Analiz (təhlil) – düzgün təşkil edilən sayıqlamadır.
Jak Mari Emil Lakan1
Psixiatriyada son dərəcə vacib problemlərdən biri induksiyalanmış psixi pozuntular hesab edilir. İnduksiyalanmış psixi pozuntular təzahür edən hallarda təcili və təxirəsalınmaz tibbi yardımın vaxtında və səmərəli şəkildə təşkil edilməsi üçün həmin patologiyalar barəsində dolğun məlumat əldə olunması zəruridir. Bundan başqa, induksiyalanmış psixi pozuntu vəziyyətində cinayət əməli törədilməsi istisna edilmir, belə bir risk yüksək həddə çatır. İnduksiyalanmış psixi pozuntu səbəbindən cinayət əməli törədərək məsuliyyətə cəlb edilən şəxslərin ruhi sağlamlıqları şübhə doğurduğundan bir qayda olaraq onlar barəsində məhkəmə-psixiatrik ekspertizası təyin edilir. Belə hallarda obyektiv nəticəyə gəlməkdən və ədalətli rəy verməkdən ötrü bu qəbildən olan pozuntularla bağlı dünyanın qabaqcıl tədqiqatçılarının irəli sürdükləri konsepsiya və yanaşmaların anlaşılan şəkildə izahının verilməsi çox fayda gətirir.
İnduksiyalanmış psixi pozuntular müxtəlif şəkildə özünü göstərir. Onların hər biri haqqında ayrı-ayrılıqda danışmaq lazım gəlir. Bundan başqa, induksiyalanmış sayıqlama fenomeninə yaxın olan psixi pozuntular da diqqətdən kənarda qalmamalıdır. Bir çox hallarda kultural şərtlənmiş patologiyalara da rast gəlinir. Son illər bəzi kultural psixi pozuntuların arealının genişlənməsi müşahidə edilir. Müasir dövrdə dünyada ölkələr arasında inteqrasiyanın güclənməsi, miqrasiyanın genişlənməsi istər-istəməz kultural psixi pozuntuların gedişinə və klinik mənzərəsinə təsir göstərir. Bundan başqa, ayrı-ayrı ölkələrə məxsus ali təhsil ocaqları arasında mübadilənin təkmilləşdirilməsi əcnəbi tələbələrin sayının artmasına gətirib çıxarır. Əcnəbi tələbənin məxsus olduğu mədəniyyətə uyğun şəkildə psixi patologiyanın üzə çıxması istisna edilmir. Ədəbiyyatda verilən məlumata görə Hindistandan gəlib Rusiya Federasiyasında təhsil alan tələbələrdən bəzisində kultural-spesifik psixi pozuntu halları qeydə alınıb. Azərbaycan dünyanın bir hissəsidir. Buna görə də ölkəmiz planetdə baş verən hadisələrdən kənarda qala bilməz. Son illərdə sürətlə inkişaf edən Azərbaycanın dünyaya inteqrasiyası günbəgün güclənir. Xeyli sayda vətəndaşımız müxtəlif xarici ölkələrə səyahət edir, dünyanın əksər yerlərindən ölkəmizə turistlər gəlir. Bu mənada turist sindromlarının da mümkün ola bilməsi nəzərə alınmalıdır. Belə olan halda kultural şərtlənmiş psixi pozuntu mövzusunun dərindən araşdırılmasının zəruri olduğu qənaətinə gəlinir. Psixiatrik praktikada induksiyalanmış psixi pozuntulara və onlara yaxın olan fenomenlərə həsr edilən və möhtərəm oxuculara təqdim olunan bu kitab məhz belə bir zərurətdən hasilə gətirilib.
Müasir psixiatriya elminin induksiyalanmış psixi pozuntular və onlara yaxın olan fenomenlər məsələsi ilə bağlı nəzəri və əməli nailiyyətləri nəzərə alınaraq hazırlanan kitab ümumi və xüsusi olmaqla iki hissədən ibarətdir.
