Şahin Böyükağa oğlu Əlibəyli
1969-cu ilin fevral ayının 23-də İmişli rayonunun Bəcirəvan kəndində ziyalı ailəsində anadan olub. 1976-cı ildə Bəcirəvan kənd Ayaz Kərimov adına orta məktəbə gedib, 1986-cı ildə orta təhsilini başa vurduqdan sonra Nəriman Nərimanov adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Dövlət Tibb İnstitutunun II müalicə-profilaktika (indiki Azərbaycan Tibb Universitetinin müalicə işi) fakültəsinə daxil olub. 1987–1989-cu illərdə sabiq Sovet İttifaqının ordu sıralarında həqiqi hərbi xidmət keçib. Ali təhsilini başa vurub psixiatr-narkoloq ixtisasına yiyələnib. Dövlət və özəl tibb müəssisələrində tibbi konsultant və həkim-psixiatr kimi çalışıb. 2017-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsində ekspert həkim-psixiatr vəzifəsində işləyir. Hazırda həmin tibb müəssisəsinin stasionar məhkəmə psixiatrik ekspertiza şöbəsinin müdiridir.
Psixiatriyanın müxtəlif məsələlərinə dair əsərlərin müəllifidir. Bunlardan «Deliriologiya tarixindən səhifələr», «İnduksiyalanmış psixi pozuntular və onlara yaxın olan fenomenlər» (həmmüəlliflə), «Mental aqravatologiya üzrə ensiklopedik lüğət-soraqlıq», «Məhkəmə psixiatriyası praktikasında aqravasiya», «Məhkəmə psixiatriyası praktikasında supersimulyasiya» «Seksual meylin keyfiyyət pozğunluqlarının fenomenologiyası və təsnifatı», «Sükut zonası» və başqalarını qeyd etmək olar. Həmmüəllifi olduğu «Biblioterapiyanın yaranma tarixi, müasir vəziyyəti və inkişaf perspektivləri» adlı kitab hazırda çap mərhələsindədir. Bundan başqa, bir metodik tövsiyənin («Cinayət işləri zamanı məhkəmə-psixiatrik ekspertizasının təyin olunması və aparılması qaydaları») həmmüəllifidir.