diaqnozu ona əvvəllər təyin edilən diaqnoz ilə uyğun olmadıqda, psixiatriya müəssisəsinin həkim-məsləhət komissiyasının və yaxud yüksək ixtisaslı həkim-psixiatrların (tibb elmləri doktoru, dosent, professor) qərarı ilə dəyişdirilə, hətta ləğv edilə bilər.

Pasiyentə psixiatriya yardımı onun hüquq və azadlıqlarını məhdudlaşdırmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan terapevtik dəstəyin səmərəliliyini daha çox təmin edən vasitə və üsullardan istifadə etməklə yalnız xəstəliyin müalicəsi üçün zəruri olan müddətdə göstərilir.

Şəxsi müayinə etmədən, yəni qiyabi olaraq diaqnoz qoymaq qadağandır.

Tibbi vasitə və üsullardan istifadə etməklə pasiyent cəzalandırıla, yaxud ondan başqa şəxslərin mənafeyi üçün istifadə edilə bilməz.

Qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmadığı dəqiqləşdirilən, habelə qeyri-könüllü psixiatriya yardımı göstərilən və yaxud tibbi xarakterli məcburi tədbirlərə cəlb edilən şəxslər üzərində tibbi-bioloji eksperimentlər aparmaq və psixi pozuntunun müalicəsində qarşısıalınmaz nəticələr doğuran cərrahiyyə üsullarından istifadə etmək qadağandır.

Psixi pozuntu nəticəsində şəxs ayrı-ayrı peşə növlərində və yüksək təhlükə mənbəyi ilə bağlı işlərdə fəaliyyətin yerinə yetirilməsində müvəqqəti (iki il müddətindən çox olmayaraq və təkrar müayinədən keçmək hüququ ilə) yararaız hesab edilə bilər. Şəxsin psixi vəziyyətinin qiymətləndirilməsi əsasında, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan psixiatriya əks-göstərişləri siyahısına uyğun olaraq tibbi-sosial ekspert komissiyası bu barədə qərar qəbul edir. Lakin həmin qərardan məhkəməyə şikayət edilə bilər.

Fəaliyyətin məhdudlaşdırılması tələb olunan ayrı-ayrı peşə növlərinin və yüksək təhlükə mənbəyi ilə bağlı işlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.

Psixiatrik hospitallaşdırma (ing. psychiatric hospitalization; rus. психиатрическая госпитализация) – şəxsin müayinə və müalicə məqsədilə psixiatriya müəssisəsinə (psixonevroloji müəssisəyə) yerləşdirilməsi.

Sinonimi: psixiatrik müəssisəyə yerləşdirmə.

Adətən psixiatrik stasionara yerləşdirmədən söhbət gedir. Pasiyentdəki psixi pozuntunun ağırlıq dərəcəsinə görə belə stasionara yerləşdirmə iradi və qeyri-iradi olmaqla iki növə ayrılır.

Əgər şəxsin psixiatrik müəssisəyə yerləşdirilməsi üçün onun özünün razılığı olarsa, belə hal iradi psixiatrik hospitallaşdırma adlanır. Ona başqa sözlə könüllü psixiatrik hospitallaşdırma deyilir. Həmçinin «qeyri-icbari psixiatrik hospitallaşdırma», yaxud «qeyri-məcburi psixiatrik hospitallaşdırma»terminlərindən istifadə oluna bilər.

Hərgah şəxsin psixiatrik müəssisəyə yerləşdirilməsi onun özünün razılığı olmadan həyata keçirilərsə, belə hal qeyri-iradi psixiatrik hospitallaşdırma adlanır.

Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasının Qanununda qeyri-iradi psixiatrik hospitallaşdırmanın iki növü nəzərdə tutulur: a) qeyri-könüllü; b) məcburi.

Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş əsaslar olduqda, ağır psixi pozuntusu (xəstəliyi) olan, lakin hələ cinayət törətməmiş şəxsin onun iradəsindən asılı olmayaraq bu Qanunla və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada məhkəmənin qərarı əsasında müayinə və müalicə məqsədilə psixiatriya müəssisəsinə yerləşdirilməsi qeyri-könüllü psixiatrik hospitallaşdırma adlanır.