Ümumi hissədə iki fəsil yer alır. Birinci fəsildə psixi sağlamlıq və onun pozulması səviyyələri haqqında söhbət açılır. İkinci fəsildə «induksiyalanmış psixi pozuntu» anlayışının mahiyyəti təhlil edilir.
Xüsusi hissədə dörd fəsil vardır. Əvvəlcə kollaborativ tipli induksiyalanmış psixi pozuntular hərtərəfli müzakirə olunur. Bunun ardınca provokativ tipli induksiyalanmış psixi pozuntular təhlil müstəvisinə keçirilir. Növbəti fəsil kultural psixi pozuntular probleminə həsr olunur. Nəhayət, sonuncu fəsildə mentasid və tranzitivizm kimi maraqlı fenomenlər haqqında ətraflı məlumat verilir.
Heç kimə sirr deyil ki, bəzi məsələlər, ələlxüsus çətin anlaşılan terminlər barəsində bir qədər ətraflı açıqlama verilməsi onların nisbətən rahat və tez başa düşülməsinə kömək edir. Lakin bunu hər zaman etmək olmur. Birincisi, bir sıra şeylər var ki, onları ümumiyyətlə, açıqlamaq olmaz. Yaponiyada 2003–2004-cü illərdə anime və manqa stilində çəkilmiş «Canavar yağışı» («Wolf’s rain») teleserialında yaxşı deyilib: «Dünyada izah edilməli olmayan çox şey var». İkincisi, çox vaxt mövzunun içərisindəki ardıcıllığı, fikir axınındakı səliqə-sahmanı pozmamaq xatirinə anlatma xarakterli informasiyanı vermək, bunu yerindəcə etmək olmur. Məsələn, materialın içərisində deyək ki, «ekzotik psixoz», «ezoterik pozuntu» kimi çətin anlaşılan sözlərə rast gəlinir. Lakin məhz həmin yerdə mövzunu kənara qoyub bu «qeyri-adi» sözlərin mənası barəsində danışmaq, elə həmin andaca bunların hər biri haqqında ətraflı məlumat vermək mümkün olmur. Əgər elə oradaca əlavə məlumat verilsəydi, onda oxucu istər-istəməz əsas mövzudan uzaqlaşar, onun diqqətinə çatdırılan materialda bir qarma-qarışıqlıq yaranar və bundan çox yorulardı. Belə bir vəziyyət onsuz da asan anlaşılmayan bir mövzunun mənimsənilməsini istər-istəməz xeyli çətinləşdirərdi. Halbuki «qeyri-adi» sözlərə aydınlıq gətirilməsi müzakirəyə çıxarılmış problemin məğzinin mənimsənilməsinə çox yaxşı kömək edə bilərdi. Bundan başqa, fikirlərindən iqtibas gətirilən, mülahizələrindən fayda götürülən, tədqiq edilən mövzu üzrə ciddi araşdırmaları olan şəxsiyyətlər haqqında qısa olsa da məlumatın verilməsinə ehtiyac yaranır. Həmçinin nəzərə almaq lazımdır ki, hər hansı tanınmış simanın adı çəkilərkən əgər onun mövzu ətrafında daha başqa fikri varsa, hətta bəzən həyatında bizə (respublikamıza, əhalimizə, dilimizə, dinimizə və s.) dəxli olan məqamlar yer tutubsa, bütün bunların xatırlanması informativ zənginliyə şərait yaratmaq baxımından ancaq yaxşılığa doğru atılan bir addım kimi qiymətləndirilə bilər. Buna görə kitabın axırında «İzahlı qeydlər» başlığı altında ayrıca məlumat bazasının hal-hazırkı nəşrə salınması zəruri hesab edilir. Kitabın məhz bu yerində vacib məsələlərə yenidən qayıdılır, açıqlanmasına ehtiyac yaranan bəzi anlayışların izahı verilir, şəxsiyyətlər haqqında qısa bioqrafobiblioqrafik informasiya çatdırılır və tam aydınlıq olması üçün kifayət edəcək qədər məlumat verilir. Açıqlanmasını istəyən, belə demək mümkünsə, «imdad diləyən» söz və ifadələrin axırında yuxarı tərəfdə ərəb rəqəmləri ilə işarənin qoyulması onlar barəsində kitabın sonunda izahlı qeydlər olduğunu göstərir. Riyaziyyatdakı qüvvət şəklində olan bu rəqəmli işarə qəliz söz və ifadələrin mənasının açıqlandığı, yaxud şəxsiyyətlər barəsində məlumatın çatdırıldığı müvafiq mətnin sıra sayını göstərir. Bu cür sıra sayı əsasında «İzahlı qeydlər» bölməsində müvafiq məlumatı tapmaq elə çətinlik törətmir.