Anlaqsız vəziyyətdə cinayət törətmiş və yazud cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş, habelə anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərin Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada məhkəmənin qərarı əsasında müayinə və müalicə məqsədilə psixiatriya müəssisəsinə yerləşdirilməsinə məcburi psixiatrik hospitallaşdırma deyilir. Məcburi psixiatrik hospitallaşdırma tibbi xarakterli məcburi tədbirlərdən biridir.

Psixiatrik müalicəyə münasibət (rus. отношение к психиатрическому лечению) – psixi pozuntusu olan şəxsin ona təklif edilən müalicəyə bəslədiyi münasibət.

Pasiyent tərəfindən verilən reaksiyaya görə psixiatrik müalicəyə münasibət pozitiv (müsbət) və neqativ (mənfi) ola bilər.

Əgər psixi pozuntusu olan şəxs ona təklif edilən müalicəni qəbul edirsə və yubanmadan buna başlayırsa, belə hal psixiatrik müalicəyə pozitiv münasibət adlanır. Onu başqa sözlə psixiatrik müalicəyə müsbət münasibət adlandırmaq olar. Xəstə tərəfindən ona təklif edilən psixiatrik müalicəyə pozitiv münasibət bəslənilməsi olduqca yaxşı əlamətdir.

Lakin bir sıra hallarda psixi pozuntusu olan şəxs ona təklif edilən müalicəni qəbul etmir. Odur ki, belə hal psixiatrik müalicəyə neqativ münasibət adlanır. Onu başqa sözlə psixiatrik müalicəyə mənfi münasibət adlandırmaq olar.

Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla psixi pozuntusu olan şəxsin və yaxud onun qanuni nümayəndəsinin təklif edilən müalicədən boyun qaçırmaq, yaxud müalicəyə başladıqdan bir müddət sonra onu dayandırmaq hüququ vardır. Psixi pozuntusu olan və müalicədən imtina edən şəxsə, həmçinin onun qanuni nümayəndəsinə mümkün olan nəticələr barədə izahat verilir. Müalicədən imtina edilməsi və onun gələcək nəticələri barədə izahat şəxsin tibbi sənədində qeyd olunur və onun özü, yaxud qanuni nümayəndəsi və həkim-psixiatr tərəfindən imzalanır.

Psixiatrik müalicəyə razılıq (ing. consent to psychiatric treatment; rus. согласие на психиатрическое лечение) – psixi pozuntusu olan şəxsin psixiatrik yardım almasına dair verdiyi razılıq.

Barəsində müvafiq məlumat verilib-verilməməsinə görə psixiatrik müalicəyə razılıq iki növ ola bilər: a) məlumatlandırılmamış; b) məlumatlandırılmış.

Pasiyentin və yaxud onun qanuni nümayəndəsinin müalicə haqqında könüllü qərar qəbul etdiyini, müalicənin məqsədləri və faydası, müalicə tədbirlərinin həcmi, müddəti və metodu, ehtimal olunan risklər, həmçinin müalicədən imtina və onun dayandırılması imkanı barəsində ona təqdim edilmiş məlumatı başa düşdüyünü bildirməsi psixiatrik müalicəyə məlumatlandırılmış razılıq adlanır. Qalan hallarda müşahidə edilən razılığa psixiatrik müalicəyə məlumatlandırılmamış razılıq deyilir. Psixiatriya stasionarında qeyri-könüllü hospitallaşdırılmış pasiyentin müalicəsi məlumatlandırılmış razılıq olmadan aparıla bilər.

Zorakılıq olub-olmaması baxımından psixiatrik müalicəyə razılığın daha iki növü ayırd edilir: a) könüllü; b) məcburi.

Psixiatrik pasiyent (ing. psychiatric patient; rus. психиатрический пациент) – psixi pozuntu vəziyyətində olan və yaxud hazırda psixiatriya yardımından istifadə edən şəxs.

Psixi pozuntusu olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş bütün hüquq və azadlıqlara malikdirlər.

Psixi pozuntusu olan şəxslərin hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda yol verilə bilər.

Psixi pozuntusu olan şəxslərin malik olduqları hüquqlar aşağıda sadalananlardan ibarətdir:

– ləyaqətlərinin alçaldılmasına yol verilməməsi və ona humanist münasibət bəslənilməsi;

– dövlət tibb müəssisələrində sanitariya-gigiyena tələblərinə cavab verən şəraitdə pulsuz psixiatriya yardımı almaq;

– öz hüquqları barədə, habelə psixi pozuntu və tətbiq edilən müalicə üsulları haqqında məlumat almaq;

– psixiatrik stasionarda müayinə və müalicə üçün zəruri olan müddətdə saxlanılmaq;

– tibbi göstərişlər əsasında mümkün olan bütün müalicə növlərini almaq;

– təxirəsalınmaz psixiatriya yardımı göstərilməsi, habelə məcburi və qeyri-könüllü hospitallaşdırma halları istisna olmaqla psixiatriya yardımı göstərmək hüququ olan hər hansı mütəxəssisi (əlbəttə, onun razılığı ilə) və tibb müəssisəsini seçmək, konsilium və məsləhətləşmələr aparılmasını tələb etmək;

– qanunvericilikdə müəyyən olunmuş qaydada vəkilin, qanuni nümayəndələrin və ya digər şəxslərin köməyindən istifadə etmək.

Şəxsin tibbi vasitə və üsulların sınaqdan keçirilməsinə, elmi-tədqiqat işlərinə, yaxud tədris prosesi, fotovideo və kino çəkilişləri obyekti kimi istifadəyə cəlb olunması yalnız onun özünün və yaxud qanuni nümayəndəsinin razılığı əsasında mümkündür. Həmin şəxs istənilən vaxt bundan imtina edə bilər.

Psixi pozuntusu olan şəxsin sağlamlığının vəziyyəti və ona göstərilən psixiatriya yardımı tədbirləri haqqında məlumatlar konfidensial hesab edilir. 

Psixiatriya müəssisəsi (ing. psychiatric enterprise; rus. психиатрическое предприятие) – psixiatriya yardımı sahəsində qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət göstərən tibb müəssisəsi və yaxud onun ayrıca bir bölməsi.

«Psixiatriya müəssisəsi» termini kifayət qədər genişdir. Psixonevroloji müəssisələrin özləri məhz buraya aiddir.

Psixiatriya, seksologiya və digər yanaşı elm sahələri üzrə rus dilində ensiklopedik lüğət (rus. энциклопедический словарь по психиатрии, сексологии и смежным областям науки на русском языке) – psixiatriya, seksologiya və digər yanaşı elm sahələri üzrə ədəbiyyatı oxumağı xoşlayan, belə mütaliəni üstün tutan, eləcə də bunu arzulayan insanların tələbatlarını ödəyə bilmək naminə tərtib edilən lüğət.

Psixiatriya yardımı (rus. психиатрическая помощь) – pasiyentin psixi vəziyyətinin müayinəsini, psixi pozuntusunun diaqnostikasını, müalicəsini və profilaktikasını, psixososial reabilitasiyasını özündə birləşdirən ixtisaslaşdırılmış tibbi yardım növü.

Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi aşağıdakılardan ibarətdir:

– Azərbaycan Respublikasının Konstitusiyası;

– «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikasının Qanunu;

– Bu Qanunun özü,

– Digər normativ-hüquqi aktlar;

– Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr.

Psixiatriya yardımı göstərilməsinin əsas prinsiplərinə gəldikdə qeyd edək ki, psixi pozuntu vəziyyətində olan şəxslərə tibbi və sosial yardım göstərilməsi aşağıdakı prinsiplər əsasında həyata keçirilir:

– dövlət təminatı prinsipi;

– qanunçuluq prinsipi;

– humanistlik prinsipi;

– insan və vətəndaş hüquqlarına və azadlıqlarına əməl edilməsi prinsipi.