Bunun ardınca biblioqrafiya yer alır. Aydın məsələdir ki, kitab tərtib edilərkən çoxlu sayda etibarlı mənbəyə müraciət və istinad edilir. Müxtəlif dərslik və monoqrafiyaların, izahlı lüğətlərin materiallarından, son dövrlərdə çap olunmuş elmi əsər və məcmuələrdən, qəzet və jurnal məqalələrindən geniş istifadə edilir. Qəbul olunmuş qaydalara uyğun surətdə ayrı-ayrı müəlliflərə və müxtəlif məxəzlərə istinad mətndə kvadrat (orta) mötərizə içərisində, yəni […] şəklində verilir, zərurət yarandığı halda mənbənin sıra nömrəsindən sonra iqtibas gətirilən səhifə göstərilir, eyni vaxtda bir neçə qaynaqdan istifadə edildiyi təqdirdə onlar bir-birindən nöqtəli vergüllə ayrılır. Biblioqrafiya əvvəlcə Azərbaycan dilində, sonra əcnəbi dillərdə göstərilir.
Təqdim edilən materialın mənimsənilməsini asanlaşdırmaq məqsədilə kitabda şəkil, sxem, cədvəl və digər illüstrativ material verilir. İllüstrativ material bir qayda olaraq mətni aydın, inandırıcı və aşkar surətdə tamamlayır, əlavə edilməklə onu təkmilləşdirir, əyani olaraq, daha dolğun şəkildə qavramağa şərait yaradır, tez yadda saxlamağa kömək edir.
Əlinizə aldığınız kitab induksiyalanmış psixi pozuntular və onlara yaxın olan fenomenlər məsələsi üzrə bir vəsait olaraq hazırlanıb. Bu kitab əsasən həkim-psixiatrlar, həmçinin digər ixtisaslar üzrə çalışan həkimlər (addiktoloqlar, ailə həkimləri, nevroloqlar və başqaları) üçün nəzərdə tutulmuşdur. Ondan həmçinin başqa mütəxəssislər (etnopsixoloqlar, sosiopsixoloqlar, sosioloqlar, kulturoloqlar, seksoloqlar), eyni zamanda hüquqşünaslar, habelə tibb universitetlərinin tələbə və rezidentləri də istifadə edə bilərlər. «İnduksiyalanmış psixi pozuntular və onlara yaxın olan fenomenlər» kitabı psixi fəaliyyətin induksiyalanmış və bir çox hallarda mədəniyyətlə şərtlənmiş patologiyaları ilə maraqlanan hər kəs üçün fayda gətirə bilər.
Əlbəttə, induksiyalanmış psixi pozuntular və onlara yaxın olan fenomenlər probleminə dair doğma dilimizdə olan belə bir kitab xətasız sayıla bilməz. Elə buna görə də möhtərəm oxucuların tənqidi fikir və qeydləri, həmçinin kitabın gələcəkdə təkmilləşdirilməsinə xidmət edə biləcək faydalı məsləhətləri, maraqlı baxışları və konstruktiv göstərişləri müəlliflər tərəfindən böyük minnətdarlıq və səmimiyyətlə qarşılanacaqdır.
Şahin Böyükağa oğlu Əlibəyli
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin stasionar ekspertiza şöbəsinin müdiri, ekspert həkim-psixiatr
Mahmudzadə Firuzə Fizuli qızı
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin stasionar ekspertiza şöbəsinin ekspert həkim-psixiatrı
Only logged in customers who have purchased this product may leave a review.