Pasiyentdəki psixi pozuntunun ağırlıq dərəcəsinə görə psixiatriya yardımı təxirəsalınmaz və qeyri-təcili olmaqla iki növə ayrılır.

Şəxsə psixiatriya yardımının gecikdirilməsi onun özünün, yaxud başqa şəxslərin həyat və sağlamlığına təhlükə yaradarsa, həkim-psixiatrın (həkim-psixiatriya komissiyasının) qərarı əsasında göstərilən psixiatriya yardımına təxirəsalınmaz psixiatriya yardımı deyilir.

Əgər pasiyentdəki psixi pozuntu önun özünün və ətrafındakıların həyat və sağlamlığına təhlükə yaratmazsa, belə hallarda göstərilən psixiatriya yardımı qeyri-təcili psixiatriya yardımı adlanır.

Psixiatriya yardımı alınmasından ötrü edilən müraciətin təbiətinə görə onun könüllü və qeyri-könüllü olmaqla daha iki növü ayırd edilir.

Əgər psixiatriya yardımı almaq üçün şəxsin özü müraciət edərsə, ona belə bir kömək göstərilir. Buna könüllü psixiatriya yardımı deyilir.

Yalnız istisna hallarda şəxs psixiatriya yardımı almaq üçün məcbur edilir. Buna qeyri-könüllü psixiatriya yardımı deyilir.

16 yaşına çatmamış və ya qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyətinin olmadığı dəqiqləşdirilən şəxslərə psixiatriya yardımı onların valideynlərinin və yaxud qanuni nümayəndələrinin razılığı (xahişi) ilə Psixiatriya yardımı haqqında Qanunla nəzərdə tutulmuş qaydada göstərilir.

Psixiatriya yardımı məlumatlandırılmış razılıq əsasında həyata keçirilir. Bu razılıq hədə-qorxu və zor tətbiq edilmədən alınır, yazılı formada sənədləşdirilir, pasiyentin özü, yaxud onun qanuni nümayəndəsi və həkim-psixiatr tərəfindən imzalanır.

Psixi pozuntunun xarakteri müayinə və müalicənin yalnız psixiatriya stasionarında həyata keçirilməsini tələb edərsə, psixiatriya stasionarında qeyri-könüllü müalicə aşağıdakı əsaslar olduqda təyin edilir:

– psixi pozuntusu olan şəxsin bilavasitə özü və yaxud ətrafdakılar üçün təhlükəli olması;

– şəxsin psixi pozuntu nəticəsində acizliyi, yəni əsas həyati tələbatını müstəqil təmin etmək qabiliyyətinin olmaması;

– şəxsə psixiatriya yardımı göstərilmədiyi təqdirdə onun psixotik vəziyyətinin pisləşməsi, yəni ağır psixi pozuntusu olan şəxsə stasionar yardımın göstərilməməsinin onun sağlamlığına qarşısıalınmaz zərər yetirməsi və müalicəsini mümkünsüz etməsi.

Psixiatriya stasionarında qeyri-könüllü hospitallaşdırılmış pasiyentin müalicəsi məlumatlandırılmış razılıq olmadan aparıla bilər.

«Psixiatriya yardımı haqqında» Azərbaycan Respublikası Qanunu (rus. Закон Азербайджанской Республики «О психиатрической помощи») – Azərbaycan Respublikasında psixiatriya yardımı göstərilməsi sahəsində yaranan münasibətləri tənzimləyən, həmin sahədə hüquqi və fiziki şəxslərin hüquq və vəzifələrini müəyyən edən qanun.

Qanun 4 fəsildə yerləşdirilən 44 maddədən ibarətdir.

Ümumi müddəaların əks olunduğu I fəsildə 14 maddə vardır. Qanunda istifadə edilən əsas anlayışların (həkim-psixiatr, baş psixiatr, psixiatrik hospitallaşdırma – şəxsin psixiatriya müəssisəsinə yerləşdirilməsi, psixiatrik pasiyent, psixiatriya yardımı, onun təxirəsalınmaz forması, psixiatriya müəssisəsi – psixonevroloji müəssisə, psixi pozuntu, psixi xəstəlik) ifadə etdiyi mənalar 1-ci maddədə göstərilir. Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi 2-ci maddədə əksini tapır. Psixiatriya yardımı göstərilməsinin əsas prinsipləri 3-cü maddədə açıqlanır. Qanunun tətbiq dairəsi 4-cü, psixiatriya yardımının könüllülüyü 5-ci maddədə göstərilir. Psixi pozuntusu olan şəxslərin hüquqları 6-cı, şəxsin psixi sağlamlığının vəziyyəti ilə əlaqədar məlumatların alınması 7-ci maddədə bəyan edilir. Psixi pozuntunun diaqnozunun qoyulması və pasiyentlərin müalicəsi 8-ci maddədə göstərilir. 9-cu maddə ayrı-ayrı peşə növlərində və yüksək təhlükə mənbəyi ilə bağlı işlərdə fəaliyyətin məhdudlaşdırılmasına həsr olunur. Təklif edilən psixiatrik müalicəyə münasibət, ondan imtina edilməsi və yaxud başlayandan bir müddət sonra onun dayandırılması 10-cu maddədə bildirilir. 11-ci maddədə qeyri-könüllü psixiatriya yardımı göstərilməsi üçün əsaslardan, 12-ci maddədə tibbi xarakterli məcburi tədbirlərdən, 13-cü maddədə məhkəmə-psixiatriya ekspertizasından, 14-cü maddədə isə vətəndaşların hərbi qulluğa yararlılığını müəyyən etmək üçün psixiatriya müayinəsindən bəhs edilir.

II fəsildə psixi pozuntusu olan şəxslərə psixiatriya yardımı göstərilməsi və onların sosial müdafiəsinin təmin edilməsi haqqında danışılır. 15-ci maddədə dövlətin təminat verdiyi psixiatriya yardımının və sosial müdafiənin növləri, 16-cı maddədə psixiatriya yardımının maliyyələşdirilməsi, 17-ci maddədə psixiatriya müayinəsi, 18-ci maddədə şəxsin özünün və ya qanuni nümayəndəsinin razılığı olmadan psixiatriya müayinəsinin aparılması, 19-cu maddədə şəxsin özünün və ya qanuni nümayəndəsinin razılığı olmadan psixiatriya müayinəsinin aparılması barədə müraciət qaydası, 20-ci maddədə ambulator psixiatriya yardımı, 21-ci maddədə psixiatriya dispanser müşahidəsi, 22-ci maddədə psixiatriya stasionarına yerləşdirmək üçün əsaslar, 23-cü maddədə psixiatriya stasionarında yerləşdirilən pasiyentin hüquqları, 24-cü maddədə psixiatriya yardımı göstərilərkən təhlükəsizlik tədbirləri, 25-ci maddədə psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilmiş şəxsin müayinəsi, 26-cı maddədə qeyri-könüllü hospitallaşdırma barədə məhkəməyə müraciət edilməsi, 27-ci maddədə qeyri-könüllü hospitallaşdırma haqqında ərizəyə baxılması,28-ci maddədə qeyri-könüllü hospitallaşdırma müddətinin uzadılması, 29-cu maddədə psixiatriya stasionarından çıxarılma qaydası, 30-cu maddədə psixiatriya stasionarı müdiriyyətinin və tibbi heyətinin vəzifələri, 31-ci maddədə şəxsin sosial təminat üçün psixonevroloji müəssisəyə yerləşdirilməsi, 32-ci maddədə yetkinlik yaşına çatmamış şəxsin xüsusi təhsil müəssisəsinə yerləşdirilməsi, 33-cü maddədə xüsusi təhsil və ya sosial təminat üçün psixonevroloji müəssisələrinə yerləşdirilən şəxslərin hüquqları və bu müəssisələrin müdiriyyətinin vəzifələri, 34-cü maddədə xüsusi təhsil və ya sosial təminat üçün psixonevroloji müəssisəsindən başqa yerə köçürülmə və çıxarılma təsbit olunur.

III fəsil psixiatriya yardımı göstərən müəssisə və şəxsləri, onların hüquq və vəzifələrini əhatə edir. 35-ci maddədə psixiatriya yardımı göstərən müəssisə və şəxslər, 36-cı maddədə psixiatriya yardımı fəaliyyəti ilə məşğul olmaq hüququ, 37-ci maddədə psixiatriya yardımı göstərilməsi ilə əlaqədar həkim-psixiatrın hüquq və vəzifələri, 38-ci maddədə psixiatriya yardımı göstərilməsi ilə əlaqədar həkim-psixiatrın müstəqilliyi, 39-cu maddədə psixiatriya yardımı göstərən həkim-psixiatrın, digər mütəxəssislərin bu yardımı göstərməkdən imtina etmək hüququ, 40-cı maddədə psixiatriya yardımı göstərilməsində iştirak edən həkim-psixiatrların, digər mütəxəssislərin və işçilərin təminat və imtiyazları qanuniləşdirilir.

Nəhayət, IV fəsil psixiatriya yardımı göstərilməsinə dair fəaliyyətə nəzarət haqqında dörd maddədən ibarət olan sonuncu fəsildir. 41-ci maddədə psixiatriya yardımı göstərilməsinə nəzarət, 42-ci maddədə psixiatriya yardımı göstərilərkən şəxslərin hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına nəzarət, 43-cü maddədə psixiatriya yardımı göstərilməsi ilə bağlı hərəkətlərdən şikayət etmək hüququ açıqlanır, bu Qanunun pozulmasına görə məsuliyyət 44-cü maddədə əksini tapır.

Psixiatriya yardımı haqqında Azərbaycan Respublikasının 142–IIQ nömrəli Qanunu Bakı şəhərində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul olunmuş və 12 iyun 2001-ci il tarixində ölkə prezidenti Heydər Əlirza oğlu Əliyev tərəfindən imzalanmışdır. Qanun «Azərbaycan» qəzetində (11 sentyabr 2001-ci il, № 207), «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda (30 sentyabr 2001-ci il, № 9, maddə 569) dərc edilmişdir.  25 oktyabr 2011-ci il tarixli 224–IV QD nömrəli və 20 aprel 2012-ci il tarixli 325–IV QD nömrəli qanunlara əsasən əlavə və dəyişikliklər edilmişdir.

Əlavə olaraq müraciət edə bilərsiniz:

«Psixiatriya yardımı haqqında» Azərbaycan Respublikası Qanunu

«Psixiatriya yardımı haqqında» Azərbaycan Respublikası Qanununun 28.2, 28.3, 29.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 98.1, 99-cu maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2011-ci il 15 aprel tarixli Qərarı

Psixikaya travma yetirən faktorlarla bağlı xəstənin mövqeyinə təsir göstərilməsi metodikaları (rus. методики воздействия на позицию больного по отношению к психотравмирующим факторам) – psixopatoloji strukturların formalaşmasında patoloji dəyişikliklərə uğramış assosiasiyaların patogen rolunun nəzərə alınmasına əsaslanan metodikalar.

Sinonimləri:

– kontrast psixoterapiyanın Zavilyanskaya metodikaları;

– Zavilyanskayanın kontrast psixoterapiya metodikaları.

İlk dəfə 1968-ci ildə Ukrayna psixiatrı Lora İzrailyevna Zavilyanskaya psixopatoloji strukturların formalaşmasında patoloji dəyişikliklərə uğramış assosiasiyaların xüsusi patogen roluna böyük əhəmiyyət verərək assosiasiyaların törədilmə metodikalarını işləyib hazırlanmış, xəstənin şəxsiyyət xüsusiyyətlərindən, xəstəliyin klinik mənzərəsindən və dinamikasından asılı olaraq törədilən assosiasiyaların xarakterini şəkilcə dəyişikliyə uğratmışdır. Onun şərəfinə olaraq tətbiq edilən metodikalara «Zavilyanskayanın kontrast psixoterapiya metodikaları», yaxud «kontrast psixoterapiyanın Zavilyanskaya metodikaları», belə psixoterapiyanın özünə isə «Zavilyanskayanın kontrast psixoterapiyası» adı verilmişdir.

Zavilyanskayanın kontrast psixoterapiya metodikaları müsbət və mənfi olmaqla iki qismə bölünür.

Nevrasteniyanın, siklotiomik depressiyanın və müxtəlif mənşəli serebrastenik simptomokomplekslərin müalicəsində müsbət assosiasiyaların törədilməsi metodikası istifadə edilir. Bu zaman xəstəlik dərəcəsində olan təzahürlərin dönərliliyinin (geriyə qayıtma qabiliyyətinin) sübutu, bunun dəlili kimi axşam saatlarında (siklotimiya zamanı) və yaxud istirahətdən sonra (nevrasteniya zamanı) əhvali-ruhiyyənin yaxşılaşdırılması faktlarının, pasiyentlərin fiziki sağlamlığının konstatasiyası ilə rasional psoxoterapiya istifadə olunur. Ayıqlıq halında, şəxs yatmadığı vaxtda təlqin etməklə psixoterapevtik effekt möhkəmləndirilir və gücləndirilir. Hipnozda məntiqi cəhətdən əsaslandırılmış, motivasiya olunmuş təlqin tətbiq edilir. Belə təlqində müsbət assosiativ təsir göstərilməsi üçün hipnotik istirahətin xeyirli olduğu, şəfavericiliyi xüsusi olaraq qeyd edilir, seans zamanı xəstəhal duyğulardan azad olma hissinin pasiyent tərəfindən dərindən başa düşülməsi, onun hərtərəfli dərk edilməsi canfəşanlıqla nəzərə çarpdırılır. Autogen məşq priyomlarının öyrədilməsi zamanı autosuggestiya (özünütəlqin) formullarına gümrahlıq, ruhən sağlamlıq, mənəvi yüksəliş dövrləri ilə emosional əlaqəli assosiasiyalar salınır, hər vəchlə bunlar yeridilir. Kontrast fikir və təsəvvürlərin meydana çıxmasının mümkünlüyünə dair xəstəyə xəbərdarlıq edilir. Çünki əgər xəstə buna hazır olarsa, bunu gözləyərsə, belə fikir və təsəvvürlərin qarşısının alınması üçün həmin şəxsə xeyli az güc lazım gələcəkdir.

Alkoholizm, patoloji meyl, yaramaz vərdişlər, xarakteroloji xüsusiyyətlərin korreksiyası zərurəti olan hallarda psixoterapiya zamanı mənfi assosiasiyaların törədilməsi metodikası tətbiq edilir. Bu zaman psixoterapiyanın məqsədi xəstəlik halının sonradan təzahürünə neqativ emosional reaksiya doğurmaq, xəstədə belə bir reaksiyanı almağa nail olmaq, bundan sonra tədricən, ardıcıl surətdə xəstəliyin qarşısını almağa yönələn müsbət emosional reaksiya təlqin etməkdir. L. İ. Zavilyanskaya göstərdiyi kimi, mənfi assosiasiyaların törədilməsi metodikasını istifadə edərkən yatrogeniyadan qaçmaq, kifayət qədər həssas olan xəstəyə gözlənilmədən tibbi məzmunda xətər yetirməkdən uzaq olmaq üçün çox ehtiyatlı olmaq lazımdır.

Psixoaktiv maddələr (ing. psychoactive substances; rus. психоактивные вещества) – narkologiyanın əsas anlayışlarından biri.

Psixoaktiv maddələr – insan psixikasına təsir göstərən maddələrdir. Bunlar insanın şüur və davranışını pozan, onda psixi və fiziki asılılıq doğura bilən maddələrdir. Psixoaktiv maddələr sırasına spirtli içkilər, narkotik vasitələr və psixotrop maddələr, eləcə də digər bihuşedici təsir göstərən maddə və vasitələr aiddir.

Psixogen potomaniya (rus. психогенная потомания) – bax: İnadekvat potomaniya